“Luys” fondu: Ermənistan hökumətinin antikorrupsiya strategiyasında müəyyən edilmiş hədəf göstəriciyə nail olmaq real deyil

2026/02/1771481801.jpg
Oxunub: 378     16:16     19 Fevral 2026    
Ermənistan hökumətinin antikorrupsiya strategiyasında müəyyən edilmiş hədəf göstəriciyə nail olmaq real deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Luys” fondu bildirib.

Qeyd edilib ki, Ermənistanın Korrupsiyanın Qavranılması İndeksi (KQİ) 2025-ci ildə 2024-cü illə müqayisədə 1 bal azalaraq 46 bal təşkil edib. 182 ölkəni əhatə edən qlobal reytinq cədvəlində Ermənistan 65-ci yerdə qərarlaşıb. Daha dörd ölkə Küveyt, Monteneqro, Namibiya və Seneqal da eyni göstərici ilə Ermənistanla eyni pilləni bölüşür.

“Ermənistanın KQİ göstəricisi ötən illə müqayisədə azaldığına görə, ölkənin arzuolunan antikorrupsiya həddindən daha da uzaqlaşdığı ortaya çıxır. Antikorrupsiya ekspertlərinin fikrincə, əgər ölkədə KQİ 50 baldan aşağıdırsa, korrupsiya ciddi problem sayılır və idarəetmə üçün mühüm çətinlik yaradır.

2023-cü ildə qəbul olunmuş “Ermənistan Respublikasının 2023-2026-cı illər üzrə antikorrupsiya strategiyası”na əsasən, 2026-cı il üçün hədəf göstərici 55 baldır. Yəni məqsəd 2026-cı ildə KQİ-nin 2023-cü ildəki 47 bal göstəricisini 8 bal üstələməsidir. Halbuki geridə qalan müddətdə indeks kəskin artmaq əvəzinə 1 bal da azalıb. Bu isə o deməkdir ki, strategiyanın başa çatmasına qalan bir il ərzində KQİ-nin 9 bal artması son dərəcə real deyil. Ermənistan tarixində bu cür sürətli artım heç vaxt qeydə alınmayıb”, - deyə fond vurğulayıb.

Fondun məlumatına görə, hakimiyyət üçün ciddi narahatlıq doğurmalı məqam odur ki, 2025-ci ildə Demokratiyanın Müxtəlifliyi Proqramının (Varieties of Democracy Institute (V-Dem)) alt indeksi 2020-ci illə (son 10 ilin ən yüksək göstəricisi) müqayisədə 13 bal aşağıdır.

“Bu alt indeks dövlət idarəçiliyinin müxtəlif səviyyələrində korrupsiyanın mövcudluğu və yayılmasını qiymətləndirir. Hesablama zamanı siyasi korrupsiya, məhkəmə və icra hakimiyyəti orqanlarında korrupsiya sövdələşmələri, eləcə də korrupsiyanın demokratik institutlara təsiri ilə bağlı məsələlər nəzərə alınır. Son illərdə bu alt indeks üzrə geriləmə göstərir ki, nüfuzlu beynəlxalq proqram Ermənistanda demokratiya sahəsində əhəmiyyətli tənəzzül və korrupsiyanın təsirinin artdığını qeydə alıb.

Ermənistanın KQİ-nə daxil olan WEF EOS alt indeksi (Dünya İqtisadi Forumunun şirkət rəhbərləri arasında keçirdiyi illik sorğu) 2025-ci ildə 2024-cü illə müqayisədə 3 bal, 2021-ci ilin (bu alt indeks üzrə ən yüksək göstərici) nəticəsi ilə müqayisədə isə 13 bal aşağıdır. Bu alt indeks iqtisadi institutların, biznes mühitinin, makroiqtisadi şəraitin, texnoloji inkişafın, infrastrukturun və digər oxşar sistemlərin effektivliyini qiymətləndirir. Deməli, “World Economic Forum”un qənaətinə görə, son yeddi ildə bu sahədə irəliləyiş qeydə alınmayıb”, - deyə təhlildə qeyd edilib.

Müəlliflər yazıb ki, nüfuzlu beynəlxalq təşkilat “Freedom House” da korrupsiyaya qarşı mübarizənin effektivliyi baxımından irəliləyiş görmür.

“Belə ki, KQİ-nin alt indekslərindən biri “Freedom House”un keçid mərhələsində olan ölkələr üçün nəzərdə tutulmuş FH alt indeksidir və burada korrupsiyaya qarşı mübarizənin effektivliyi bir sıra mühüm meyarlar əsasında qiymətləndirilir. İndeks hesablanarkən iqtisadi azadlıq, qanunvericilik mexanizmlərinin mövcudluğu və tətbiqi, cəmiyyətin və medianın rəsmi korrupsiyaya münasibəti kimi məsələlər nəzərə alınır. Bu alt indeks 2020-ci ildən bəri dəyişmədiyinə görə, “Freedom House”un qiymətləndirməsinə əsasən, son illərdə bu sahədə Ermənistanda irəliləyiş yoxdur.

Qlobal reytinq cədvəlində lider və sonuncu üçlüklər dəyişməyib. Liderlər Danimarka (89 bal), Finlandiya (88 bal) və Sinqapurdur (84 bal). Siyahının sonunda isə Venesuela (10 bal), Somali (9 bal) və Cənubi Sudan (9 bal) qərarlaşıb.

“Şərqi Avropa və Mərkəzi Asiya” regionunda da ilk üçlük 2024-cü illə müqayisədə dəyişməyib: Gürcüstan (50 bal və 56-cı yer), Ermənistan (46 bal və 65-ci yer) və Monteneqro (46 bal və 65-ci yer). Qrupda ən aşağı göstəricilər Rusiyada (22 bal və 157-ci yer), Tacikistanda (19 bal və 166-cı yer) və Türkmənistanda (17 bal və 167-ci yer) qeydə alınıb”, - deyə fond vurğulayıb.

Qeyd edilib ki, region orta hesabla 34 balla dünyanın altı regionu arasında beşinci yerdədir və yalnız Böyük Səhradan cənubdakı Afrikanı geridə qoyur.

“2025-ci ildə də Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında KQİ göstəricisinə görə liderdir. Qazaxıstan 38 bal, Belarus 31 bal, Qırğızıstan 26 bal, Rusiya isə 22 bal toplayıb.

Sərhəd qonşuları arasında Ermənistan yalnız 50 bal və 56-cı yerə malik Gürcüstana uduzur. Türkiyə 31 balla 124-cü, İran isə 23 balla 153-cü yerdədir”, - deyə fond bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin