Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birlik Qanadları” siyasi təşəbbüsünün üzvü Davit Ananyan yazıb.
Onun sözlərinə görə, ABŞ-İsrail zərbələri İran istiqamətində faktiki olaraq genişmiqyaslı sabitsizliyin qapısını açıb.
“Sözün birbaşa mənasında region qaynamaqdadır.
Bu fonda Ermənistan hakimiyyətinin yaydığı fotolara baxırsan və açığı, bir anlıq donub qalırsan. Geosiyasi ağırlıq mərkəzi bizim birbaşa qonşuluğumuza keçərkən, böyük oyunçular dünyanı yenidən formalaşdırarkən, Ermənistan hakimiyyəti seçki “ekskursiyaları”, avtobuslar, təbəssümlər və reallıqdan uzaq səhnələrlə məşğuldur.
Məsələ hətta siyasi qarşıdurma deyil. Problem adekvatlığın olmamasıdır.
Regionda yanğın baş verəndə dövlət rəhbəri təbliğat rejimində yox, böhran idarəetmə mərkəzində olmalıdır. Riskləri hesablamalı, növbəti addımları anlamalı, ölkənin təhlükəsizlik, iqtisadi və diplomatik mövqeyini təmin etməlidir”, - deyə Ananyan qeyd edib.
Ananyan bildirib ki, İran Ermənistanın birbaşa qonşusudur.
“Orada baş verənlər Ermənistan üçün “xarici” ola bilməz. Bu, təhlükəsizliyimizə, kommunikasiyalara, enerji sabitliyinə və hətta dövlətçiliyimizin perspektivinə birbaşa təsir göstərir.
Bu gün regionda elə proses başlayıb ki, məntiqi aydındır: qüvvələr yenidən düzülür, oyun qaydaları dəyişir və zəif dövlətlər ilk zərbə altında qalır.
Sual sadədir: Ermənistan bu prosesdə subyektdirmi, yoxsa müşahidəçi?
Daha doğrusu, təhlükənin real ölçüsünü belə qeydə almayan hakimiyyət şəraitində subyekt ola bilərmi?
Dövlətçilik şüurlu və ya şüursuz hakimiyyət qeyri-ciddiliyini qəbul etmir. Tarix isə daha da çox”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az