Səssiz Nəhənglər Yarışır: Dünyanın Gələcək Bombardmançıları Kimdə Üstündür?

2026/02/dsf1d-1771411914.jpg
Oxunub: 615     16:45     26 May 2026    
H-20 bombardmançısının 8 500 kilometrə qədər məsafə qət edə biləcəyi gözlənilir ki, bu da ona Yaponiya, Filippin və hətta Quam adasına qədər çatmağa imkan verir.

ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil B-21 stels bombardmançı seriyasını inkişaf etdirməyə davam etdiyi bir vaxtda, yaxın rəqib ölkələrin analoji layihələrinə daha dərindən nəzər salmaq əhəmiyyətli ola bilər. Həm Moskva, həm də Pekin hazırda bu sahədə ABŞ-nin üstünlüyünə birbaşa cavab vermək üçün öz bombardmançı proqramlarını həyata keçirir. ABŞ istehsalı olan B-2 “Spirit”, B-52 “Stratofortress” və B-1B “Lancer” bombardmançıları Hərbi Hava Qüvvələrinin bombardmançı parkının və ölkənin havadan buraxılan nüvə çəkindirmə strategiyasının əsasını təşkil edir. Əgər Çinin H-20 “Xi’an” və ya Rusiyanın PAK DA bombardmançıları B-21 “Raider” istifadəyə verilməzdən əvvəl əməliyyat qabiliyyətinə çatsa, onlar ABŞ-nin mövcud bombardmançı qüvvəsi ilə rəqabət apara biləcəklərmi?

Çinin, Rusiyanın və ABŞ-nin beşinci nəsil bombardmançıları: üçtərəfli müqayisə

PAK DA, H-20 və B-21 “Raider”in texniki göstəricilərini müqayisə etmək çətindir, çünki hər üç təyyarə məxfilik pərdəsi altında saxlanılır və onlar barədə rəsmi məlumatlar hələ geniş şəkildə açıqlanmayıb. Xüsusilə PAK DA ilə bağlı hətta prototipin tamamlanıb-tamamlanmadığı da bəlli deyil ki, bu da onun imkanları barədə qiymətləndirmələri məhdudlaşdırır. Bununla belə, layihələr planlaşdırıldığı kimi tamamlanarsa, onların əsas göstəricilərinin təxminən müqayisəolunan olacağı ehtimal edilir.

Gözlənilən istismara verilmə tarixinə görə, PAK DA-nın dəqiq vaxtı məlum deyil və yaxın perspektivdə gözlənilmir, H-20-nin istismara verilməsinin yaxın olduğu bildirilir, B-21 “Raider”in isə 2027-ci ildə məhdud xidmətə qəbul ediləcəyi planlaşdırılır. İndiyədək PAK DA-dan heç biri istehsal olunmayıb, H-20 üzrə dəqiq say məlum deyil, B-21 proqramı çərçivəsində isə üç ədəd prototip hazırlanıb.

Ölçülərə gəldikdə, PAK DA-nın uzunluğu və qanad açılımı açıqlanmayıb, H-20-nin uzunluğunun təxminən 55 fut (16,75 metr), qanad açılımının isə təxminən 165 fut (50,3 metr) olduğu ehtimal edilir, B-21 “Raider”in uzunluğu 54 fut (16,7 metr), qanad açılımı isə 132 fut (40 metr) kimi göstərilir.

Maksimal qalxma çəkisi baxımından PAK DA üçün təxminən 224 000 funt (101 600 kiloqram), H-20 üçün 340 000 funt (155 000 kiloqram), B-21 üçün isə 180 000 funt (81 600 kiloqram) rəqəmləri qeyd olunur.

Mühərrik konfiqurasiyası ilə bağlı PAK DA üçün konkret məlumat yoxdur, H-20-nin hər biri təxminən 15 000 funt itələmə qüvvəsinə malik iki və ya dörd “afterburner”siz turbofan mühərriki ilə təchiz oluna biləcəyi bildirilir, B-21 “Raider” isə hər biri 27 000 funt itələmə qüvvəsinə malik iki ədəd “Pratt & Whitney” PW9000 “afterburner”siz turbofan mühərriki ilə təchiz edilir.

Maksimal sürət baxımından PAK DA üçün yüksək səsaltı sürət ehtimal olunur, H-20 və B-21 üçün isə təxminən saatda 600 mil (965 kilometr/saat) və ya “Mach 0,8” göstəricisi qeyd edilir. Uçuş məsafəsi üzrə PAK DA üçün təxminən 7 500 mil (12 000 kilometr), H-20 üçün 8 500 mil (13 600 kilometr) göstərilir, B-21 üçün isə dəqiq məlumat açıqlanmayıb.

Xidmət tavanı baxımından PAK DA və H-20 üçün təxminən 50 000 fut (15 240 metr) ehtimal edilir, B-21 üçün də bu göstərici təxminən 50 000 fut (15 240 metr) kimi qeyd olunur. Silahlanma baxımından hər üç platformanın daxili silah bölmələrinə malik olacağı bildirilir, B-21-in əsas daxili silah bölməsinin təxminən 20 000 funt (9 100 kiloqram) faydalı yük daşıma qabiliyyətinə malik olduğu göstərilir, digərləri üçün isə dəqiq rəqəmlər açıqlanmayıb. Ekipaj sayı PAK DA üçün 4 nəfər, H-20 və B-21 üçün isə 2 nəfər kimi göstərilir.

Çinin H-20-si sirli, lakin nəhəngdir

Çinin H-20 bombardmançısı rəsmi olaraq Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edildikdə, ölkənin əsas strateji bombardmançısı olacaq. Bu ilin əvvəlində Çin dövlət mediası yeni iri döyüş təyyarəsini əks etdirən görüntülər yayıb. Həmin sirli təyyarənin məhz H-20 olub-olmadığı təsdiqlənməsə də, kadrlarda stels xüsusiyyətli romb formalı quruluşa və iri mərkəzi gövdəyə malik böyük hava platforması görünür.

Rəsmi olaraq, Çin Xalq Respublikasının yerli bombardmançı proqramı üzrə fəaliyyəti 2016-cı ildə başlanıb. Lakin analitiklər hesab edirlər ki, H-20 layihəsi üzərində işlər 2000-ci illərin əvvəllərindən aparılır. Aviasiya mütəxəssislərinin fikrincə, H-20 8 500 kilometrədək uzaq məsafələrə uça bilər ki, bu da Çinə Yaponiya, Filippin və ABŞ ərazisi olan Quama qədər zərbə imkanları verir.

Rusiya PAK DA-nı tamamlayacaqmı?

Rusiya Ukraynaya qarşı müharibəni davam etdirdiyi bir vaxtda, Kremlin paralel şəkildə yeni nəsil bombardmançı platformasını inkişaf etdirdiyi bildirilir. “Tupolev” PAK DA strateji bombardmançısı “Tupolev” konstruktor bürosu ilə Rusiya Aerokosmik Qüvvələrinin Uzaqmənzilli Aviasiya bölməsi tərəfindən birgə layihələndirilir. Məlumatlara görə, platformanın layihələndirmə mərhələsi 2019-cu ildə yekunlaşdırılıb.

İlkin proqnozlara əsasən, PAK DA-nın 2027-ci ildə əməliyyat qabiliyyətinə çatacağı gözlənilirdi, lakin COVID-19 pandemiyası və Ukraynaya qarşı davam edən müharibə bu vaxt cədvəlini uzadıb. İllər ərzində PAK DA-nı əks etdirən bir neçə konsepsiya təsviri yayımlansa da, bombardmançı ilə bağlı təsdiqlənmiş məlumatlar çox məhduddur. Mövcud təsvirlərə əsasən, Rusiya platformasının “uçan qanad” konfiqurasiyasına və azaldılmış radar əksolunma səthinə malik olduğu, bu baxımdan ABŞ istehsalı olan B-2 “Spirit”ə bənzədiyi bildirilir.

ABŞ-nin cavabı: B-21 “Raider”

Qlobal geosiyasi gərginliyin artdığı bir şəraitdə yeni nəsil bombardmançıların vaxtında istismara verilməsi hava üstünlüyünü dəyişə bilər. ABŞ Hərbi Hava Qüvvələri Moskva və ya Pekin öz analoqlarını silahlanmaya qəbul etməzdən əvvəl B-21 “Raider”i istismara verməyə çalışır. Stels, faydalı yük, uçuş məsafəsi və avionik baxımından B-21-in üstünlük qazanacağı gözlənilir. Ən azı üç prototip hazırlanıb və bombardmançının 2027-ci ilə qədər məhdud xidmətə qəbul ediləcəyi planlaşdırılır.

Layihənin dəqiq texniki göstəriciləri hələ açıqlanmayıb, lakin daha qısa qanad açılımı və daha böyük atəş gücü təyyarəyə B-2 “Spirit”, B-52 “Stratofortress” və B-1B “Lancer” kimi artıq yüksək səviyyəli sələfləri ilə müqayisədə üstünlük verə bilər. Yalnız zaman göstərəcək ki, “Northrop Grumman” tərəfindən hazırlanmış bu bombardmançı rəqib dövlətlərin analoji platformalarından əvvəl tam əməliyyat qabiliyyətinə çata biləcək, yoxsa yox.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   Bombardmançı  


Bizi "telegram"da izləyin