Ordu.az xəbər verir ki, erməni politoloq Hrant Mikayelyan mövcuz vəziyyəti şərh edib.
Bu açıqlamalardan sonra hansı mümkün inkişafların baş verə biləcəyi sualına cavab olaraq Mikayelyan qeyd edib:
“Hər iki tərəf kifayət qədər məhdud vəziyyətdədir. İran hakimiyyəti ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmir, çünki İran onsuz da mürəkkəb vəziyyətdədir, ABŞ isə itkilərə dözmək iqtidarında deyil. Yəni ABŞ əməliyyat həyata keçirərsə və bu uğursuz olarsa, bu, Tramp üçün son dərəcə ciddi məğlubiyyət olacaq. Məhz buna görə diplomatik alver cəhdlərini gördük”.
Bununla belə, Trampın “armada”nın yaxınlaşması ilə bağlı bəyanatlarını erməni politoloq kəskin qiymətləndirib və İran istiqamətində mümkün zərbə ehtimalını da istisna etməyib.
“İranın öz sözünün çəkisini təmin etməyə ehtiyacı var və bu, əsas çağırış olacaq. Yəni əsas sual budur: İran nə edə bilər və daxili və xarici amilləri nəzərə alaraq hansı addımları atacaq?”, - deyə o qeyd edib.
Mikayelyan deyib ki, İran güzəştlərə getməyəcək, ABŞ isə hansısa mərhələdə zərbə endirə bilər, lakin əsas məsələ İranın ABŞ-yə ciddi ziyan vurub-vura bilməyəcəyidir. “Qeyri-müəyyənliklər çoxdur”, - deyə o vurğulayıb.
Bu vəziyyətdə Ermənistanın necə mövqe tutmalı olduğu, bir tərəfdə ənənəvi olaraq dost sayılan İranın, digər tərəfdə isə özünü regionda sülhyaratmaçı kimi təqdim edən ABŞ-nin olduğu şəraitdə hansı xəttin seçilməli olduğu sualına cavab olaraq erməni analitik bildirib ki, Ermənistan neytrallığı qoruyub saxlamalıdır.
“Ermənistan üçün İran son dərəcə mühüm və dost dövlətdir, lakin digər tərəfdən İranın məğlubiyyəti riskini də nəzərə almamaq olmaz. Ermənistan zərurət yaranacağı halda humanitar dəstəklə kifayətlənməlidir, çünki ölkənin öz mövqeyi ilə nəyisə dəyişmək imkanı yoxdur”, - deyə o vurğulayıb.
Mikayelyan bildirib ki, Ermənistan heç bir halda anti-İran fəaliyyətlərində iştirak etməməlidir, Ermənistan ərazisindən İranın şimalına qarşı kəşfiyyat aparılmamalıdır və Ermənistan ərazisindən İran istiqamətində heç bir atəş açılmamalıdır.
İran tərəfinin bəyan etdiyi kimi, İran əleyhinə istənilən addımın dəstəklənməsi region ölkələri üçün ağır nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıqdan sonra Mikayelyandan bu bəyanatın ilk növbədə hansı ölkələrə ünvanlandığı soruşulub.
“İranın təhdidi, mənim fikrimcə, həm Ermənistana, həm də İraqa yönəlib. İraqda ABŞ və Türkiyə təsiri hələ də yüksək olaraq qalır. Ermənistan isə 2025-ci ilin iyununda İsrailin hücumu zamanı heç bir dəstək göstərməyib. Lakin bu gün İranı narahat edən əsas məsələ Ermənistanda ABŞ təsirinin artmasıdır.
Əgər İranın yeni təyin olunmuş səfirinin sərt bəyanatlarını xatırlasaq görərik ki, İranda Ermənistanın mövqeyi, eləcə də Tramp-İlham Əliyev-Paşinyan formatında son proseslərlə bağlı ciddi narahatlıq var”, - deyə erməni politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az