Ordu.az xəbər verir ki, bunu Ermənistanın “HayaKve” birliyinin idarə heyətinin üzvü, beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Manvelyan deyib.
“İlk növbədə energetika sahəsindəki əməkdaşlıqdan başlayaq. Sirr deyil ki, Ermənistan və İran arasında “qaz müqabilində elektrik enerjisi” adlı svop proqramı mövcuddur. Hazırda bu sistemin nə dərəcədə işləyəcəyini demək çətindir, çünki istisna deyil ki, İrana yönələn zərbələr müəyyən məqamda enerji infrastrukturuna, qaz və neft kəmərlərinə və s. çata bilər.
Digər ən böyük problem neft qiymətlərinin bahalaşması ilə bağlıdır. Bu günlərdə artıq həmin bahalaşmanın şahidi oluruq: “Brent” markalı neftin qiyməti 60 dollardan artıq təxminən 80 dollara yüksəlib. Bu isə o deməkdir ki, zaman keçdikcə benzin və digər yanacaq növlərinin də qiyməti qalxacaq.
Növbəti məsələ Ermənistanın İranla kommunikasiya imkanlarından məhrum olması ehtimalıdır. Biz İranla nəinki ticarət edirik, həm də, məsələn, İraqla ticarətdə İrandan tranzit ölkə kimi istifadə edirik. Eyni zamanda, İrandan Ermənistan vasitəsilə Gürcüstana gedən tranzit məsələsi də var. Bu ticarət dövriyyəsi və tranzit imkanları dayana bilər”, - deyə Manvelyan qeyd edib.
O bildirib ki, nisbətən neytral olmaq lazımdır.
“Lakin bu müharibənin bizə hansısa xeyir gətirə biləcəyi xülyasına da qapılmamalıyıq. Müşahidə etdim ki, bəzi savadsız şəxslər guya hazırda hava tranzitinin Ermənistan üzərindən keçdiyi və bunun bizə xeyir verdiyi barədə şayiələr yayırdılar. Bu, yalandır, hava tranziti Ermənistandan keçmir, bundan əsasən Gürcüstan və Azərbaycan yararlanır”, - deyə Manvelyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az