KİV: Ermənistan Cənubi Qafqaz ölkələri arasında borc yükünə görə ən pis vəziyyətdədir

2026/01/1769411464.jpg
Oxunub: 659     16:17     26 Yanvar 2026    
Ermənistan Cənubi Qafqaz ölkələri arasında borc yükünə görə ən pis vəziyyətdədir. Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə borcun səviyyəsi ən yüksək olan ölkə məhz Ermənistandır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nərş qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Ermənistanın borcu ÜDM-in 53,4 faizini təşkil edir.

“Bu, regionda ən pis göstəricidir. Məsələn, Gürcüstanda borc yükü ÜDM-ə nisbətdə 34,2 faizdir. İranda bu göstərici 35,6 faizə çatır. Rusiyada isə xeyli aşağıdır, cəmi 23,1 faizdir.

Borcun ÜDM-ə nisbəti baxımından Ermənistan Türkiyə və Azərbaycanla müqayisədə də xeyli pis vəziyyətdədir. Türkiyənin borcu ÜDM-ə nisbətdə 24,3 faizdir, Azərbaycanın borcu isə daha da aşağıdır, 22,4 faizdir.

Beləliklə, Ermənistanın borc yükü region ölkələri ilə müqayisədə xeyli ağırdır. Bəzi ölkələrlə müqayisədə borcun ÜDM-ə nisbəti hətta iki dəfə yüksəkdir və bu, qətiyyən ölkənin xeyrinə deyil”, - deyə KİV bildirib.

Nəşrə görə, borc hesabına ölkəni idarə etmək fəxr ediləcək bir şey deyil, halbuki Ermənistanın indiki hakimiyyət dairələri bunu belə təqdim etməyə çalışırlar.

“Bir vaxtlar borc götürməyi bəla sayırdılar, indi isə üstünlük kimi qələmə verirlər. Ölkəni borca batırmağı əsaslandırmaq üçün müxtəlif bəhanələr tapırlar. Bəzən bu bəhanələrdə o qədər dolaşırlar ki, absurda düşürlər.

Borcun ÜDM-ə nisbəti nə qədər yüksəkdirsə, onun xidmətinə bir o qədər çox vəsait ayırmaq məcburiyyətində qalırıq. Təsadüfi deyil ki, son illərdə təkcə borcun faizlərinin ödənilməsi üçün illik xərclər 1 milyard dollara çatıb. Bu il isə bu rəqəm daha da yüksək olacaq. Yaxın keçmişdə borcun xidmətinə dövlət büdcəsindən 2-3 dəfə az vəsait ayrılırdı. Təsəvvür edin ki, borc ÜDM-in 53,4 faizi yox, 25-26 faizi olsaydı, borcun xidmətinə ən azı iki dəfə az vəsait sərf edilərdi.

Üstəlik, son illərdə borcun qiymətini bu qədər bahalaşdırmasaydılar. O halda təkcə borcun faizlərini ödəmək üçün 1 milyard dollar vermək məcburiyyətində qalmazdıq. Məsələn, 350-400 milyon dollar ödəyərdik”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, əvvəllər 4,7-4,8 faiz olan borcun faiz dərəcəsini 7,3 faizə qaldırıblar və hələ borc mövqeyinin yaxşılaşmasından danışırlar.

“7,3 faiz borc qiyməti hətta inkişaf etmiş iqtisadiyyata malik ölkələr üçün də bahalıdır. Ölkəni kommersiya qiymətli borcların altına salıblar. Dünyada borcun bu qədər yüksək qiymətinə malik ölkələr çox azdır və Ermənistan onlardan biridir. Bunun səbəbi yalnız borcların həcmi deyil, həm də borcun həddən artıq bahalı olmasıdır.

