Ordu.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti, beynəlxalq münasibətlər üzrə erməni ekspert Qriqor Balasanyan deyib.
“Xatırladım ki, İrana qarşı 12 günlük müharibə məhz İran-ABŞ danışıqları gedərkən baş verdi. Yəni bu proses Birləşmiş Ştatları dayandırmır və o, yalnız İsraillə birgə hərəkət edəcək. ABŞ bu məsələyə təkbaşına qoşulmayacaq. ABŞ KİV-lərinin məlumatına görə, ümumilikdə Tramp hələlik müqavimət göstərir və hərbi eskalasiyaya getmək istəmir. Lakin Netanyahu şantaj edir və həmin mənbələrin bildirdiyinə görə, İsrailin Baş nazirinin əlində Epşteyn işi ilə bağlı Tramp üçün kompromat xarakterli materiallar var və o, Tramp İran əleyhinə hərbi əməliyyatlara qoşulmasa, onları dərc etməklə hədələyir”, - deyə Balasanyan bildirib.
O qeyd edib ki, ən azı hazırkı mərhələdə ABŞ üçün İrana ayrıca hücum zəruri deyil, lakin İsrailin “şantaj”ı öz nəticəsini verə bilər.
Balasanyan əmindir ki, belə bir hücum baş verərsə, bu, bütün region və Ermənistan üçün proqnozlaşdırılması çətin nəticələr doğuracaq.
“Hərbi əməliyyatlar başlanacağı təqdirdə, Tramp məsələsi qeyri-müəyyən müddətə təxirə salınacaq, çünki ABŞ bununla məşğul olmağa vaxt tapmayacaq. Amma təhlükə ondadır ki, Türkiyə və Azərbaycan hesab edə bilərlər ki, ABŞ-siz də dəhlizi açmaq, ərazini iki tərəfdən kəsib götürmək hüququna malikdirlər və bununla məsələni bağlanmış sayacaqlar”, - deyə o vurğulayıb.
Balasanyan qeyd edib ki, bütün bunlar Ermənistan üçün dağıdıcı olacaq.
Bu kontekstdə Balasanyan Ermənistan hakimiyyətinin gündəliyini də təhlükəli hesab edir. Onun sözlərinə görə, ikinci və üçüncü dərəcəli məsələlər müzakirə olunur, lakin sərhəddə baş verən hadisələrə heç kim diqqət yetirmir.
“Mən bir neçə dəfə demişəm ki, hazırda Zəngəzurda mülki müdafiə üzrə müvafiq istiqamətlər formalaşdırılmalıdır ki, əhali təhlükələr barədə məlumatlandırılsın və vətəndaşların fiziki təhlükəsizliyinin təmin edilməsi üçün hər şey edilsin. Heç kim zəmanət verə bilməz ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə pilotsuz uçuş aparatları dövründə İran və ya ABŞ pilotsuz uçuş aparatları Ermənistan-İran sərhədində peyda olmayacaq.
İkincisi, nəzarətsiz qaçqın axını başlayacaq və onlar xilas olmaq üçün kütləvi şəkildə Araz çayını keçə bilərlər. Biz həmin insanları harada yerləşdirəcəyik, bu nizamsız qaçqın axınını necə qarşılayacaq və idarəolunan hala gətirəcəyik? Heç kim buna diqqət yetirmir, hamı praymerizlərlə və səs toplamaqla məşğuldur. Bu, milli təhlükəsizliyimiz üçün ən böyük təhdiddir”, - deyə erməni ekspert bildirib.
Balasanyan həmçinin vurğulayıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sənədi Ermənistanı müharibədən qoruya bilməz. Onun sözlərinə görə, həmin sənəddə heç bir dövlətin, o cümlədən ABŞ-nin tərəflər qarşısında öhdəliyi yoxdur.
“Ona görə də hakimiyyətin cəmiyyətə təqdim etdiyi o nağıllar elə nağıl olaraq qalır. Çünki ABŞ-nin, xüsusilə də KTMT üzvü olan dövlət qarşısında heç bir öhdəliyi yoxdur. Hakimiyyət bu təbliğatı davam etdirirsə, qoy 2008-ci ildə Gürcüstanın vəziyyətini xatırlasın. Həmin vaxt ABŞ ilə strateji tərəfdaşlıq sənədi imzalandı, ABŞ Gürcüstanın strateji tərəfdaşı oldu, lakin Gürcüstana kömək etmədi. Buna görə də bütün bunlar nağıldır”, - deyə Balasanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az