Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, layihənin qəbul edilməsi Ermənistan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin ehtiyacları üçün Silah və Hərbi Texnika (SHT), eləcə də bəzi hallarda qeyri-hərbi təyinatlı malların satınalma prosesini və bununla bağlı xüsusiyyətləri dəqiqləşdirmək zərurəti ilə əsaslandırılır.
“Hökumətin 2022-ci il 23 iyun tarixli N 951-N saylı qərarı qəbul olunmazdan əvvəl Müdafiə Nazirliyi SHT satınalmalarını əsasən Ermənistan ilə Rusiya Federasiyası arasında 2013-cü il iyunun 25-də imzalanmış “Hərbi-texniki əməkdaşlığın inkişafı haqqında” saziş çərçivəsində həyata keçirirdi. Bu zaman aşağıdakı şərtlər tətbiq olunurdu: Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin təsdiqi mövcud olurdu və satınalma Rusiya Federasiyasının daxili qiymətləri ilə aparılırdı. Satınalmalar ticarət vasitəçiləri və istehsalçılar vasitəsilə həyata keçirilirdi ki, bu halda tərəfdaşın seçilməsi, qiymətlərin formalaşdırılması və bununla bağlı korrupsiya riskləri nisbətən yüksək və daha az idarəolunan idi. Qiymətlərin formalaşması Müdafiə Nazirliyi/Baş Qərargah ilə təchizatçı arasında aparılan danışıqlar nəticəsində müəyyənləşdirildiyindən riskli hesab olunurdu”, - deyə KİV bildirib.
Müəllif vurğulayıb ki, bu risklərin azaldılması, SHT satınalmalarının həyata keçirilməsi üçün müəyyən prosedurların müəyyən edilməsi, onların əsaslandırılmış və məqsədyönlü olmasının təmin edilməsi, prosesdə iştirak edən bölmələrin və digər iştirakçıların fəaliyyətinin dəqiqləşdirilməsi məqsədilə hökumətin N 951-N saylı qərarı ilə Müdafiə Nazirliyi sistemində SHT satınalmalarının aparılması prosedurlarının xüsusiyyətləri təsdiq edilib.
“Nəticədə, Rusiya Federasiyası ilə yanaşı, dost ölkələrlə də SHT əldə edilməsi prosesləri başlanıb ki, bu da yeni reallıqlar və onların hüquqi tənzimlənməsi ilə bağlı xüsusiyyətlər yaradıb.
2026-cı il yanvarın 1-nə olan məlumata görə, hökumətin 17 qərarı ilə Müdafiə Nazirliyinə silahlanma üzrə satınalmaları (və ya avans ödənişlərini) N 951-N və N 526-N saylı qərarların tələblərini tətbiq etmədən həyata keçirməyə icazə verilib. N 526-N saylı qərarla təsdiq edilmiş qaydaya əsasən müqavilələrə müəyyən məcburi müddəaların daxil edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş formada təhvil-təslim aktının imzalanması və digər tələblər nəzərdə tutulur. Lakin konkret hallarda bu tələblər tətbiq edilə bilmir, çünki şirkətlər özləri tərəfindən hazırlanmış forma üzrə müqavilələrin bağlanmasını təklif edirlər.
Hər bir halda hökumət qərarı ilə ayrıca istisnalar müəyyən etməmək üçün N 951-N saylı qərarın əlavəsinin 7-ci bəndinə yeni yarımbəndlərin əlavə edilməsi təklif olunur. Bu yarımbəndlərdə nəzərdə tutulur ki, əgər beynəlxalq müqavilə mövcud deyilsə və hərbi texnika, silah, döyüş sursatı və hərbi-texniki vasitələrin təminatı məqsədilə istifadə ediləcək qeyri-hərbi təyinatlı məhsulun alınması planlaşdırılırsa, lakin bazarda həmin məhsulun təchizatçısı barədə məlumat yoxdursa və “Рособоронэкспорт” və ya “Национальная авиационно-сервисная компания” adlı açıq səhmdar cəmiyyətlərdən, yaxud həmin məhsulu istehsal edən şirkətdən kommersiya təklifi alınıbsa, yaxud SHT-nin alınması qeyri-rezident şirkətdən həyata keçirilməlidirsə, həmçinin Ermənistan ərazisindən kənarda alınmış məhsulların ölkəyə daşınması xidmətlərinin konkret bir şirkətdən alınması nəzərdə tutulursa, məsələ Ermənistan Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim olunur”, - deyə məqalədə qeyd edilib.
Müəllif bildirib ki, şuranın razılığı əldə edildikdən sonra Ermənistan Müdafiə Nazirliyi konkret şirkətlə müqavilə bağlayır və zərurət olduqda müqavilədə bank zəmanəti təqdim edilmədən avans ödənişinin verilməsi, eləcə də N 951-N saylı qərarla nəzərdə tutulmuş prosedurların tətbiq olunmaması şərtləri müəyyən edilə bilər.
Vurğulanıb ki, digər əlavə və dəyişikliklər də təklif olunur.
Alpər Mövludoğlu
Ordu.az