2025-ci ildə Ermənistanda jurnalistlərə qarşı 15 fiziki zorakılıq halı qeydə alınıb, jurnalistlərə qarşı 61 məhkəmə iddiası qaldırılıb - HESABAT

2026/01/1769432306.jpg
Oxunub: 485     16:57     26 Yanvar 2026    
2025-ci ildə Ermənistanda kütləvi informasiya vasitələrinə və jurnalistlərə qarşı müxtəlif təzyiqlərin böyük əksəriyyəti və məhkəmə iddialarının yarısı hakimiyyət nümayəndələri, o cümlədən yüksək vəzifəli şəxslər tərəfindən həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Söz azadlığının müdafiəsi komitəsi”nin 2025-ci il üzrə illik hesabatında qeyd olunur.

Hesabata görə, media nümayəndələrinin hüquqlarının pozulması hallarının ümumi sayı əvvəlki ilin göstəricisini ötərək müvafiq olaraq 224 və 208 təşkil edib. Pozuntuların növləri üzrə statistik göstəricilər belədir: 15 fiziki zorakılıq halı, 108 digər təzyiq, 101 məlumat alma və yayma hüququnun pozulması.

“Əvvəlki illərdə olduğu kimi, göstərilən halların sayında xüsusilə ölkədə ictimai-siyasi vəziyyətin kəskinləşdiyi dövrlərdə artım qeydə alınıb. Hakimiyyət-kilsə rəhbərliyi və hakimiyyət-müxalifət qarşıdurmalarının işıqlandırılması dezinformasiya, saxta xəbərlər, manipulyativ şərhlər, təhqir və böhtanın yayılması ilə müşayiət olunub.

Formalaşmış şəraitdə həm informasiya məkanının qütbləşməsi, KİV-lərin əksəriyyəti tərəfindən müxtəlif siyasi düşərgələrin maraqlarına xidmət edilməsi, həm də hakimiyyət və müxalif qüvvələrin bir-birinə və “özününkülər” sırasına daxil olmayan jurnalistlərə qarşı dözümsüzlük və aqressiyası daha qabarıq şəkildə özünü göstərib.

Yaranmış gərgin mühitdə peşə prinsiplərinə uyğun jurnalist fəaliyyəti son dərəcə çətinləşib. Nəticə etibarilə, bu tendensiyalar media orqanlarına olan etimad səviyyəsinə də mənfi təsir göstərir. KİV-lərdə və sosial şəbəkələrdə nifrət və dözümsüzlüyün yayılması ictimai əhəmiyyətli məsələlər ətrafında sivil debat və müzakirələrin aparılmasına ciddi maneə yaradır ki, bu da xüsusilə 2026-cı il parlament seçkiləri ərəfəsində narahatedicidir”, - deyə hesabatda bildirilib.

Qeyd edilib ki, görünür, məhz bu gərgin vəziyyət 2025-ci ildə jurnalistlərə və media qurumlarına qarşı qaldırılan yeni məhkəmə iddialarının sayında kəskin artımı şərtləndirib.

“Bu göstərici inqilabdan sonrakı dövr olan 2019-cu və müharibədən sonrakı 2021-ci illərdə qeydə alınan analoji məhkəmə işlərinin sayı ilə müqayisə oluna biləcək səviyyədədir. Hesabat ilində Ermənistanın Mülki Məcəlləsinin 1087.1-ci maddəsi ilə nəzərdə tutulan təhqir və ya böhtan əsasında 61 yeni iddia qaldırılıb, əlavə olaraq 2 iddia müəllif hüquqlarının qorunması tələbi ilə təqdim edilib. 2024-cü ildə bu iddiaların sayı 43 olmuşdu. Qeyd olunan 63 iddiadan 31-i dövlət orqanları və ya vəzifəli şəxslər tərəfindən irəli sürülüb.

Məlumat mübahisələrinin məhkəmə yolu ilə həllinə müraciət edənlər arasında, digərləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Ermənistanın Baş naziri Nikol Paşinyan, onun aparat rəhbəri Arayik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Hayk Sarkisyan və Rüstəm Bakoyan, deputat, daha sonra isə əmək və sosial məsələlər naziri olmuş Arsen Torosyan və başqaları da var.

Əvvəlki illərdə media qurumlarına və jurnalistlərə qarşı qaldırılmış və icraata qəbul edilmiş işlərdən 15-i üzrə 2025-ci ildə iddialar təmin edilib və məhkəmə aktları qüvvəyə minib. Bu qərarlara əsasən cavabdehlər təkzib dərc etməyə, pul kompensasiyası və ya məhkəmə xərclərini ödəməyə məcbur edilib”, - deyə hesabatda vurğulanıb.

Qeyd edilib ki, ümumilikdə həmin məhkəmə aktları ilə jurnalistlərdən və media qurumlarından təxminən 3,3 milyon dram məbləğində vəsaitin tutulmasına qərar verilib:

“Media qurumlarına qarşı əvvəlki illərdə qaldırılmış 21 iddia 2025-ci ildə qəti şəkildə rədd edilib, 6 işə xitam verilib, 2 iddia isə geri qaytarılıb.

Media qurumları və jurnalistlər tərəfindən vəzifəli şəxslərə və dövlət orqanlarına qarşı əvvəlki illərdə qaldırılmış 5 iddia 2025-ci ildə qəti şəkildə rədd edilib, 1 iddia təmin olunub, daha 9 iddia isə icraat mərhələsindədir. Həmin iddialardan 3-ü hesabat ilində icraata qəbul edilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zorakılıq   Jurnalist  


Bizi "telegram"da izləyin