Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Rəqəmlərlə manipulyasiya: Vətəndaşları necə aldadırlar?” başlıqlı məqaləsində yazıb.
“Ermənistanda vergi-ÜDM göstəricisi 2025-ci ildə 1 faiz bəndi yaxşılaşaraq 24,5 faizə çatıb”, - deyə DGK sədri qeyd edirdi və fəxrlə bildirirdi ki, 1 faiz bəndlik artım 2018-ci ildən etibarən vergi-ÜDM göstəricisinin ikinci ən böyük yaxşılaşmasıdır və bu, hökumətin bu il üçün proqramla hədəflədiyi 25 faizlik vergi-ÜDM səviyyəsinə çatmağa imkan verəcək.
DGK sədri bu açıqlamanı verəndə ÜDM göstəricisi hələ dərc olunmamışdı. Lakin bu, belə pafoslu rəqəmlər səsləndirməyə mane olmurdu”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, Ermənistan DGK sədrindən əvvəl maliyyə naziri də eyni saxta nikbinliklə oxşar açıqlamalar yaymışdı. O da deyirdi ki, Ermənistanda vergilərin ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 24,5 faiz olacaq və hökumətin 25 faizlik hədəfinə yaxınlaşacaq.
“Ötən ilin ÜDM göstəricisi dərc olundu və məlum oldu ki, həm maliyyə naziri, həm də DGK sədri yalan danışıblar. Keçən il vergi yığımının yaxşılaşması elan edilən 1 faiz bəndindən xeyli aşağı olub. ÜDM göstəricisi dərc olunmamışdan əvvəl niyə belə açıqlamalar verib və saxta nikbinliklə vətəndaşları aldatdıqlarını anlamaq çətin deyil.
Qeyd edək ki, dövlət büdcəsinə əsasən hökumət vergi inzibatçılığının yaxşılaşdırılması, kölgə iqtisadiyyatı ilə mübarizə və vergi siyasəti tədbirləri nəticəsində 2025-ci ildə vergi-ÜDM nisbətinin 0,7 faiz bəndi yaxşılaşdırılmasını gözləyirdi.
İndi baxaq, nə baş verib.
Rəsmi statistikaya görə, 2025-ci ildə Ermənistanın ÜDM-i 11 trilyon 317 milyard dram təşkil edib. Təxminən 2 trilyon 725 milyard dram vergi və rüsum yığılıb. Yığılmış vergilər və rüsumlar ÜDM-in 24,07 faizini təşkil edib”, - deyə məqalədə vurğulanıb.
Nəşr yazıb ki, hətta 24,1 faizə belə çatmayıb. Halbuki DGK sədri yaxın vaxtlarda ötən ilin nəticələrinə görə vergilərin ÜDM-də 24,5 faizə çatdığını deyirdi.
“Hədəf göstərici də yerinə yetirilməyib. Artıq aydındır ki, 2026-cı il üçün vəd edilən 25 faizlik vergi-ÜDM səviyyəsini də yerinə yetirə bilməyəcəklər.
Amma ən pisi bu da deyil. Vergi yığımında misilsiz artımlardan, yüksək icra göstəricilərindən, bəzən hətta artıqlaması ilə icradan danışırlar, lakin ÜDM-də vergi yığımının səviyyəsi, kölgə iqtisadiyyatı ilə mübarizənin və həyata keçirilən vergi inzibatçılığının qiymətləndirilməsi baxımından ən vacib göstərici, əgər ümumiyyətlə yaxşılaşırsa, çox ləng yaxşılaşır. Son 2 ildə ÜDM-də vergilər demək olar ki, dəyişməyib, təxminən eyni səviyyədə qalıb.
2023-cü ildə ÜDM-də vergilər 24 faiz təşkil etmişdi. 2024-cü ildə bu göstərici nəinki yaxşılaşmadı, əksinə azaldı. Yəni ÜDM-də vergi yığımı pisləşdi. 2024-cü ildə vergi-ÜDM 23,5 faiz oldu”, - deyə KİV qeyd edib
Müəllif bildirib ki, ötən ilin nəticələrinə görə isə bu göstərici 24,07 faizdir.
“Belə çıxır ki, 2 il ərzində ÜDM-də vergi yığımını cəmi 0,07 faiz bəndi yaxşılaşdırmağa nail olublar, 2023-cü ildəki 24 faizdən 2025-ci ildə 24,07 faizə çatdırıblar ki, bunu yaxşılaşma adlandırmaq belə çətindir. Hələ demirik ki, ötən ilin göstəricisinə qaytarılmış gəlir vergisi məbləğləri də daxildir.
Bütün bunlardan sonra kölgə iqtisadiyyatı ilə mübarizədə demək olar ki, sıfıra yaxın nəticə əldə ediblər. Bu isə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kiçik və orta biznes üzərində vergi yükünün kəskin ağırlaşdırılması şəraitində baş verib.
Məlum olduğu kimi, ötən il dövriyyə vergisinin yükü ikiqat artırıldı, iqtisadiyyatın bəzi sahələri ümumiyyətlə dövriyyə vergisi rejimindən çıxarılaraq xeyli ağır vergi yükü olan ümumi vergi sisteminə keçirildi. Hətta mikro sahibkarlıq subyektlərini də əsirgəmədilər , onları 20 faizlik gəlir vergisi ilə vergitutmaya cəlb etdilər, mikro sahibkarlıq sahəsində fəaliyyət göstərənlər üçün güzəştli vergi rejimini ləğv edib daha ağır dövriyyə vergisi rejiminə keçirdilər.
Kiçik və orta biznesin vergi yükünü artırmaqla yanaşı, məlumdur ki, hər il avtomatik olaraq aksizli mallara, yanacaq, siqaret, araq və bir çox digər məhsullara aksiz vergiləri artırılır. Digər dəyişikliklərdən isə danışmırıq”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, bütün bunlardan sonra 2 il ərzində vergi-ÜDM göstəricisi demək olar ki, dəyişməz qalıb.
“2024-cü ildə azalmadan sonra, 2025-ci ildə 2023-cü il səviyyəsinə qayıdıb.
Bəs kölgə iqtisadiyyatı ilə barışmaz mübarizə, vergi inzibatçılığının təkmilləşdirilməsi və yaxşılaşdırılması ilə bağlı pafoslu bəyanatlar harada qaldı? Axı vergi yığımının effektivliyi nominal ifadədə nə qədər vergi toplandığı ilə deyil, ÜDM-də yığılmış vergilərin payı ilə ölçülür. Fakt budur ki, 2 ildə yaxşılaşma olmayıb. Bu isə o deməkdir ki, həyata keçirilən vergi islahatları mənasız və səmərəsiz olub.
Hətta uzunmüddətli dövrdə də hökumət vergi-ÜDM göstəricisində əhəmiyyətli yaxşılaşmaya nail ola bilməyib. 2021-ci ildə 22,7 faiz idi, 2025-ci ildə isə 24,07 faizdir. Fərq cəmi 1,37 faiz bəndidir.
Dörd ildə cəmi 1,37 faiz bəndi yaxşılaşma təmin edə biliblər. Orta hesabla ildə cəmi 0,34 faiz bəndi… Demək olar ki, həmişə təmin edilən qədər… Baxmayaraq ki, durmadan misilsiz vergi artımlarından və yüksək icra göstəricilərindən danışırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az