Çin aparıcı qlobal dəniz gücünə çevrilmək niyyətindədir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı eyni zamanda öz nüvə çəkindiriciliyini genişləndirməyə və gücləndirməyə də sadiqdir.
Bu məqsədlə Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri əhəmiyyətli yeni imkanlar inkişaf etdirir ki, Çinin yaxın xarici sularında fəaliyyət göstərən Qərb donanmaları ilə rəqabət apara bilsin və hətta onlara üstünlük qazansın. “Type 096” (“Tang” sinfi) ballistik raketli sualtı qayığı bu ümumi hərbi modernləşmənin bir hissəsidir və Çinin dəniz əsaslı nüvə çəkindiriciliyində real təkamülü təmsil edir.
“Type 096”: Çinin dayanıqlı ikinci zərbə qabiliyyətinə iddiası
İstismara verilmə ili: hələ təqdim edilməyib (2026-cı ildə gözlənilir)
İnşa edilmə sayı: ən azı bir korpus inşa edilir (iki əlavə korpusun da inşada olduğu ehtimal edilir)
Uzunluq: 140-150 metr
En: 12,5-13 metr
Subasımı qabiliyyəti: 15.000-20.000 ton
Mühərriklər: təzyiqli su ilə soyudulan nüvə reaktoru
Maksimal sürət: 33 düyün
Mənzil: 6.000 mil
Silahlanma: JL-3 nüvə başlıqlı su altından buraxılan ballistik raketlər, 533 mm torpedo qurğuları
Heyət: 120-160 nəfər
Çin sualtı qayıqları böyük hörmətlə qarşılanmır. Əvvəlki nəsil Çin sualtı qayıqları səs-küylü, səmərəsiz və idarəsi çətin idi. Hətta Sovet İttifaqından sonrakı ən zəif dövrdə belə, Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları 1990-cı illərdə Çinin malik olduqlarından daha qabaqcıl hesab edilirdi.
Lakin Pekin iddia edir ki, bu gün vəziyyət fərqlidir.
Çinin yeni “Tang” sinfi Pekinə dənizdə daha etibarlı və daha yaşama qabiliyyətli ikinci zərbə nüvə imkanı vermək üçün hazırlanıb. Çinin əvvəlki SSBN-ləri, “Type 092” və xüsusilə “Type 094” səs-küylü idi və asanlıqla izlənilirdi. Sualtı müharibədə əsas amillərdən biri gizlilikdir.
Çin sualtı qayıqlarında bu xüsusiyyət çatışmırdı. “Type 096”nın bu çatışmazlıqları aradan qaldıracağı iddia olunur.
Kremlini geridə qoymaq: Çin sualtı yarışında səssiz irəliləyiş edir
Pekinin bu yeni “Tang” sinfi sualtı qayıqlara niyə böyük əhəmiyyət verdiyini başa düşmək üçün Çinin ümumi dəniz strategiyasında baş verən dəyişiklikləri anlamaq vacibdir. Son on ildə Pekin “sahil istehkamı çəkindiriciliyi” mövqeyindən daha irəli yönümlü, dənizdə fasiləsiz patrul əsaslı çəkindiricilik modelinə keçib. Bu isə xüsusən rusiyalı tərəfdaş-rəqiblərlə müqayisədə kağız üzərində Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri üçün əhəmiyyətli üstünlük yaradır.
Amerikalılardan başqa, fasiləsiz dənizdə nüvə patrulu missiyasında uzun müddət Çindən öndə olan məhz Rusiya donanması idi. İndi isə çinlilər bu fərqi aradan qaldırmış ola bilərlər. Kütləvi istehsal imkanları sayəsində Çinin dənizdə fasiləsiz patrul qüvvələrinin sayı böyük ehtimalla Rusiyanın göstəricilərini keçəcək. Zamanla hətta amerikalıların sayını da ötə bilər.
Bu isə Çin-Rusiya münasibətlərində dəniz qüvvələri balansında real dəyişiklik deməkdir. Bununla belə, rusiyalı dənizçilərin keyfiyyəti və Rusiya Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli təcrübəsi hələ də Çin donanmasından üstündür.
Sənaye sahəsində fəaliyyət göstərən onlayn nəşr “Marine Insight” bildirir ki, Çin nüvə enerjili sualtı qayıqların sayına görə Rusiyanı geridə qoyaraq dünyada ikinci yerə yüksəlib. Məlumatlara görə, Çinin təxminən 32 aktiv nüvə sualtı qayığı var (həm hücum, həm də ballistik tipli), Rusiyanın 25-28, ABŞ Hərbi Dəniz Qüvvələrinin isə təxminən 71 nüvə sualtı qayığı mövcuddur.
