Erməni politoloq: “İranda baş verən proseslər fonunda Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyi üçün heç nə etmir”

2026/02/1772296151.jpg
Oxunub: 446     20:27     28 Fevral 2026    
Bu gün səhər saatlarında ABŞ İsraillə birlikdə İrana hücum edib. Daha əvvəl ABŞ KİV-ləri İrana qarşı hücumun planlaşdırıldığını bildirmişdi.

KİV-lər amerikalı rəsmilərə istinadən əməliyyatın bir neçə ay əvvəl planlaşdırıldığını, onun icrasına isə bir neçə həftə əvvəl icazə verildiyini xəbər verirlər.

Məlumata görə, Tehranda təsdiqlənmiş hədəflər bunlardır: İranın Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali rəhbərin ofisi və İranın Atom Enerjisi Təşkilatı.

Ordu.az-ın məlumatına görə, Ermənistanın “Demokratik Alternativ” Partiyasının sədri, erməni politoloq Suren Surenyants bildirib ki, əsas məsələ əməliyyatların simvolik zərbələrlə yekunlaşıb-yekunlaşmayacağı, yoxsa uzunmüddətli müharibəyə çevriləcəyidir.

“Hazırda konkret proqnoz vermək çətindir, lakin ABŞ və İsrail rəsmilərinin bəyanatları, təəssüf ki, nikbinlik yaratmır.

İranda sanki rejimin dəyişdirilməsi ilə bağlı işarələr var, çünki Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu müqavimət göstərməməyə çağırır və s. Hər bir halda, bu hücumun qısamüddətli, yoxsa uzunmüddətli olacağı Ermənistan üçün təhlükəsizlik riskləri yarada bilər”, - deyə Surenyants bildirib.

Erməni politoloqun fikrincə, turbulent vəziyyətlərdə təhlükəsizlik baxımından daha həssas olan ölkələr əlavə ağır risklərin təzyiqi altına düşür.

“Əgər İrana qarşı müharibə uzunmüddətli olarsa, İran yolu bağlanacaq və Azərbaycan Naxçıvanla əlaqəni təmin edəcək.

Humanitar böhran yarana bilər, İranda on minlərlə soydaşımız yaşayır, uzunmüddətli müharibə olarsa, onların məsələsi həll olunmalıdır. Hələ onu demirəm ki, uzunmüddətli müharibə şəraitində minlərlə insan sərhədi keçməyə cəhd göstərə bilər.

Bugünkü İran öz mövqeləri ilə Ermənistanın təhlükəsizlik sisteminin sabitləşməsinə ciddi töhfə verirdi, indi isə Ermənistan bu təhlükəsizlik komponentindən məhrum olur”, - deyə Surenyants qeyd edib.

Erməni politoloqun sözlərinə görə, İranda baş verən proseslər fonunda Ermənistan hakimiyyəti ölkənin təhlükəsizliyi üçün heç nə etmir.

“İranda müharibə fonunda Nikol Metsamorda zər atır, İrana ilk zərbələr endirilən vaxt həmin şəxs Metsamorda vətəndaşlarla nərd oynayırdı. Təəssüf ki, adekvat olmayan hakimiyyətlə üz-üzəyik. Əmin deyiləm ki, qonşu İranda eskalasiya dərinləşərsə, onların “Plan-A”sı və ya “Plan-B”si var.

Ermənistanın təhlükəsizlik zəmanətləri və hakimiyyətin ABŞ-dən gözləntilərinə gəlincə, ABŞ Ermənistana təhlükəsizlik zəmanəti verməyib və TRIPP (Zəngzur dəhlizi-red.) nə Ermənistan, nə də Azərbaycan haqqında deyil. Bu layihə Mərkəzi Asiya resurslarının İran və Rusiyanı yan keçməklə Avropaya çatdırılması ilə bağlıdır.

ABŞ TRIPP-i Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermədən də əldə edə bilər. Sülh istək və bəyanat deyil, balansdır, beynəlxalq zəmanətlər və nəzarət mexanizmləridir. TRIPP bu formada Ermənistan üçün belə zəmanətlər yaratmır. ABŞ ilə TRIPP-i daha əlverişli etmək üçün danışıqlar aparılmalı idi”, - deyə Surenyants vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surenyants  


Bizi "telegram"da izləyin