Bu gün iqtisadiyyatdan toplanan vergilərin təxminən 14 faizi yalnız borcun faizlərini ödəməyə gedir. Bu, iqtisadiyyat üçün ağır yükdür və bu yük getdikcə artır, çünki hakimiyyət borc almaq iştahını cilovlamağa meylli deyil. 7 il ərzində borcu 6,7 milyard dollardan 14,2 milyard dollara çatdırmaq zarafat deyil. Hər bir hakimiyyət özünə belə dəbdəbəni rəva görə bilməzdi. Amma “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri üçün borc götürmək bir stəkan su içmək kimi adi hala çevrilib. Hər şey üçün borc götürürlər. Amma gördüyümüz yalnız borc almaqdır və borcun davamlı artmasıdır. Yaranan nəticələr isə görünmür. Qoy küçəyə çıxsınlar və istənilən vətəndaşdan soruşsunlar: bilirlərmi bu pullar hara gedib, nəyə xərclənib, nə verib? Bilmirlər, çünki nəticəni görməyiblər”, - deyə KİV vurğulayıb.

Müəllif yazıb ki, illərlə müxtəlif proqramlardan danışırlar, onlar üçün kredit vəsaitləri cəlb edirlər, pullar xərclənir, amma işlər və layihələr yerindən tərpənmir.

“Bəzən isə o qədər ləng irəliləyir ki, nə başlanğıcı, nə də sonu görünür. Bu, uzunmüddətli proqramlar olduqları üçün deyil, əsasən qrafiklərdən ciddi şəkildə geri qaldıqları, vaxtında başa çatdıra bilmədikləri üçündür. Hətta buna görə cərimələr də ödəyirlər. Bu cür layihələrin icrasından gözlənilən nəticələr də vaxt gecikmələri ucbatından artıq əvvəlki kimi olmur.

Təsəvvür üçün bir nümunə: Vedi su anbarının tikintisi. Bu layihənin başlanğıcı hələ əvvəlki hakimiyyət dövründə qoyulub və 2021-ci ildə başa çatmalı idi. Bu günə qədər anbar istismara verilməyib. Müəyyən edilmiş qrafikdən beş il keçib. Beş il əvvəl bu anbar işləməli, ölkə gəlir əldə etməli və onun tikintisi üçün götürülən kreditlər də bu gəlirlər hesabına bağlanmalı idi. Amma nəticədə kredit var, su anbarı isə yoxdur, ya da var, amma yox kimidir, çünki nəticə yoxdur.

Bu layihənin icrası üçün təxminən 10 il əvvəl Fransanın İnkişaf Agentliyi ilə 75 milyon avroluq kredit sazişi imzalanıb. Krediti götürüblər, faizlərini ödəyirlər, borcu bağlayırlar, amma artıq 10 ildir ki, Vedi su anbarının tikintisinin nəticəsi görünmür.

Bu halda layihəni 5 il gecikdirdikdən sonra birtəhər sona çatmağa yaxınlaşdırıblar. Bir çox hallarda isə layihələrin icrasına ümumiyyətlə start da verilməyib. Eyni vəziyyət Ermənistan-Gürcüstan yüksək gərginlikli elektrik xəttinin tikintisi proqramı ilə bağlıdır. Bu layihə də əvvəlkilərin dövründə başlayıb, artıq xətt tikilib başa çatmalı idi, amma hələ heç başlanmayıb. Yenə də kreditlər götürülüb, müəyyən təşkilati tədbirlərə, məsləhət xidmətlərinə pullar xərclənib, lakin real tikintinin başlanmasına belə gəlib çıxmayıblar.

İqtisadi nəticə verməli olan ayrı-ayrı proqram kreditlərini bu cür həyata keçirirlər. İllərlə gecikdirirlər, başa çatdıra bilmirlər, amma bu qədər genişmiqyaslı uğursuzluqlara görə heç kim məsuliyyət daşımır”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, bu qədər kredit vəsaiti xərclənib, amma heç olmasa bir nəfərin səhlənkarlığa görə cəzalandırıldığı bir hal məlum deyil.

“Korrupsiya, sui-istifadə və israf hallarından isə heç danışmırıq. Yoxsa düşünürsünüz ki, belə hallar yoxdur və hamı müqəddəsə çevrilib?

Ermənistanın indiki hakimiyyət dairələri hər il dövlətin və vətəndaşın üzərinə 1-1,5 milyard dollar yeni borc qoyur, amma nəticələr görünmür. İldən-ilə yalnız borc yükü və borcun xidmət xərcləri artır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin