Erməni nazir müavini: “Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması turizm axınlarını artıracaq”

2026/01/1769423025.jpg
Oxunub: 369     14:22     26 Yanvar 2026    
“Hazırda üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması müzakirə edildiyindən, bunun ilk və ən sürətli təsiri turizm axınlarının artması olacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsinə baxış zamanı bildirib.

O qeyd edib ki, bu proses xüsusilə xidmətlər sektoruna təsir göstərəcək.

Avetyanın sözlərinə görə, Türkiyə ilə sərhədin açılması iqtisadiyyat üçün sürətli, praktik və müsbət təsir göstərə bilər. O qeyd edib ki, dənizə çıxışı olmayan və eyni zamanda dörd sərhədindən ikisi bağlı olan bir ölkə üçün iqtisadi subyektlər çoxsaylı çətinliklərlə üzləşir.

Erməni nazir müavini vurğulayıb ki, Ermənistan əsasən “Lars” keçid məntəqəsindən asılı vəziyyətdədir və Türkiyə ilə sərhədlərin açılması sahibkarlara bir neçə istiqamətdə kömək edəcək. İlk növbədə nəqliyyat xərcləri azalacaq, təchizat zəncirləri qısalacaq və bazarlara çıxış imkanları genişlənəcək. Onun sözlərinə görə, uzun illər bağlı qalan sərhədlər logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və erməni istehsalçıların dünya bazarında mövqe tutması baxımından ciddi problemlər yaradıb.

Avetyan Türkiyə ilə sərhədin açılmasını Ermənistanın ixracın diversifikasiyası gündəliyi baxımından da mühüm hesab edib.

Onun fikrincə, sərhədlərin açılması məhdud marşrut və istiqamətlərdən asılılığın azaldılmasına, yeni bazarlara çıxışa və ixracın diversifikasiyasına imkan yaradacaq.

Eyni zamanda, ekspert araşdırmaları göstərir ki, bu addım xarici ticarətə müsbət təsir göstərəcək, paralel olaraq investisiya axınının və investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq. Bəzi ekspert qiymətləndirmələrinə əsasən, investisiya axınlarının həcminin 20 faiz artacağı gözlənilir ki, bu da təkcə Ermənistanda deyil, bütövlükdə regionda müşahidə oluna bilər.

Avetyan bildirib ki, hazırda sərhədlərin açılmasının iqtisadiyyata təsirini daha detallı qiymətləndirmək üçün araşdırma aparılır və ehtimal ki, növbəti mərhələdə bu prosesin region ölkələrinin iqtisadiyyatları arasında qarşılıqlı əlaqələrə və əməkdaşlığın inkişafına hansı dəyişikliklər gətirəcəyi də öyrəniləcək.

Onun sözlərinə görə, daha qısa və əlçatan logistika marşrutları erməni istehsalçılarına yeni bazarlara çıxmağa, məhdud sayda istiqamətlərdən asılılığı azaltmağa və daha sürətli, çevik tədarükü təmin etməyə imkan verəcək.

Erməni nazir müavini həmçinin qeyd edib ki, yolların açılması və Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqına yaxınlıq şəraitində Ermənistanın Avropa İttifaqına ixrac imkanları, xüsusilə sənaye məhsulları üzrə genişlənə bilər.

O vurğulayıb ki, açıq sərhədlər təkcə Ermənistan üçün deyil, bütün region üçün fayda yaradacaq.

“Tranzit axınlarının aktivləşməsi və təchizat zəncirlərinin qısalması bütün cəlb olunmuş tərəflər üçün sərfəlidir. Bu, regionun beynəlxalq ticarət marşrutlarında rəqabət qabiliyyətini və cəlbediciliyini artıracaq”, - deyə erməni nazir müavini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin