Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Ara Sahakyan deyib.
“Əgər İranda teokratik rejim devrilərsə və hakimiyyətə Qərbyönlü hökumət gələrsə, bu, Qərblə münasibətlərimiz üçün müsbət mühit yaradacaq. Çünki İrana qarşı tətbiq olunan sanksiyalar aradan qalxacaq və nəticə etibarilə həmin sanksiyaları bizim tərəfimizdən dolanmaq zərurəti də yox olacaq. Qərbyönlü hökumət ölkəni sürətlə regional logistika zəncirlərinə inteqrasiya edəcək.
Düşünürəm ki, Seraxs adı (Türkmənistanda və İranda eyni adlı iki yaşayış məntəqəsi və dəmir yolu qovşağı mövcuddur) TRIPP-dən (Zəngəzur dəhlizi-red.) daha tez-tez səslənəcək”, - deyə o qeyd edib.
Sahakyan bildirib ki, Türkiyə və Azərbaycanın maraqlarına xidmət etmək məqsədilə yaradılmış TRIPP artıq anti-İran və ya İranın maraqlarını kənarda qoyan layihə kimi qəbul edilməyəcək.
“Əksinə, İran ABŞ-nin 76 faizlik payından pay almağın və ya genişləndirilmiş formatda layihəyə qoşulmağın yolunu tapa bilər.
Cənubi Qafqazda Fars körfəzi ilə Qara dəniz arasında körpü rolunu oynamağa mane olan son əngəl də aradan qalxır və bəlkə də Ermənistana həmin körpü üzərindən keçən tranzit marşrutlardan birinin təhlükəsizliyini təmin etmək etibar ediləcək.
Əgər İranda teokratik rejim devrilərsə və dünyəvi, millətçi bir rejim formalaşarsa, İran Türkiyə ilə rəqabət imkanlarını qoruyub saxlayacaq, Azərbaycanın güclənməsindən ehtiyat etməyə və narahat olmağa davam edəcək, eyni zamanda Ermənistanın ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər TRIPP-in arxasında duran qüvvələr İranı strateji baxımdan sıxışdırıb çıxarmaq niyyətindən imtina etsələr, onun şimal kommunikasiya xətlərinə təhdid yaratmasalar, Tehran mülayim müsbət mövqe tuta bilər.
Əgər İranda teokratik rejim devrilərsə və xaos başlayarsa, bu, ən riskli və bütün qonşular üçün qəbuledilməz ssenari olacaq: idarəolunmazlıq, daxili qeyri-sabitlik, sərhədlərə nəzarətin zəifləməsi. Bu halda TRIPP dondurula və ya təxirə salına bilər, çünki iri infrastruktur layihələri proqnozlaşdırıla bilən mühit tələb edir”, - deyə o qeyd edib.
Sahakyan vurğulayıb ki, bütün hallarda İranda idarəetmə sisteminin dəyişməsi onun Cənubi Qafqaza olan marağını aradan qaldırmayacaq, lakin prioritetləri dəyişə bilər.
“TRIPP-in taleyi üç dəyişəndən asılı olacaq: İranın yeni hakimiyyətinin mahiyyəti, ABŞ-nin prosesdə iştirakının dərinliyi və bizim layihəni daha geniş regional arxitekturanın tərkib hissəsinə çevirməyi nə dərəcədə bacaracağımız, eləcə də onun kiməsə qarşı alətə çevrilməsinə yol verməməyimiz”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az