Yeni “Tang” sinfi “Type 096”lardan əlavə, Çin “Type 093/093A Shang” sinfinə məxsus sualtı qayıqlara da malikdir. Həmçinin şaquli buraxılış sistemləri ilə təchiz olunmuş “Type 093B” idarəolunan raketli sualtı qayıqlar mövcuddur.
Sahil mühafizəsindən açıq dəniz zərbəsinə
Bundan başqa, Çin donanmasında “Type 094 Jin” sinfinə məxsus sualtı qayıqlar da xidmət edir. Lakin qeyd etmək lazımdır ki, Çin sualtı qayıqlarının əksəriyyəti hələ də rus və amerikalı analoqlar qədər səssiz və qabaqcıl deyil.
“Interesting Engineering” nəşrinin məlumatına görə, bu dəyişiklik Çinin dəniz qüvvələrində sualtı komponentlərə prioritet verildiyini göstərir və Pekin bu məqsədlə öz nəhəng gəmiqayırma potensialından istifadə edir. Çinin artan donanması say baxımından ABŞ Hərbi Dəniz Qüvvələri ilə fərqi azaldır.
Hətta say göstəricilərinə əsasən və amerikalıların dünyanın digər bölgələrindən sualtı qayıqları köçürməli olduğunu nəzərə alsaq, Hind-Sakit okean regionunda Çin ABŞ donanması üzərində say üstünlüyü və dəniz nəzarəti əldə edə bilər.
Üstəlik, amerikalılar köhnə “Ohio” sinfinə məxsus SSBN sualtı qayıqlarından daha yeni “Columbia” sinfinə məxsus SSBN mərhələsinə keçiddə çətinlik çəkdiyi üçün, Çin nüvə silahlı sualtı qayıq sahəsində də üstünlüyünü artırır.
Çin öz “Type 096” proqramını sürətləndirərkən və ABŞ öz SSBN qüvvəsini qorumaqda çətinlik çəkərkən, növbəti onillikdə ciddi disbalanslar yarana bilər. Əlbəttə, bu yalnız Çin sualtı qayıqları keyfiyyətli inşa olunarsa mümkündür.
Nüvə silahlı sualtı qayıqlar nüvə dövlətləri üçün çox dəyərlidir, çünki onlar nüvə triadasının ən yaşama qabiliyyətli elementidir. Bu platformalar zəmanətli ikinci zərbə imkanını təmin edir, yəni ölkə ilk nüvə hücumuna məruz qalsa belə cavab verə bilir.
Aydındır ki, Çin rəhbərliyi sahil mühafizəsindən fasiləsiz dəniz patrul missiyalarına keçməklə donanmanı tam hüquqlu açıq dəniz donanmasına çevirmək istəyir. Onlar Hind-Sakit okean üzərində dəniz nəzarəti uğrunda mübarizə aparmağa çalışır və “Type 096” bu strategiyanın bir hissəsidir. Yaxın illərdə Çin sualtı qayıqları daha səssiz və daha çox olduqca, ABŞ və müttəfiqləri üçün sualtı əleyhinə mübarizə sahəsində çətinliklər arta bilər.
Nəticə: ABŞ-nin dəniz strategiyası geri qalır
Yeni “Type 096” əvvəlkilərdən daha böyükdür, texniki baxımdan daha səssizdir və daha güclü silahlanmaya malikdir.
Bu sualtı daha təhlükəsiz patrul zonalarından daha uzaq hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Ümumilikdə, “Type 096” nüvə silahlı sualtı qayıqlarının istifadəyə verilməsi və Çinin kütləvi istehsal gücü göstərir ki, ABŞ-nin nüvə çəkindiricilik mövqeyi, sualtı qayıq əleyhinə hazırlığı və Hind-Sakit okean üzrə ümumi dəniz müdafiə strategiyası dəyişməlidir.
Hazırda isə bu yeni Çin sualtı qayığı və onun imkanları ABŞ-dən daha çox Rusiyanın dəniz üstünlüyü üçün ciddi çağırışdır. Lakin növbəti onillikdə bu potensial qaçılmaz olaraq ABŞ-nin nüvə sualtı üstünlüyünü də təhdid edəcək.
Bəlkə də ABŞ Hərbi Dəniz Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri bu yüksələn Çin sualtı qayıq təhlükəsinə qarşı birgə əməkdaşlığa başlamalıdırlar.
Dəyanət Ağalarlı
Ordu.az