Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “ABŞ-nin dayaq nöqtəsində rus hibridinə qarşı mübarizə üçün Avropa İttifaqının desantı: erməni üslubunda suverenlik” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bunun formal əsası kimi Ermənistan xarici İşlər nazirinin Brüsselə ünvanladığı məktub göstərilir. Həmin məktubda Ararat Mirzoyan fevralın 13-də İrəvana çevik reaksiya qrupunun göndərilməsini xahiş edib. Qrupun gəlişindən bir neçə gün əvvəl isə axuryanlı bir qadın sosial şəbəkədə şəxsi yazışmada müxalifət liderlərindən birinə dəstək verən və Nikol Paşinyanı nüfuzdan salan paylaşımına görə saxlanılıb.
“Bir-biri ilə heç bir əlaqəsi olmayan bu iki məlumat Ermənistanın daxili və xarici siyasi həyatının bəzəksiz acınacaqlı vəziyyətini və qarşıdan gələn seçkilər ərəfəsində gözlənilən prosesləri anlamaq üçün kifayətdir. İnsan hüquqları, söz və vicdan azadlığı üzərində qurulduğunu iddia edən, lakin bu gün həmin dəyərləri ən eybəcər şəkildə geosiyasi maraqlara xidmət etdirən Avropa İttifaqı, bir tərəfdən, “Facebook” paylaşımına görə vətəndaşı saxlayan, digər tərəfdən isə yüksək rütbəli ruhani şəxsləri həbs edən, kilsə xidmətçiləri və siyasi müxaliflər haqqında küçə leksikonu və söyüşlərlə danışan bir hakimiyyətə maliyyə və peşəkar dəstək göstərir. Şübhə yoxdur ki, “hibrid qrup” zərurət yarandıqda “yüksək səviyyəli ekspertiza” ilə əsaslandıracaq ki, həmin qadın Baş nazir haqqında pis fikirləri öz təşəbbüsü ilə deyil, guya xarici “hibrid dezinformasiya sifarişi” nəticəsində ifadə edib, yəni Rusiyanın “beşinci kolonunun agentidir”.
Hazırda faktların və həqiqətin deyil, şərhlərin dövrü yaşanır. Eyni mexanizmlə seçkilər yaxınlaşdıqca Ermənistanda demək olar ki, istənilən söz “hibrid mənşəli” kimi qiymətləndirilə və müəllifi saxlanıla bilər”, - deyə KİV qeyd edib.
Nəşrə görə, Ermənistan hakimiyyəti dövlətə və cəmiyyətə o qədər və elə miqyasda fəlakətlər yaşadıb ki, təkcə rəsmi məlumatların fakt kimi açıqlanması belə onları bir neçə əsr hakimiyyətə yaxın buraxmamağa kifayətdir.
“Dünyadakı bütün “hibrid təbliğat beyinləri” bir yerə yığılsa belə, Ermənistan hakimiyyətinin fəaliyyətləri barədə təmiz, qeyri-hibrid məlumatla müqayisə edilə biləcək dezinformasiya hazırlayıb yaymaq gücündə deyil.
Lakin Avropa “hibrid qrupu” Ermənistana milyonlarla avro və peşəkar dəstək (o cümlədən borc vəsaitləri) məhz bu faktiki məlumatların təhrifinə, saxtalaşdırılmasına qarşı mübarizə aparmaq və həmin təmiz məlumatlar əsasında vətəndaşlara seçim imkanı yaratmaq üçün deyil, tam əksinə, insanların hakimiyyətin çirkli təbliğatının təqdim etdiyi açıq-aşkar yalan və manipulyasiyalara tabe olması üçün hər şeyi edir.
Avropa İttifaqı məmurları tərəfindən həyata keçirilən bu siyasətin Avropanın təmiz dəyərləri, maarifçilik, insan hüquqları və azadlıqları ilə əslində heç bir əlaqəsi yoxdur. Onlar sadə bir vəzifəni yerinə yetirirlər: öz geosiyasi maraqlarını irəli aparmaq naminə Ermənistanın mövcud hakimiyyətini xilas etmək. Bu zaman isə Avropanın real dəyərlərinin onların çirkli siyasəti nəticəsində erməni cəmiyyəti arasında bu qədər və bu cür nüfuzdan salınmasından sonra kimin və necə xilas edəcəyini heç veclərinə almırlar”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az