“Təhlükəsizlik” deyəndə bunu nə qədər çox ordu ilə əlaqələndiririksə, bu, bir o qədər təhlükəsizlik çatışmazlığının göstəricisidir” - Paşinyan

2026/03/Ekran-1772478026.jpg
Oxunub: 432     22:58     02 Mart 2026    
“Hamımızın diplomatiyanın və diplomatik xidmətin ölkəmizin inkişafı və inkişaf prosesində rolu və əhəmiyyətini getdikcə daha dolğun şəkildə dərk etməyimiz çox vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Diplomatik Xidmət Gününə həsr olunmuş tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mən hesab edirəm ki, ümumilikdə diplomatiyaya və diplomatik xidmətin ölkənin təhlükəsizliyi və normal inkişafındakı roluna daha diqqətli yanaşmalıyıq. Çünki əvvəllər də demişəm ki, reallığın bir qədər təhrif olunmuş qavranılmasının nəticəsidir ki, biz “təhlükəsizlik” deyəndə adətən birinci növbədə ordunu, ikinci növbədə ordunu, üçüncü növbədə ordunu, dördüncü növbədə isə qalan bütün sahələri nəzərdə tutmuşuq. Lakin daha gec başa düşmüşük ki, “təhlükəsizlik” deyəndə bunu nə qədər çox ordu ilə əlaqələndiririksə, bu, bir o qədər təhlükəsizlik çatışmazlığının və ya təhlükəsizlik vəziyyətinin qənaətbəxş olmamasının göstəricisidir. Əksinə, “təhlükəsizlik” anlayışında nə qədər çox yumşaq amilləri nəzərdə tuturuqsa, bu, təhlükəsizliyin daha etibarlı səviyyədə olduğunu göstərir.

Diplomatik xidməti bir qədər kəskin və kobud müqayisə etsək, avtomobillərdə tanıdığımız “iqlimə nəzarət” sistemi ilə müqayisə etmək olar. Çünki diplomatik xidmətin bütün mənası və əhəmiyyəti ondan ibarətdir ki, xarici mühitdə və onun təsiri ilə daxili mühitdə şərait mümkün qədər əlverişli olsun: qışlar mümkün qədər isti, yaylar mümkün qədər sərin, yağışlar mümkün qədər mülayim, sular idarəolunan, küləklər isə yumşaq olsun və sairə. Düşünürəm ki, biz bu yolla irəliləyirik, lakin bunun üçün dünyanı daha yaxşı tanımalı, prosesləri daha yaxşı dərk etməli, dünyada baş verən dəyişiklikləri daha yaxşı görməli və həmin dəyişikliklərlə paralel şəkildə transformasiya olunmalıyıq. Çünki inkişaf dəyişmə prosesidir. Əgər dəyişiklik baş vermirsə, deməli inkişaf da baş vermir. Hazırda biz bu istiqamətdə hərəkət edirik və bu yolda davam etməliyik”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin