Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin 5-ci ordu korpusunun komandiri, 2-ci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifələrində çalışmış Haykaz Bağmanyana bildiriş göndərilib.
Bildirişdə qeyd olunur ki, Ermənistan Baş Prokurorluğunda ona məxsus əmlakla bağlı araşdırma aparılır və nəticədə ilkin xülasə tərtib edilib.
O, bildirişi aldığı andan etibarən Baş Prokurorluğun müvafiq idarəsinə gələrək araşdırma materialları ilə tanış olmaq və toplanmış məlumatlarla bağlı öz mövqeyini bildirmək hüququna malikdir.
Haykaz Bağmanyandan başqa, Baş Prokurorluğa onunla əlaqəli olan daha 4 nəfər də çağırılıb: Pavel Haykazi Bağmanyan, Armine Lyovayi Qahramanyan, Zara Fahradi Adiyan və Narine Alberti Adamyan. Yeri gəlmişkən, Ermənistan Antikorrupsiya Cinayət Məhkəməsində Haykaz Bağmanyan barəsində cinayət işinə də baxılır.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, çirkli pulların yuyulmasında və bəyan edilməli olan məlumatları gizlətməkdə ittiham olunur.
Alpər Mövludoğlu
Ordu.az