“Gözəl” rəqəmlərin altında əslində nə var? Ermənistandakı iqtisadi göstəricilərin patoloji mənzərəsi

2025/09/1758616510.jpg
Oxunub: 526     13:53     03 Mart 2026    
Ermənistan iqtisadiyyatı zahirən təsirli göstəricilər nümayiş etdirməyə davam edir və 2025-ci ilin yekun rəqəmləri zahirən hakimiyyət üçün və sadəcə rəqəmsal göstəricilərə böyük əhəmiyyət verən, lakin onların strukturuna dərindən varmayanlar üçün ruhlandırıcı görünə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri ““Gözəl” rəqəmlərin altında əslində nə var? İqtisadi göstəricilərin patoloji mənzərəsi” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, 2025-ci ildə iqtisadi fəallıq göstəricisi 9,2 faiz, ÜDM-in real artımı isə rəsmi proqnozlaşdırılan 5,1 faiz əvəzinə 7,2 faiz təşkil edib. Lakin məhz bu rəqəmlərin daxili strukturu müəyyən narahatedici problemlərdən xəbər verir ki, bu da “Luyis” fondunun apardığı təhlildə qeyd olunur.

“Məsələ ondadır ki, bir sıra qısamüddətli amillərə əsaslanan iqtisadi artımla sabit, strukturlaşdırılmış, uzunmüddətli iqtisadi artım tamamilə fərqli anlayışlardır. Ermənistan timsalında 2025-ci ilin nəticələri və 2026-cı ilin yanvar ayının ilk siqnalları göstərir ki, bu iki anlayış arasındakı məsafə azalmır, əksinə qalır, bəzi hallarda isə hətta artır.

2026-cı ilin yanvarında iqtisadi fəallıq göstəricisi 7,6 faiz artıb, bu da 2025-ci ilin yanvarındakı 7,3 faizlə müqayisədə ilk baxışdan sürətlənmə siqnalı kimi görünə bilər. Lakin yanvar statistikasında müəyyən mənfi meyllər də nəzərə çarpır. Siqnallardan biri odur ki, 2026-cı ilin yanvar ayının göstəricisi 2022, 2023 və 2024-cü illərin yanvar göstəricilərindən aşağıdır. Bu baxımdan bir çox iqtisadçılar hesab edirlər ki, “artım dalğasının” zirvəsi artıq keçib və indi 2025-ci ilin yekun rəqəmi nə deyirsə-desin, nisbi zəifləməyə doğru hərəkət edirik”, - deyə KİV yazıb.

Müəllif vurğulayıb ki, artımın strukturu sahəvi töhfələr baxımından məzmun etibarilə qeyri-bərabərdir.

“2026-cı ilin yanvarında sənaye iqtisadi fəallığın ümumi artımına 3,1 faiz bəndi, xidmətlər 2,7 faiz bəndi, tikinti 1,3 faiz bəndi, ticarət isə cəmi 0,4 faiz bəndi töhfə verib. Bu rəqəmlərin bölgüsü nəinki balanslı deyil, həm də son dərəcə qütbləşmiş və yalnız müəyyən istiqamətlərdə cəmlənmiş vəziyyətdədir. Ticarət sahəsi 2026-cı ilin yanvarında 0,7 faiz artım göstərib ki, bu da 2025-ci ilin yanvarındakı 14,6 faizlik artım fonunda kifayət qədər aşağıdır.

Digər tərəfdən, dərin struktur problemi mövcuddur. Axı Ermənistanda ticarət sahəsi əsasən idxaldan, məhsuldarlıqdan və ixrac axınlarından asılıdır. Bu üç dəyişən isə, gördüyümüz kimi, 2026-cı ilin əvvəlindən etibarən əlverişsiz istiqamətə yönəlib. Diqqətəlayiqdir ki, 2026-cı il ixracın 13,5 faiz azalması ilə başlayıb. Bu, istənilən izahdan asılı olmayaraq, investisiya mühitini yaxşılaşdırmağa və ixracyönümlü iqtisadi baza formalaşdırmağa çalışan ölkə üçün çox ciddi göstəricidir”, - deyə məqalədə qeyd edilib.

Nəşr yazıb ki, Ermənistanın ixrac həcmləri 2022-2025-ci illər üzrə nəzərdən keçirildikdə eyni patoloji mənzərəni göstərir.

“2024-cü ilin rekord ixrac göstəricisinin əsasında erməni istehsalçısının, erməni məhsulunun, erməni brendinin və ya Ermənistan xidmətlərinin xarici bazara inteqrasiyası və tanınması yox, qızıl və digər qiymətli metalların təkrar ixracı dayanırdı. Təkrar ixrac bumı sadəcə qeyri-sabit rəqəmsal rekord idi və 2025-2026-cı illərdə ixracın azalması “rekordun” arxasında nə dayandığını birbaşa göstərdi, xarici amilin təsiri azalan kimi nəticə də dəyişdi.

İdxalın 11,2 faiz azalması da çoxşaxəli problemlərdən xəbər verir. Bu o deməkdir ki, Ermənistanda istehlak azalıb, xüsusilə də daxili istehsal həcmlərində genişlənmə baş vermədiyi şəraitdə. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, idxal həm də təkrar ixracın azalmasının göstəricisidir, çünki bəzi mallar əvvəlcə Ermənistana idxal edilir, sonra isə təkrar ixrac olunurdu. Beləliklə, bu təkrar ixrac zəncirində Ermənistanın “körpü rolu” zəifləyir”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, vergi gəlirləri baxımından da vəziyyət parlaq deyil. 2026-cı ilin yanvarında vergi gəlirlərinin artımı 7,8 faiz təşkil edib ki, bu da həm 2025-ci ilin yanvar göstəricisindən, həm də 2025-ci ilin bütün il üzrə aylıq orta göstəricisindən aşağıdır. Bu, artım tempinin qorunmasına baxmayaraq, iqtisadiyyatın lazımi vergi bazasını təmin edə bilmədiyini göstərir.

“Bütün bunların fonunda dövlət borcunun artımı iqtisadiyyat üzərində borc yükünün sürətlə ağırlaşdığını ümumiləşdirilmiş şəkildə göstərir. Yanvarın sonuna hökumətin ümumi borcu 14,1 milyard dollar təşkil edib və təkcə dekabrla müqayisədə bir ay ərzində 211,9 milyon dollar artıb ki, bu da 1,5 faizlik aylıq artımdır. Aylıq 1,5 faiz borc artımı ilə illik 7,2 faiz ÜDM artımı arasında bir neçə naməlumlu bu “bərabərlik” təhlükəli siqnaldan xəbər verir. Əgər borc ÜDM-dən daha sürətli tempdə artırsa, onda iqtisadi artımın nəticəsi fiskal çeviklik və resurs formalaşdırmır, çünki o, əsasən mövcud öhdəliklərin xidmətinə sərf olunur”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin