Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Gürcüstan sərhədində kölgə “həlləri”: kimlərin maraqlarına xidmət edir?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, odun materialları, maye qaz və kömür daşıyan yüzdən artıq yük maşını faktiki olaraq blokadada qalmaqda davam edir, bu isə daxili bazarda qiymət sabitliyini və tədarükü risk altına salır.
KİV-in məlumatına görə, son günlər bir sıra erməni sahibkarlarla gürcü elitasının ayrı-ayrı nümayəndələri, o cümlədən İvanişvilinin yaxın çevrəsinə aid şəxslər əlaqə saxlayaraq sərhəddə yaranmış problemlə bağlı müxtəlif “həllər” təklif ediblər.
“Mənbələrimizin bildirdiyinə görə, söhbət qeyri-rəsmi müdaxilələrdən, sürətləndirilmiş keçidlərdən və fərdi razılaşma imkanlarından gedir. Sahibkarlara eyham vurulur ki, məsələ dövlətlərarası danışıqlarla deyil, konkret əlaqələr və müvafiq “çeviklik” hesabına tənzimlənə bilər.
Əgər bu məlumatlar təsdiqlənərsə, təhlükəli presedentlə üzləşmiş olarıq: sərhəd təsir və lobbi resurslarının bölüşdürülməsi alətinə çevrilir, biznes üçün qeyri-bərabər rəqabət mühiti formalaşır, dövlət səviyyəsində həll olunmayan məsələlər isə kulis arxasına daşınır. Bu, təkcə ayrı-ayrı şirkətlərin maraqlarına deyil, həm də regional iqtisadi sabitliyə zərbədir.
Erməni biznesi, xüsusən strateji əhəmiyyətli malların idxalı ilə məşğul olan şirkətlər bu gün ikili təzyiq altındadır: bir tərəfdən sərhəddə yaradılan süni maneələr, digər tərəfdən isə kölgə “vasitəçilik” təklifləri. Bu vəziyyətdə həm Gürcüstanda, həm də Ermənistanda məsələyə aydın və açıq qiymət verilməsi son dərəcə vacibdir. Problem texniki xarakterlidirsə, rəsmi əsaslandırma təqdim edilməlidir. Hüquqi pozuntular mövcuddursa, faktlar açıqlanmalıdır. Dövlətlərarası səviyyədə ciddi araşdırma aparılması zəruridir”, - deyə nəşr yazıb.
Müəllif qeyd edib ki, Ermənistan hökumətinin aydın mövqeyinin olmaması qeyri-müəyyənliyi daha da dərinləşdirir.
“Biznes sərhədin qaydalardan deyil, münasibətlərdən asılı olduğu şəraitdə uzunmüddətli planlama apara bilməz. Bu artıq investisiya mühiti, hüquqi proqnozlaşdırıla bilənlik və iqtisadi təhlükəsizlik məsələsidir. Əgər sərhəd “həllər bazarı”na çevrilirsə, bu, hər iki ölkə üçün təhlükəlidir. Məsələ kölgə mexanizmlər norma halına çevrilməmişdən əvvəl həm İrəvandan, həm də Tbilisidən sistemli və məsuliyyətli cavab tələb edir”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az