Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistanda 5.500 şirkətin bağlanması və vergi artımının 26 faizə çatması: kiçik biznesin “dağıdılması” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, hakimiyyətin təşəbbüsü ilə dövriyyə vergisi yükünün ikiqat artırılmasından sonra konkret olaraq neçə şirkətin bağlandığına dair dəqiq məlumat yoxdur.
“Həmin qərar ötən ilin əvvəlindən qüvvəyə minib. Lakin rəsmi statistika təsdiqləyir ki, ötən il Ermənistanda fəaliyyət göstərən kiçik biznes subyektlərinin sayı təxminən 5,5 min azalıb.
Bağlananların sayı təbii ki, daha çox olub. Çünki eyni dövrdə yeni qeydiyyatdan keçənlər də var. Ancaq onların sayı bağlananlarla müqayisədə xeyli azdır.
Nəticədə, dövriyyə vergisi yükünün ikiqat artırılmasından sonra ötən il kiçik biznes üzrə fəaliyyət göstərən şirkətlərin sayı bir neçə min azalıb.
Rəsmi məlumatlara görə, 2024-cü ildə belə şirkətlərin sayı 59.000-i keçirdi. Ötən ilin sonunda isə bu göstərici 53.500-ə enib.
Minlərlə kiçik və orta müəssisənin niyə bağlandığı və ya fəaliyyətini dayandırdığı barədə hakimiyyət heç vaxt açıq mövqe ortaya qoymayıb. Lakin aydındır ki, bu proses yaxşı şəraitdə baş verməyib. Şirkətlər vergi təzyiqinə tab gətirə bilmədikləri üçün bağlanıblar. Xüsusilə də hakimiyyət kiçik biznes üçün vergi yükünü ikiqat artırdıqdan sonra bağlanıblar. Dövriyyə vergisinin iki dəfə yüksəldilməsi bir çox sahibkarı fakt qarşısında qoyub”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, bunun nəticəsində kiçik biznesin üzərinə düşən vergi yükü kəskin artıb.
“Bu, onların ödədiyi vergilərin həcmində də açıq şəkildə görünür. Ötən il 1.000 iri vergi ödəyicisinin ödədiyi vergilər 9,7 faiz artdığı halda, iri vergi ödəyiciləri siyahısına daxil olmayanların, yəni əsasən kiçik və orta biznes nümayəndələrinin ödədiyi vergilər 26,2 faizdən çox artıb.
Beləliklə, iri 1.000-liyə daxil olmayanların ödədiyi vergilərin artım tempi təxminən 2,7 dəfə daha yüksək olub.
Vergi yükünün bu cür təzyiqi çoxsaylı şirkətlərin fəaliyyətini dayandırmasına, bunun da sosial nəticələrinə səbəb olub. Məlumdur ki, kiçik və orta biznes çox vaxt sosial əhəmiyyət daşıyır və burada çalışanlar həm məşğulluq, həm də sosial problemlərini həll etməyə çalışırlar. Lakin vergi yükü və təzyiqinin kəskin artmasından sonra bir çoxu fəaliyyətini dayandırmağa məcbur qalıb”, - deyə KİV bildirib.
Müəllifin sözlərinə görə, hakimiyyət nə qədər manevr etməyə çalışsa da, bu vəziyyət onların həyata keçirdiyi vergi siyasətinin birbaşa nəticəsidir.
“Təsadüfi deyil ki, gözlənilən seçkilər ərəfəsində kiçik biznesi dövriyyə vergisindən azad etməyə hazır olduğunu bəyan edən siyasi qüvvənin ortaya çıxması hakimiyyəti ciddi narahat edib. Söhbət iri iş adamı və xeyriyyəçi Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizim Üslubumuzla” hərəkatından gedir. Hərəkatın iqtisadi proqramının 5 əsas bəndindən biri kiçik biznes üçün dövriyyə vergisinin sıfır faiz tətbiq olunmasını nəzərdə tutur.
