Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “5-ci kanal”ın efirində deyib.
O, “Son müsahibəsində Nikol Paşinyan demək olar ki, bildirdi ki, TRIPP mövcud olduğu müddətdə Ermənistanın suverenliyi də olacaq. Belə bir formul işlədildi ki, TRIPP 99 il müddətinədirsə, deməli, azı 99 il Ermənistanın suverenliyi var” ifadəsinə cavab olaraq deyib:
“Nə deyəcəyimi belə bilmirəm, daha doğrusu, izah üçün psixoloqlara və ya psixiatrlarla müraciət etmək daha düzgün olar. Bunun reallıqla heç bir əlaqəsi yoxdur.
Bugünkü formada TRIPP Ermənistana demək olar ki, heç nə vermir. Üstəlik, Türkiyənin Qars-Naxçıvan dəmir yolunun tikintisinə başladığını nəzərə alsaq, bu, bir şeyi göstərir. Daha əvvəl dediyim formulu bir qədər dəyişdirərək təkrar edirəm: mövcud vəziyyətdə TRIPP Ermənistan ərazisində Azərbaycan və Türkiyə üçün nəzərdə tutulmuş Amerika layihəsidir. TRIPP-ə verə biləcəyim ən doğru xarakteristika budur.
Əgər TRIPP-in miqyası genişlənməsə, Arazdəyənə qədər olan yol ora daxil edilməsə, həmçinin İranla dəmir yolu bağlantısı layihəyə salınmasa, yenə təkrar edirəm, TRIPP Ermənistan ərazisində Azərbaycan və Türkiyə üçün ABŞ layihəsidir.
9 milyardın ümumiyyətlə TRIPP-lə əlaqəsi yoxdur. Söhbət Ermənistan ərazisindən keçən bir dəhlizin formalaşdırılmasından gedir, başqa mövzu yoxdur.
Burada edilə biləcək maksimal investisiya 100 milyon dollardır. Təxminən 80-90 milyon dollar dəmir yolu və yol üçün, 1,5 milyon dollar optik kabel çəkilməsi üçün, 6-7 milyon dollar isə Azərbaycanla Naxçıvan arasında enerji bağlantısı yaradılması üçün lazımdır. Ermənistan isə bu cüzi tranzitdən belə faydalanmayacaq, çünki layihədə yarımçıq tərəfdir. Bu, xalqımıza satmağa çalışdıqları bir nağıldır.
Mənim qənaətimə görə, bu, ABŞ-nin Azərbaycana hədiyyəsidir. Amma bu hədiyyəni Ermənistan və erməni xalqı verir. Əgər tranzit potensialına malik ərazində dəhliz formalaşdırılırsa, sən həm geosiyasi rıçağını, həm də iqtisadi rıçağını itirirsən, çünki layihədə yarımçıq tərəfsən”.
Köçəryan qeyd edib ki, son vaxtlar Azərbaycan ərazisindən yüklərin daşınmasından çox danışılır.
“Amma ən maraqlısı budur ki, Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi üçün başqa imkanı olduğu barədə heç kim danışmır. Bu, Sovet İttifaqı dövründə əsasən istifadə edilən marşrutdur: İrəvan-Tbilisi-Soçi-Tuapse-Krasnodar-Moskva. Bu dəmir yolu mövcuddur, sadəcə gürcü–abxaz münaqişəsinə görə işləmir. Və bu marşrut Azərbaycan üzərindən keçən yoldan təxminən 600-700 km daha qısadır. Bu istiqamətin inkişafı, hətta sadəcə açılması üçün heç bir addım atılmır.
Bu yol açılan kimi, “Azərbaycan üzərindən heç kim bir vaqon belə yük daşımayacaq” (guya-red.), çünki daha baha başa gələcək. Burada Ermənistanın əlavə investisiyasına da ehtiyac yoxdur. Sadəcə, Azərbaycanla heç bir asılılıq yaratmayan bir istiqamət açılır. Bunun sayəsində Azərbaycan rəhbərliyinin Ermənistan üzərində heç bir rıçağı olmayacaq.
Bununla məşğul olmamaq sadəcə cinayətdir”, - deyə o vurğulayıb.
Sabiq erməni prezident “Bəs həmin dəmir yolunun vəziyyəti necədir?” sualına belə cavab verib: “Daha az vəsaitlə bərpa etmək mümkündür.
Xatırladım ki, 2003-cü ildə bu məsələ ilə məşğul olmağa çalışmışam. Eduard Şevardnadze dövründə. O, təklifimə müsbət reaksiya verdi və dedi ki, əgər abxazları razı sala bilsəniz, irəli getmək olar. O zaman “Abxaziya prezidenti” Vladislav Ardzinba ilə əlaqə yaratdım. Onu hələ 1989-cu ildən, Sovet İttifaqında xalq deputatı olduğu vaxtdan tanıyırdım. O da müsbət yanaşırdı, ilkin mərhələdə fikir mübadiləsi apardıq. Mən əmin idim ki, ardıcıl fəaliyyətlə bu məsələni həll etmək mümkündür. Çünki iqtisadi baxımdan hamı üçün sərfəli idi, təhlükəsizlik məsələləri və siyasi məqsədlərlə istifadə olunmaması üçün müəyyən təminatlar tapılmalı idi.
Sonra Gürcüstanda hakimiyyət dəyişdi, Mixeil Saakaşvili gəldi və çox aqressiv mövqe tutdu. Onunla bu mövzunu müzakirə etmək mümkün deyildi. O, aqressivliyini 2008-ci ilin ikinci yarısında Cənubi Osetiyaya hücumla da göstərdi”.
Köçəryan qeyd edib ki, bu, çox real və hamı üçün, həm Rusiya, həm də, yeri gəlmişkən, Türkiyə üçün sərfəli istiqamətdir:
“Çünki Türkiyə Rusiya ilə daha qısa dəmir yolu bağlantısı əldə edəcək. Ermənistan üçün isə bu, sadəcə arzu kimi bir şeydir.
Enerjini bu istiqamətə yönəltmək, vasitəçi rolunu oynamağa çalışmaq lazımdır. Abxaziyada 90 mindən çox erməni yaşayır, say baxımından demək olar ki, abxazlarla eynidir.
Bu mövzu həm Azərbaycanla danışıqlarda, həm də sülh müqaviləsi məsələsində geosiyasi baxımdan bizə əlavə azadlıq dərəcəsi verə bilər. Çünki kommunikasiya və Rusiya ilə bağlantı Azərbaycandan asılı olmayacaq.
Vətəndaşlarımızı sadəcə xəritəyə baxmağa dəvət edirəm: hesablasınlar, İrəvandan Moskvaya Soçi və Krasnodar üzərindən neçə kilometrdir, Bakı-Dərbənd istiqaməti ilə neçə kilometrdir. Bu istiqamət təxminən 650-700 kilometr daha qısadır.
Üstəlik, bu marşrut üzrə sərnişin qatarı da işləyə bilər. Yaşlı nəsil yəqin ki, Moskvaya Qara dəniz sahili ilə qatarla getdiklərini xatırlayır. Bu, tam real layihədir, sadəcə bununla məşğul olmaq lazımdır, demoqogiya ilə yox. Ya da çıxılmaz vəziyyət yaradıb havadan götürülmüş layihələr ətrafında təbliğat şousu qurmaqla yox.
Əgər Ermənistanın maraqları ilə hərəkət edirsənsə, o zaman bir tərəfdən belə asılılığın yaranmaması üçün bütün imkanları axtarmalısan. Bu gün özlərini inandırıblar ki, Azərbaycandan asılılıq var. Əslində isə belə asılılıq yoxdur. Xalqımıza Ermənistanın inkişafının yalnız bu layihədə olduğunu təlqin etməyə çalışırlar və bunu təbliğat materialına çevirirlər”.
Sabiq erməni prezident deyib ki, Azərbaycanla münasibətlər qurulmalıdır.
“Mən alternativ imkanları təsvir etdim. Bu o demək deyil ki, Azərbaycanla münasibətlər qurulmamalıdır. Əlbəttə, qurulmalıdır. Amma alternativlərin olduqda, Azərbaycanla asılı vəziyyətdə danışıqlar aparmırsan və tamamilə başqa mənzərə yaranır. Gələcəkdə də dəmir yollarının işləyib-işləməsi bir nəfərin iradəsindən asılı olmayacaq. Əgər daha ucuz tarif təklif edərlərsə, qoy Azərbaycan üzərindən daşısınlar. Amma daha uzun marşrut üçün daha ucuz tarif mümkün deyil”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az