Gürcüstanın xarici işlər naziri Estoniya səfirinin Ermənistana köçürülməsini şərh edib: “Xüsusi heç nə görmürəm”

2025/01/afe5d-1737035701.jpg
Oxunub: 386     21:09     15 Fevral 2026    
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Tbilisidə Estoniya səfiri Marqe Mardisalu-Kaharın fəaliyyətinə xitam verilməsi və onun Ermənistana köçürülməsi qərarında “xüsusi heç nə” görmür.

Ordu.az xəbər verir ki, bu barədə “Qruziya Onlayn” məlumat yayıb.

“Bu, istənilən ölkənin səlahiyyətidir. Xarici işlər nazirlikləri səfirləri öz mülahizələrinə əsasən bir vəzifədən digərinə təyin edə bilərlər. Mən burada xüsusi heç nə görmürəm… Əgər yalnız Estoniya tərəfi özü buna xüsusi məna vermirsə, burada qeyri-adi heç nə yoxdur”, - deyə Boçorişvili “Munich Security Conference” çərçivəsində bildirib.

Görünür, Tallin bu qərarla bağlı Tbilisini rəsmi şəkildə məlumatlandırmayıb. Gürcüstan XİN-dən köçürülmə barədə məlumatı mətbuatdan öyrəndiklərini bildiriblər.

“Estoniya KİV-lərində yayılan məlumatı şərh edə bilmərəm”, - deyə nazir jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Kadr dəyişiklikləri barədə daha əvvəl Estoniyanın milli teleradio yayımı qurumu ERR məlumat vermişdi. Mardisalu-Kaharın rezidensiyası hazırda Tbilisidə yerləşir və onun səlahiyyətləri eyni zamanda həm Gürcüstanı, həm də Ermənistanı əhatə edir. Lakin Estoniya yaxın vaxtlarda İrəvanda ilk səfirliyini açmağı planlaşdırır və bundan sonra diplomat fəaliyyətini oradan davam etdirəcək.

Tallində bu qərar Gürcüstan hökuməti ilə münasibətlərin soyuması və eyni zamanda Ermənistanla əlaqələrin möhkəmləndirilməsi ilə izah olunub. Son aylarda Estoniya Gürcüstan hakimiyyətini avrointeqrasiya kursundan uzaqlaşmaqda və daxili siyasi proseslərə reaksiyasına görə dəfələrlə tənqid edib. Eyni zamanda, Ermənistan və Avropa İttifaqı arasında dialoqun dərinləşməsi fonunda İrəvanla əməkdaşlıq, əksinə, fəallaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan   Estoniya  


Bizi "telegram"da izləyin