Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin ədliyyə naziri Srbuhi Qalyan deyib.
Hökumətin bu məsələ ilə bağlı Konstitusiya İslahatları Şurasına müraciət edib-etməyəcəyi barədə suala Qalyan cavab verib ki, bu hissədə də qərar verilməyib.
“Biz hələlik Müstəqillik Bəyannaməsinə istinadın silinməsini təklif edib-etməyəcəyimizlə bağlı dəqiq bir gündəm formalaşdırmamışıq. Hər halda, bu, həm jurnalistlərlə, həm də digər tərəflərlə çox uzun müddətdir müzakirə etdiyimiz məsələdir. Amma bizim etdiyimiz bir çox təkliflər var ki, şura onları qəbul etməyib. Olmayan yerdə intriqa axtarmayın, biz şəffaf işləyirik”, - deyə Qalyan bildirib.
Erməni nazir yeni konstitusiya mətninin mart ayında dərc olunacağını təsdiqləyib və hansı hissələrin hazır olduğunu açıqlayıb: “Konstitusiyanın preambulası və birinci fəsli hələ hazır deyil. İkinci və üçüncü fəsilləri birləşdirmək yolunu seçmişik. Bu o deməkdir ki, dövlətin vətəndaşları qorumaqla bağlı pozitiv öhdəliyi artır. Məsələn, səhiyyə hüququ və s. gücləndirilib. Yəni dövlət bu mənada daha böyük yük götürməyə hazırdır”.
Qalyanın sözlərinə görə, Konstitusiya İslahatları Şurası hökumət başçısının funksiyaları ilə bağlı bəzi müddəaları hələ müzakirə etməyib. Yeni Konstitusiya mətni ilkin variant olacaq və təkliflər əsasında dəyişikliklər ediləcək.
Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasının müqəddiməsində Müstəqillik Bəyannaməsinə istinad var.
Xatırladaq ki, 2025-ci ilin mart ayının sonunda Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan hakimiyyətinin 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlamışdı. Eyni zamanda o, 2026-cı il parlament seçkiləri ilə paralel referendum keçirilməsi ideyasının da komandasında müzakirə olunduğunu əlavə etmişdi. Həmin vaxt Paşinyan islahatın daxili siyasət məsələsi olduğunu desə də, aprel ayında parlamentdə çıxışı zamanı yeni konstitusiyada bəyannaməyə istinadın olmamalı olduğunu bildirmişdi.
Azərbaycan qətiyyətlə tələb edir ki, Ermənistan konstitusiyasında dəyişiklik etsin, çünki orada Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar mövcuddur.
Alpər Mövludoğlu
Ordu.az