Ermənistanın ilk XİN rəhbəri: “Xilaskar” olmaq rolundan çıxmaq lazımdır, sağa-sola baş nazirliyə namizəd elan etməklə olmaz”

2025/12/1766559168.jpg
Oxunub: 317     12:16     28 Yanvar 2026    
“Nə Ermənistanı təmsil edən şəxs kimi, nə də mənim həmvətənim və ya həmşəhərlim kimi bu adı və bu sözləri artıq tanımıram. Bunlar şərh olunası sözlər deyil”.

Ordu.az xəbər verir ki, bunu bu gün ordu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində Ermənistanın ilk xarici işlər naziri, “İrs” partiyasının lideri Raffi Hovannisyan Baş nazir Nikol Paşinyanın “İndi bizdə daha yaxşı ordu var və olacaq” açıqlamasına münasibət bildirərkən deyib.

“Bizi məğlubiyyətə aparanlar, ölkənin təsliminə, vətənsizliyə sürükləyənlər, rəqiblə əlbir olanlar nəsə demək üçün çox az əsaslara malikdirlər. Qalan məsələlərdən isə biz dərs çıxarmalı və vəziyyəti dəyişə bilməliyik. Təkcə adamı, adı dəyişmək yox, vəziyyəti dəyişmək, ruhu dəyişmək, mənəviyyatı dəyişmək lazımdır ki, bu gün həqiqətən ümummilli bayram kimi bərpa olunsun, dünən etdikləri kimi bir-birindən ayıran yox, birləşdirən, həmrəy edən bayram olsun. Ümid edirik ki, bu il ərzində bu vəziyyəti dəyişmək üçün lazımi uzaqgörənliyə, müdrikliyə, təvazökarlığa və vicdana sahib olacağıq”, - deyə o bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyə görə Ermənistana silah satılmadığı və KTMT-nin Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyi ilə bağlı iddialara toxunan Raffi Hovannisyan deyib: “KTMT, Rusiya, Qərb, hamısının öz günah payı var və tariximiz bunu inkar edə bilməz. Bu, həqiqi faktdır. Amma bütün bunların əsasında Ermənistanın hazırkı hakimiyyətinin davranışı, əlbirliyi, ali baş komandanın artıq etiraf etdiyi qərarı dayanır, yəni söhbət xalqımızı, dövlətimizi məğlubiyyətə aparmaq qərarından gedir ki, hansısa uydurma, xəyali respublika yaradılsın.

Hamını, müxtəlif qüvvələri günün tələbinə uyğun olaraq ittiham etmək olar, keçmişdən danışmaq olar, amma ilk növbədə hazırkı hakimiyyətin, son aylarını yaşayan, qeyri-qanuni, etibarsız, heçə sayılan hakimiyyətin əsas iş üslubu başqalarını günahlandırmaqdır.

Bu, onların boşluğunu, iflasını göstərir və biz iflasa sürüklənmiş bir respublika ilə yaşaya bilmərik. Biz bu iflasdan, bu çuxurdan çıxmalıyıq”.

Hakimiyyəti seçkilər yolu ilə dəyişməyin real olub-olmaması ilə bağlı suala o belə cavab verib: “Bütün üsullarla lazımdır, mümkündür və olmalıdır. Amma bu, həm də bizim iradəmizdən, birliyimizdən, uzaqgörənliyimizdən asılıdır, sağda-solda baş nazirliyə namizəd elan etməkdən, özünü namizəd kimi təqdim etməkdən, bəlkə zəruri, qaçılmaz görünən, amma hər halda yanlış üslubdan asılı deyil.

Əgər bu metodologiya ilə, əvvəlki ümummilli seçkilərin təkrarı kimi davam edərsə, çətinliklərlə üzləşə bilərik. Buna görə də çox şey bizdən asılıdır.

Görünən odur ki, müəyyən narahatlıqlar üçün əsaslar var: orada partiya rəhbərliyi, baş nazir üstünlüyü hökm sürür, xalqı birləşdirmək, həmrəy etmək zərurəti isə arxa plandadır.

Şəxsən mən və “İrs” partiyası bu uğurun, bu qələbənin əldə olunması üçün nə qədər lazımdırsa, o qədər iştirak edəcəyik. Əgər bu, ön xətti tələb edərsə, ön xətdə olacağıq, arxa cəbhəni tələb edərsə, arxa cəbhədə olacağıq. Bu dəfə tam mənası ilə Ermənistanın, ölkənin, erməni xalqının kimliyi və gələcəyi, varlıq-yoxluq məsələsi masaya qoyulub.

Mən heç kimə iştirak etməməyi deməli deyiləm, amma əsasən vahid yanaşma olmalıdır, bu, bir namizəd olacaq, yoxsa iki, deyə bilmərəm. Amma hər kəs “xilaskar olmaq”, “Tanrı tərəfindən verilmiş namizəd olmaq” kimi özünü aldatma, xülyadan çıxmalıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovannisyan  


Bizi "telegram"da izləyin