Ordu.az xəbər verir ki, bu barədə Tonoyanın müdafiə qrupu bəyanat yayıb.
Tonoyanın vəkilləri vurğulayıblar: “Ərizə “well-established case-law” proseduru ilə icraata qəbul edilib. Bu isə o deməkdir ki, qaldırılan məsələlər Avropa Məhkəməsinin artıq sabit və formalaşmış presedent hüququ çərçivəsində qiymətləndirdiyi hüquq pozuntularına aiddir. Başqa sözlə, oxşar hallarda pozuntular məhkəmə tərəfindən dəfələrlə təsbit olunub və hüquqi qiymətləndirmə artıq formalaşıb”.
Vəkillərin şikayəti aşağıdakı məsələləri əhatə edir:
- həbsin qanuniliyini və müddətinin əsaslandırılmasını,
- məhkəmə qərarlarının kifayət qədər əsaslandırılıb-əsaslandırılmamasını,
- hüquqi müəyyənlik və tərəflərin bərabərliyi prinsiplərinə əməl olunmasını.
Tonoyanın müdafiə qrupu bildirib ki, hazırkı mərhələdə araşdırma yalnız konvensiyanın ehtimal edilən pozuntularına aiddir, təqsirlilik məsələsinə toxunmur və məhkəmə prosesinin nəticəsini əvvəlcədən müəyyən etmir.
Erməni vəkillər həmçinin qeyd ediblər: “Ermənistanın Kassasiya Məhkəməsi də sabiq müdafiə naziri David Tonoyanla bağlı iş üzrə eyni xarakterli məsələ ilə əlaqədar kassasiya şikayətini icraata qəbul edib. Lakin artıq bir ildən çoxdur ki, həmin kassasiya şikayəti üzrə qərar qəbul olunmayıb. Ermənistan daxilində məhkəmə prosesi davam edir”.
Xatırladaq ki, 2021-ci il sentyabrın 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti David Tonoyan və silah tədarükü ilə məşğul olan David Qalstyanın xüsusilə külli miqdarda mənimsəmə şübhəsi ilə saxlanıldığını açıqlamışdı.
Alpər Mövludoğlu
Ordu.az