Ordu.az xəbər verir ki, KIZILELMA Operator Heyətinin rəhbəri Elif Ergin eyni zamanda AKINCI zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) və KIZILELMA layihələrində operator hazırlığı keçərək “Baykar” tərkibində kritik vəzifələri yerinə yetirir.
Yerli və milli imkanlarla Baykar tərəfindən hazırlanmış KIZILELMA-nın uçuş sınaqları Baykar Uçuş Təlim və Sınaq Mərkəzində fasiləsiz davam edərkən, Elif Erginin karyerası gənclər və xüsusilə qadınlar üçün diqqətçəkən rol modeli kimi ön plana çıxır.
TB2, AKINCI və KIZILELMA-nı uçururam
PUA-larla yoluna “Bayraktar” TB2 ilə başlayan Elif Ergin bu gün həm AKINCI zərbə PUA-sı, həm də KIZILELMA layihələrində operator heyətinin rəhbəri vəzifəsini icra edir. Eyni zamanda “Baykar”da PUA operatoru üzrə təlimatçı kimi çalışan Ergin bu üç platformanı aktiv şəkildə uçurduğunu bildirir.
Ergin KIZILELMA-nın əhəmiyyəti ilə bağlı dəyərləndirməsində bunları deyib:
“Bayraktar” TB2, AKINCI və KIZILELMA-nı uçururam. KIZILELMA-nın sabahın oyun qurucusu olduğunu demək olar. Ölkəmin mənafeyi naminə belə bir sistemdə yer almaq mənim üçün böyük qürur və sevincdir”.
Operator hazırlığı beş aylıq intensiv prosesi əhatə edir
Elif Erginin verdiyi məlumata görə, “Baykar”da PUA operatoru hazırlığı ətraflı nəzəri təlim və imtahan mərhələsi ilə başlayır. Nəzəri mərhələni uğurla başa vuran namizədlər simulyasiya təlimlərinə cəlb edilir. Bundan sonra isə real uçuş mərhələsinə keçilir.
Ümumilikdə təxminən beş ay davam edən təlim müddətində operator namizədləri ən azı 30 uçuş tapşırığı yerinə yetirir. Hər uçuşun ayrıca qiymətləndirildiyi bu prosesin sonunda bütün tapşırıqları uğurla tamamlayan kursantlar operator sertifikatı almaq hüququ qazanır.
AKINCI vətən səmalarında strateji gücdür
Təxminən beş ildir PUA operatoru kimi fəaliyyət göstərdiyini bildirən Ergin AKINCI zərbə PUA-sınınn sahədəki roluna da diqqət çəkib:
“AKINCI əməliyyat hündürlüyü, daşıdığı döyüş sursatının həcmi və havada qalma müddəti ilə vətən səmalarımızda yorulmaz bir müşahidəçi və strateji gücdür. KIZILELMA isə gələcəyin döyüş konsepsiyalarında həlledici rol oynayacaq”.
Gənc qadınlara çağırış
Elif Ergin çıxışlarında gənclərə və xüsusilə qadınlara da xüsusi mesaj ünvanlayıb:
“Xüsusilə gənc qadın bacılarımız xəyallarını üfüqdən o tərəfə daşımaqdan imtina etməsinlər. Bu yolda “Gələcək göylərdədir” deyərək bizə yol göstərən Qazi Mustafa Kamal Atatürkün mənəvi qızı Sabiha Gökçənin izi ilə irəliləməyə davam etsinlər”.
Sevinc Əliyeva
Ordu.az