Hansı qadınlar Paşinyanın partiyasının siyahısının ilk 50 pilləsində yer alıb?

2026/02/l-kQJ-1771224002.jpg
Oxunub: 499     10:38     16 Fevral 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının mərkəzi ofisində ötən gün 2026-cı il parlament seçkiləri üçün “Vətəndaş Müqaviləsi” siyahısında namizədlərin müəyyənləşdirilməsinin birinci mərhələsi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr bildirib ki, ilk 50 pillədə yer alan şəxslərin adları açıqlanıb.

“Qeyd edək ki, ilk onluqda ümumiyyətlə qadın yoxdur, ilk 50 nəfər arasında isə cəmi 12 qadın yer alıb.

Qadınlar arasında ən yüksək pillədə səhiyyə naziri Anahit Avanesyan qərarlaşıb (13-cü pillə). Ondan sonra hakim partiya üzvü deputatlar Alxas Qazaryan, Arusyak Culhakyan və Hasmik Hakobyan gəlir.

Daha sonra Baş nazirin müşaviri Lilit Makunts, ədliyyə naziri Srbuhi Qalyan, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, deputatlar Arusyak Manavazyan və Zaruhi Batoyan yer alır”, - deyə nəşr vurğulayıb.

KİV qeyd edib ki, Paşinyanın partiyasının ilk 50 nəfərlik siyahısına ictimaiyyətə az tanış olan Tatevik Qasparyan, Gümrü ağsaqqallar şurasının “Vətəndaş Müqaviləsi” fraksiyasından Knarik Harutyunyan da daxil edilib. Siyahıda sonuncu qadın isə hakim fraksiyasının deputatı Sona Qazaryandır.

“Vətəndaş Müqaviləsi” fraksiyasının qadın deputatlarından isə Lusine Badalyan (54-cü yer), Arpine Davoyan (58-ci yer), Lilit Minasyan (59-cu yer), Tsovinar Vardanyan (69-cu yer), Taquhi Qazaryan (79-cu yer), Lilit Stepanyan (80-ci yer), Mariya Karapetyan (85-ci yer), Hripsime Qriqoryan (103-cü yer), Emma Palyan (104-cü yer), Heriknaz Tiqranayan (121-ci yer) və Anuş Kloyan (171-ci yer) ilk 50-liyə düşməyib.

Qeyd edək ki, bu mərhələdə hakim partiyanın təxminən 1100 nümayəndəsi partiya ofisinə gələrək 276 nəfərlik siyahıdan hərəsi 50 namizəd seçib. Nəticədə, ən çox səs toplayandan ən az səs toplayana qədər reytinq qaydasında hakim partiyanın ilkin siyahısı formalaşdırılacaq.

İlk 50 namizəd isə artıq mart ayında partiyadaxili platformada təbliğat kampaniyası aparacaq ki, nümayəndələr həmin 50 nəfər arasından yenidən seçim etsin və baş nazirliyə namizədi, eləcə də siyahıdakı yerlərin bölgüsünü müəyyənləşdirsin”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin