Erməni iqtsiadçı: “Bir çoxları 5 milyardın investisiya, yoxsa dövlət borcu olduğunu “tərcümə” etməyə çalışır”

2026/02/1771308872.jpg
Oxunub: 482     10:11     17 Fevral 2026    
“5 milyonla vermək, yoxsa 56 milyonla xilas etmək: real danışıqların qiyməti. Bir çoxları Cey Di Vensin açıqlamalarından 5 milyardın investisiya, yoxsa dövlət borcu olduğunu “tərcümə” etməyə çalışarkən, xatırlamağa dəyər ki, konkret nümunə ilə dövlət marağı əslində necə qorunub”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı, “Arrac” partiyasının üzvü Hovik Qriqoryan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəlində İrəvanın “Mars” zavodu iflas həddinə çatmışdı.

“İşçilər və müxtəlif investorlar tərəfindən təklif var idi ki, bütün zavod cəmi 5 milyon dollara satılsın. Bəli, səhmlərin 100 faizi maksimum 5 milyon dollar qarşılığında.

Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində 56 milyon dollar dəyərində müqavilə bağlandı. Bunun nəticəsində zavodda istehsal prosesləri təkmilləşdirildi və müəssisə Ermənistan ərazisində bir dam altında yerləşən ən böyük istehsal kompleksinə çevrildi. Fərq açıqdır: 5 və 56. Bu, artıq sadə satış deyildi, bu, dövlət marağı naminə aparılan danışıqlar idi”, - deyə Qriqoryan qeyd edib.

Qriqoryanın qiymətləndirməsinə görə, bundan əlavə, eyni aktiv və daha 3 aktiv (“Materialşünaslıq Elmi-Tədqiqat və İstehsalat Müəssisəsi” QSC, “İrəvan Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi-Tədqiqat İnstitutu” QSC və “İrəvan Riyazi Maşınlar Elmi-Tədqiqat İnstitutu” QSC) birlikdə “Borc əvəzində əmlak” prosesi çərçivəsində 100 milyon dollarla özəlləşdirməyə təklif ediləndə, Dünya Bankının nümayəndələri bildiriblər ki, hətta 20 milyon dollarla belə bu sövdələşməyə girməyə hazır deyillər.

“Faktiki nəticə isə ondan ibarət oldu ki, yalnız İrəvanın “Mars” zavodu 56 milyon dollara özəlləşdirildi.

Ən vacibi isə budur ki, bu sövdələşmədən sonra heç bir Avropa və ya ABŞ qurumu “Borc əvəzində əmlak” prosesinin hüquqi əsaslılığı ilə bağlı heç vaxt məsələ qaldırmayıb.

Qeyd etmək lazımdır ki, 1990-cı illərdə özəlləşdirmə zamanı heç bir zavod bu cür məbləğlərlə satılmayıb.

Bu, Robert Köçəryanın prezidentliyi dövründə dövlət marağının sadəcə çıxışlarla deyil, rəqəmlərlə qorunduğuna dair çoxsaylı nümunələrdən biridir.

P.S. (əks sual):

Bu sövdələşmə Ermənistan üçün səmərəli idimi, yoxsa yox? Cavab aydındır: qeyd olunan zavod 5 milyon dollara özəlləşdirilə, daha sonra isə dövlət borcunu ödəmək üçün başqa yollarla əlavə 51 milyon dollar tapılmağa cəhd edilə bilərdi. Əvəzində zavod 56 milyon dollara özəlləşdirildi və dövlət borcu 51 milyon dollar azaldıldı.

Tarixi təhrif etmək olar, faktiki rəqəmləri isə yox”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin