Ermənistan parlamentinin sədri kilsəyə münasibətdə hakimiyyətin siyasəti barədə danışıb

2026/02/1771169798.jpg
Oxunub: 362     19:34     15 Fevral 2026    
“Kilsə ilə qarşıdurma yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Dojd” telekanalına verdiyi müsahibədə Erməni Apostol Kilsəsi ilə qarşıdurma barədə suala cavab olaraq deyib.

“Qarşıdurma elə şəxslərlədir ki, onlar tez-tez Ermənistandan kənarda yerləşən maraqlara xidmət edirlər və üstəlik, öz şəxsi maliyyə, həmin sözü işlətmək istəmirəm, amma gəlin bunu “intim” maraqlar adlandıraq”, - deyə o qeyd edib.

Simonyan misal da çəkib. “Məsələn, fərz edək ki, hansısa ölkədə məlum olur ki, kilsədə yüksək vəzifə tutan X adlı şəxs pedofildir. Əgər buna hüquq-mühafizə orqanları reaksiya versə və ya hansısa siyasətçi pedofiliyanı tənqid etsə, bu, kilsəyə hücum sayılacaqmı? Qara sxemlərin arxasında gizlənmək və bunu bir növ indulgensiya hesab edərək hər şeyin mübah olduğunu düşünmək olmaz, elə ki məsuliyyətə cəlb olunurlar, dərhal bunun kilsəyə hücum olduğunu iddia edirlər”, - deyə o bildirib.

Dəqiqləşdirici suala cavab olaraq Ermənistan parlamentinin sədri “kilsənin 4-5 yüksək vəzifəli nümayəndəsini” nəzərdə tutduğunu deyib.

“Yüksək vəzifəli, çox deyil, bir neçə, məsələn, 4-5 yüksək dərəcəli din xadimi var ki, belə situasiyalara bulaşıblar. Bundan əlavə, sənəd var ki, hazırda özünü katolikos kimi təqdim edən şəxsin doğma qardaşının Rusiya xarici kəşfiyyatı ilə əməkdaşlıq etməsi barədə ərizə təqdim etdiyini təsdiqləyir, yəni onun bu barədə imza atdığı arayış mövcuddur və sair”, - deyə Simonyan bildirib.

O, “xarici qüvvələr” deyərkən konkret olaraq Moskvanı nəzərdə tutduğunu dəqiqləşdirib.

“Bəli, konkret bu halda, bəli. Gətirdiyim nümunə bunu göstərir. Amma bir mühüm məqam da var. Erməni kilsəsinin bir çox yüksək vəzifəli nümayəndələri də həmin şəxslərə qarşı çıxış ediblər. Bu vəziyyətdə isə özünü katolikos adlandıran şəxs onları sadəcə vəzifədən kənarlaşdırmağa başlayıb. Halbuki onlar Erməni Apostol Kilsəsinin ən yüksək rütbəli nümayəndələridir. Yəni orada o və bir neçə silahdaşı hazırda hakimiyyəti zəbt ediblər, hətta adi dinləmələrini və iclaslarını da keçirə bilmirlər, çünki kvorumları yoxdur”, - deyə Simonyan bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət təqibinə başlayıb və onun ölkədən çıxışına qadağa qoyub. Bundan əvvəl daha altı yepiskopun da Ermənistandan çıxışı qadağan edilmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Simonyan  


Bizi "telegram"da izləyin