Erməni ekspert: “Hər halda, Ermənistanın sərhədləri yaxınlığında belə hadisələr baş verirsə, bu, təhlükəlidir”

2026/03/1772518200.jpg
Oxunub: 511     10:07     03 Mart 2026    
“İrana qarşı ABŞ və İsrail tərəfindən hücum həyata keçirilməsi fonunda Türkiyə kifayət qədər susqun davranır, mən bunu çoxdan müşahidə edirdim”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, erməni akademik, türkiyəşünas Ruben Safrastyan deyib.

Bu kontekstdə Safrastyan 2025-ci ilin iyununda İran əleyhinə ABŞ və İsrail qüvvələrinin başladığı 12 günlük müharibəni xatırladıb.

Onun sözlərinə görə, həmin vaxt Türkiyə kifayət qədər neytral mövqe tutmuşdu. Hətta sərhədini bağlamış, silahlı qrupların İrana keçməsinə imkan verməmişdi.

Safrastyan bildirib ki, ABŞ hələlik prosesə öz qüvvələrinin ciddi şəkildə cəlb olunmasına getməyib.

“Məsələn, aviasiya vasitəsilə bombardmanlar hələ baş verməyib. Məncə, ABŞ-nin B-1 və B-2 bombardmançı təyyarələri tərəfindən zərbə xarakterli bombardmanlar olacaq. Bu, ölkə daxilində vəziyyəti dəyişə bilər və amerikalılar İran hökumətinə qarşı kütləvi çıxışlara başlaya bilərlər. O zaman İranda türkdilli əhalinin yaşadığı ərazilər də aktivləşə bilər”, - deyə Safrastyan qeyd edib.

Ermənistana gəlincə, o vurğulayıb ki, əgər İranda vəziyyət mənfi ssenari üzrə inkişaf etsə, İran-Ermənistan yolu bağlana bilər ki, bu da Ermənistan üçün çox vacibdir.

“Həmçinin sərhəddə çoxlu sayda qaçqın toplana bilər və Ermənistanda buna operativ reaksiya verə bilməlidirlər. Hər halda, Ermənistanın sərhədləri yaxınlığında belə hadisələr baş verirsə, bu, təhlükəlidir. Ayıq-sayıq olmaq və hər şeyə hazır olmaq lazımdır”, - deyə Safrastyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Safrastyan  


Bizi "telegram"da izləyin