“Past”: Ermənistan Milli Təhlükəsizlik Xidməti Paşinyana hansı sorğuların nəticələrini təqdim edib?

2026/02/1772182231.jpg
Oxunub: 505     10:50     03 Mart 2026    
Nikol Paşinyan və 50 hakim partiya üzvü bu günlərdə partiyadaxili təbliğat kampaniyası ilə məşğuldurlar. Region qaynadığı bir vaxtda Paşinyan və komandası “peraşki” və “kukuruz” yeməklə, eyni zamanda görüş səhnələşdirmələri təşkil etməklə məşğuldur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Reytinq yerə bərabər olur, xilas etmək lazımdır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, hakim partiyada əslində hər şey təqdim etməyə çalışdıqları qədər də buludsuz deyil.

“Past”ın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Paşinyana son sorğuların nəticələrini təqdim edib.

“Həmin nəticələrə əsasən, hakim partiya bütün istiqamətlər üzrə ümidsiz şəkildə uduzur. Mənbəmizin bildirdiyinə görə, hakim partiyanın reytinqi 14 faiz qiymətləndirilsə də, əsas müxalif qüvvələr tədricən ciddi sürət toplayıb və artıq bir neçə həftə sonra Paşinyanın rəhbərlik etdiyi partiya hətta sorğularda da lider olmayacaq. Sorğuların mövzusu hakim partiyanın seçki siyahısında ən yüksək səs toplamış 50 nəfərin bölgələrə səfər etdiyi “şən avtobus”da da müzakirə olunub.

Əldə etdiyimiz məlumata görə, öz reytinqini artırmaq üçün başqa yol tapmayan Paşinyan demək olar ki, bütün nazirlərə ictimaiyyətə təqdim etmək üçün yeni populist təkliflər hazırlamağı tapşırıb. Məsələn, o, doğma şəhəri İcevanda hökumətin hər il inflyasiya həcmində pensiyaları artırmaq qərarı qəbul edəcəyini bəyan edib”, - deyə KİV vurğulayıb.

“Mən qərar qəbul etmişəm. 2027 və ya 2028-ci ildən, bunu müəyyən edəcəyik... çünki biz pensiyalar baxımından istehlak səbətinə çatmışıq, indi isə geri düşməmək üçün hər il ən azı inflyasiya qədər pensiyanı artıracağıq”, - deyə Paşinyan bildirib.

Nəşrə görə, Ermənistan Maliyyə Nazirliyi isə pensiyaların indeksasiyası qərarına qarşı olub, lakin Paşinyan naziri sakitləşdirib ki, qarşıda seçkilər var, pensiyaçıların qəlbini qazanmaq lazımdır.

“Digər nazirliklərə də müxtəlif “təşəbbüslər” başlatmaq və onları seçkilərdən əvvəl geniş təbliğ etmək tapşırığı verilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin