Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor və enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan deyib.
Onun sözlərinə görə, bu, ABŞ-nin İrana qarşı Anakonda metodundan istifadə edəcəyini göstərir.
“Ermənistan ABŞ üçün vacib bazalar hesab olunur və bu bazalar İrana qarşı gələcək hərbi əməliyyatlarda istifadə edilə bilər və məhz buna görə də İrandan, xüsusən də yeni təyin olunmuş səfirin dilindən sərt mövqelər səslənir. Vensin Ermənistan və Azərbaycana səfərinin təkcə iqtisadi deyil, həm də hər şeydən əvvəl hərbi-siyasi məqsədlər güddüyü göz qabağındadır”, - deyə Davtyan qed edib.
Davtyan bildirib ki, əgər həqiqətən də Vens ilə 20 hərbi təyyarə gəlibsə, bu, faktiki olaraq Ermənistanın İrana qarşı istifadə ediləcəyi deməkdir.
“Əgər bu məlumat doğrudursa, düşünürəm ki, bu xüsusi təyinatlı qüvvələr Zəngəzurda yerləşdiriləcək. Mən çoxdan demişəm ki, Zəngəzur silahsızlaşdırılacaq, Rusiyanın hərbi mövcudluğu məsələsi həll olunacaq və İranın cavabı gecikməyəcək. Bəli, regionda təhlükəsizlik arxitekturasının tamamilə transformasiyası baş verir və bu şəraitdə supergüclərin maraqlarının toqquşmasına müdaxilə etməmək üçün çox diqqətli olmalıyıq, əks halda bunun çox ağır bədəlini ödəyəcəyik”, - deyə erməni ekspert qeyd edib.
Davtyan vurğulayıb ki, əgər Ermənistanı təcrid etmək ssenarisi həyata keçirilərsə, Ermənistan Lesoto və ya San Marino kimi anklav dövlət statusu qazana bilər.
“Hazırda bizim vəzifəmiz İran və Rusiyaya qarşı bir vasitəyə çevrilməmək, Şimal-Cənub istiqamətinin tamamilə iflic olmasına imkan verməmək olmalıdır. ABŞ-nin təzyiqi altında Hindistanın ora investisiya qoymaqdan imtina etdiyi İranın Çabahar limanı ilə nə baş verdiyinə baxın və bu, Çabaharın Dehli üçün əsas nəqliyyat mərkəzi olduğu bir vaxtda baş verir. İnteqrasiya etməkdə maraqlarımıza uyğun olan Şimal-Cənub yeni bir meqa-nəqliyyat layihəsinə yol verir”, - deyə o bildirib.
Davtyan qeyd edib ki, o, Rusiya ilə TRIPP (Zəngəzur dəhlizi-red.) danışıqlarını istisna edir, çünki bu, Rusiyaya və müttəfiqlərinə qarşı yönəlmiş geosiyasi layihədir.
Alpər Mövludoğlu
Ordu.az