Bu bəyanatdan sonra hakim partiyanın nümayəndələri təşəbbüsün gözdən salınmasına yönəlmiş kampaniyaya başlayıblar. Kiçik biznes üçün dövriyyə vergisi yükünün ikiqat artırılmasının əsas tərəfdarlarından olan maliyyə naziri də reaksiya verib və rəhbərlik etdiyi nazirlik bununla bağlı mübahisəli vəziyyətə düşüb.
“Diqqətinizə çatdırıram ki, 2020-ci ildən Ermənistanda illik dövriyyəsi 24 milyon dramadək olan müəssisələr 0% dövriyyə vergisi ilə vergiyə cəlb olunur”, - deyə Vahe Hovhannisyan öz “Facebook” səhifəsində yazıb və faktları məqsədli şəkildə təhrif edib.
Ona Ermənistan İşəgötürənlər Respublika Birliyinin prezidenti Vahan Hambardzumyan cavab verərək yanlış məlumat yaymamağa çağırıb.
“Xahiş edirəm, paylaşımınızı elə redaktə edin ki, aydın şəkildə başa düşülsün: söhbət yalnız mikro sahibkarlıq subyektlərindən gedir. İllik dövriyyəsi 24 milyonadək olan, lakin mikro sahibkarlıq subyekti hesab edilməyən heç bir təşkilat və ya fərdi sahibkar 0 faiz dövriyyə vergisi ilə vergiyə cəlb oluna bilməz və ümumiyyətlə, Ermənistanın vergi qanunvericiliyində 0 faiz dövriyyə vergisi dərəcəsi mövcud deyil.
Bundan əlavə, dövriyyəsi 24 milyonadək olan bütün təşkilatlar və fərdi sahibkarlar mikro sahibkarlıq subyekti sayıla bilməz (məsələn, bütün ticarət fəaliyyəti və xidmətlərin böyük hissəsi və s.).
Eyni zamanda bildirirəm ki, bu paylaşımınız çoxsaylı təsərrüfat subyektləri arasında təşviş yaradıb. Onlara belə bir imkanın olmadığı deyildikdə isə hamısı sizin paylaşımınıza istinad edir”, - deyə İşəgötürənlər Respublika Birliyinin prezidenti yazıb.
Maliyyə naziri və hakim partiya nümayəndələri nə qədər çalışsalar da ki, dövriyyə vergisinin ikiqat artırılmasının yalnız zahiri xarakter daşıdığını, əvəzində vergi məbləğini azaltmaq imkanı yaradıldığını və bunun təsirinin cəmi 1-1,5 faiz səviyyəsində olduğunu iddia etsinlər, fakt budur ki, reallıqda kiçik biznesin vergi yükü kəskin artıb”, - deyə nəşr bildirib.
Məqalədə qeyd edilib ki, ötən il iri 1.000-liyə daxil olmayan digər şirkətlər birlikdə dövlət büdcəsinə 779 milyard dram ödəyiblər. Bu, əvvəlki illə müqayisədə 162 milyard dram və ya 26,2 faiz çoxdur.
“Bunu düşünmək sadəlövhlük olardı: onların fəaliyyəti və dövriyyəsi o qədər genişlənib ki, vergi öhdəlikləri 26,2 faiz artıb. Aydındır ki, bu artım tam olmasa da, böyük ölçüdə vergi yükünün yüksəldilməsi ilə bağlıdır.
Kiçik və orta sahibkarların vergi ödənişləri 26,2 faiz artdığı halda, iri biznesin ödədiyi vergilər cəmi 9,7 faiz artıb. Halbuki vaxtilə əsaslandırmağa çalışırdılar ki, dövriyyə vergisinin ikiqat artırılması kiçik biznesə qarşı deyil, iri biznesə qarşı yönəlib və məqsəd iri şirkətlərdə kölgə iqtisadiyyatını üzə çıxarmaqdır. İndi isə bunun nə dərəcədə doğru olduğu açıq görünür”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az