2025-ci ildə Ermənistanda jurnalistlərə qarşı hörmətsiz davranış nümayiş etdirənlər arasında hakimiyyət nümayəndələri də olub

2026/01/1769432493.jpg
Oxunub: 435     17:00     26 Yanvar 2026    
“2025-ci il ərzində jurnalistlərə qarşı hörmətsiz münasibət, hədələr və təhqirlər, habelə qanuni peşə fəaliyyətinə maneə yaradılması ilə bağlı 45 hal qeydə alınıb. Onlardan 33-ü dövlət orqanları və ya vəzifəli şəxslər tərəfindən törədilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Söz azadlığının müdafiəsi komitəsi”nin 2025-ci il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, media nümayəndələri ilə ünsiyyətdə xüsusilə Ermənistan parlamentinin sədri Alen Simonyan, deputatlar Andranik Köçəryan, Vilen Qabrielyan və Arsen Torosyan, İrəvan şəhərinin meri Tiqran Avinyan, Gümrü şəhərinin meri Vardan Qukasyan və digərləri vəzifəli şəxsə yaraşmayan davranış nümayiş etdiriblər.

Qeyd edilib ki, erməni jurnalistlərə və operatorlara qarşı fiziki zorakılıq hallarının sayı 15-dir.

“Onlardan 7-si hüquq-mühafizə orqanları tərəfindən, 7-si hakimiyyəti dəstəkləyən vətəndaşlar tərəfindən, 1 halda isə icraçı hələlik müəyyən edilməmiş şəxs tərəfindən həyata keçirilib.

2024-cü illə müqayisədə hesabat ilində məlumat alma və yayma hüququnun pozulması halları azalsa da, mövcud vəziyyəti qənaətbəxş hesab etmək hələ də çətindir. Bu kateqoriya üzrə 101 pozuntu qeydə alınıb.

Jurnalistlərin sorğularına dövlət orqanlarının cavablarının əsassız şəkildə gecikdirilməsi, məlumat verilməsindən əsassız imtina, sualların mahiyyətinə uyğun gəlməyən formal və qeyri-kafi cavablar geniş yayılmış hallar olaraq qalır.

Media sahəsini tənzimləyən qanunvericilik hesabat ilində qismən dəyişikliklərə məruz qalsa da, daha dərin, sistemli islahatlara, müasirləşdirilməyə və beynəlxalq normalara uyğunlaşdırılmağa ehtiyac duyur”, - deyə hesabatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Jurnalist  


Bizi "telegram"da izləyin