Rusiyalı analitik: “Tramp İlham Əliyevin adını Paşinyandan daha tez-tez çəkib, Vaşinqtonun Bakı ilə qarşılıqlı fəaliyyətə marağı daha böyükdür”

2026/02/1771671452.jpg
Oxunub: 453     15:29     21 Fevral 2026    
“Forumda 20-dən çox ölkənin nümayəndələri iştirak ediblər və rəsmi olaraq Şuranın əsas mövzusu Qəzza zolağının bərpası və Fələstin-İsrail nizamlanması olsa da, tədbirin əhəmiyyəti Yaxın Şərqin coğrafi çərçivəsindən xeyli kənara çıxıb”.

Ordu.az xəbər verir ki, bunu “Trampın Şurası: postsovet ölçüsü” başlıqlı paylaşımında rusiyalı analitik Sergey Markedonov bildirib.

Markedonovun sözlərinə görə, ABŞ eyni vaxtda bir neçə vəzifəni həll etməyə çalışır.

“Birincisi Vaşinqtonu qlobal liderlər sırasından silməyin hələ tez olduğunu dünyaya göstərməkdir, ikincisi BMT çərçivəsindən kənarda və “BMT Nizamnaməsinin darıxdırıcı maddələrinə” deyil, “öz mənəvi prinsiplərinə” söykənən qlobal təsir infrastrukturu formalaşdırmaq cəhdidir, üçüncüsü isə odur ki, ABŞ-nin çağırışına Rusiyada “qlobal çoxluq” və ya “Qlobal Cənub” adlandırılan ölkələr də reaksiya verir. O cümlədən ölkəmizin AİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşları... Təəssüf ki, onlar üçün də Vaşinqtonun mövqeyi əhəmiyyətlidir”, - deyə o qeyd edib.

Markedonov xatırladıb ki, Trampın Şurasında dörd postsovet dövlətinin lideri, Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan rəhbərləri iştirak ediblər.

“Belarus Prezidenti Aleksandr Lukaşenko əvvəlcə amerikalıların təşəbbüsünə həvəslə qoşulsa da, sonda Vaşinqtona getmədi. Avropanın aparıcı KİV-ləri narahatlıq ifadə edirdilər ki, “Batka” Vaşinqton səfərindən beynəlxalq legitimliyini artırmaq üçün istifadə edə bilər (onun yerində kim istifadə etməzdi?). Lakin nəticədə Belarus nümayəndə heyətinin vizaları məsələsi yarandı və bu məsələ qənaətbəxş həllini tapmadı. Lukaşenkonun opponentləri, əlbəttə, “Moskvanın əli”ndən danışdılar, amma hətta Qərbin aparıcı media resursları da viza versiyasını təsdiqlədilər. Bu, mühüm dərsdir, hərçənd yeni deyil: ABŞ “normallaşma”nı həmişə “şərtlərlə” həyata keçirir ki, həlledici anda oyunu kimin idarə etdiyini göstərsin”, - deyə Markedonov yazıb.

Rusiyalı analitikin fikrincə, Şuranın iclasına ən yaxşı hazırlaşan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub. Onun müəllifi olduğu “Reliability Is the New Power” adlı məqalə forum ərəfəsində “The National Interest” nəşrində dərc edilib.

Siyasi şərhçinin qiymətləndirməsinə görə, Tokayevin mətni praqmatizmin və çoxvektorlu siyasətin bir növ himninə çevrilib. “Maraqlıdır ki, Tokayevin məqaləsində “ənənəvi dəyərlər”ə də istinad var idi və onun yanaşmasına görə bu, Trampın strategiyalarına müsbət münasibətlə ziddiyyət təşkil etmir. Məqalədə bu ideyalar demək olar ki, eyni sırada təqdim olunmuşdu”, - deyə Markedonov vurğulayıb.

Cənubi Qafqaza gəldikdə isə, Markedonovun sözlərinə görə, ABŞ Prezidenti qonaqlara şəxsi uğurunu nümayiş etdirib.

“Lakin istehzasız desək, aydındır ki, Vaşinqtonun ötən ilin avqustunda seçdiyi kurs ardıcıl şəkildə davam etdirilir. ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinin eksklüziv moderatoruna çevrilmək niyyətindədir.

Bütün bunlar gözlənildiyi kimi güclü PR müşayiəti ilə baş verir: İlham Əliyev və Paşinyanın projektorlar altında əl sıxması, iki ölkə rəhbərinin ayaqüstü görüşü, Bakı ilə İrəvan arasında böyük əməkdaşlığın növbəti dəfə elan edilməsi.

Lakin istehzasız yanaşsaq, hətta sadə məzmun təhlili göstərir ki, Tramp İlham Əliyevin adını Paşinyandan daha tez-tez çəkib. Vaşinqtonun Bakı ilə qarşılıqlı fəaliyyətə marağı daha böyükdür və bu, iki Qafqaz dövlətinin resurs potensialları arasındakı fərqlə şərtlənir”, - deyə Markedonov qeyd edib.

O bildirib ki, ABŞ Prezidentinin təsəvvüründə bölgədəki reallığın tam mənzərəsi yoxdur.

Markedonov əlavə edib ki, bu mozaikanı müxtəlif şəkildə toplamaq mümkündür, lakin sülh sazişi hələ də imzalanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Markedonov   Tramp   İlham-Əliyev  


Bizi "telegram"da izləyin