“Hraparak”: Orduda təxminən 50 keşiş xidmət edir, onları kampaniyaya cəlb etmək alınmayıb

2026/01/1769411250.jpg
Oxunub: 499     14:47     26 Yanvar 2026    
“Məlum olduğu kimi, Nikol Paşinyanın kilsəyə qarşı yönəlmiş proqramının icrasına yüksək rütbəli hərbçilər də cəlb olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, onlar orduda xidmət edən ruhani şəxsləri, keşişləri də Nikol Paşinyanın və ona qoşularaq katolikosun istefasını tələb edən on xain yepiskopun, arxiyepiskopun və bir neçə keşişin tərəfinə çəkməyə çalışıblar.

“Biz bir neçə gün əvvəl bu məsələyə toxunmuşduq və yazmışdıq ki, Müdafiə Nazirliyi rəhbərliyinin ordudakı keşişləri inancından döndərmək və katolikos əleyhinə kampaniyaya cəlb etmək cəhdləri, görünür, nəticə vermir. Maddi baxımdan onları cəlb etməyə çalışsalar da, xidmətdə olan ruhanilər mövqelərindən geri çəkilməyiblər. Müdafiə Nazirliyi bu məlumatı tələsik təkzib etsə də, ordudan yeni detallar təqdim olunub və bildirilib ki, Suren Papikyan və onun tabeliyində olan şəxslər qarnizon keşişləri ilə şəxsən iş aparsalar da, uğur qazana bilməyiblər”, - deyə KİV bildiirib.

Müəllif vurğulayıb ki, beləliklə, Ermənistan ordusunda təxminən əlli keşiş qulluq edir.

“Onlar müqaviləli əməkdaş hesab olunur və təxminən 200 min dram əməkhaqqı alırlar.

Bu ilin yanvarın 15-də keşişlər katolikosun yanına iclasa dəvət olunublar. Müdafiə Nazirliyinin rəhbərliyi bundan əvvəlcədən xəbərdar olaraq, Baş Qərargah rəisi səviyyəsində xüsusi əmr verib ki, guya orduda intiharların qarşısının alınmasına dair tədbirlər çərçivəsində keşişlər yanvarın 15-dən etibarən bir neçə gün mütləq xidmət etdikləri hərbi hissələrdə olmalı və həmin tədbirlərdə iştirak etməlidirlər.

Təbii ki, bu “xüsusi tədbir” ordudakı keşişlərlə katolikosun görüşünü pozmaq məqsədi daşıyıb. Buna baxmayaraq, plan baş tutmayıb: keşişlər katolikosla görüşə gediblər, sonrakı günlərdə isə Müdafiə Nazirliyinin tədbirlərində iştirak ediblər. Lakin ilk gün tədbirdə iştirak etmədiklərinə görə Baş Qərargaha çağırılıblar və Baş Qərargah rəisi Eduard Asryan onlardan izahat tələb edib”, - deyə KİV yazıb.

Müəllif bildirib ki, təxminən bir saat davam edən görüşə daha sonra erməni nazir Suren Papikyan da qoşulub və açıq şəkildə Paşinyanın kilsə ilə bağlı “islahat proqramını” təbliğ etməyə başlayıb.

“O, ordunun vahid bir orqanizm olduğunu əsas gətirərək, hərbi ruhanilərin də bu prosesə qoşulmalı olduğunu bildirib. Beş saata yaxın davam edən görüşdə isə keşişlər etiraz ediblər, Suren Papikyanın arqumentlərinə qarşı əsaslandırılmış və ciddi dəlillər təqdim ediblər.

Qeyd edək ki, bizə bildirildiyinə görə, guya intiharların qarşısının alınmasına həsr olunan bu toplantıda qəribə şəkildə hərbi hissələrin zam­politləri iştirak etməyiblər. Halbuki, rəsmi olaraq orduda mənəvi-psixoloji vəziyyətə, o cümlədən intihar hallarına görə məhz onlar cavabdehdirlər.

Bu fakt da göstərir ki, toplantının əsl məqsədi qarnizon keşişlərini toplayıb yönləndirmək olub. Lakin beş saat davam edən görüş ərzində buna nail olmaq mümkün olmayıb”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, Suren Papikyan hətta maddi maraq yaratmağa çalışaraq, maaşların artırılmasına eyham vurub.

“Daha sonra üçüncü cəhd edilib: ordudakı keşişlərlə Müdafiə Nazirliyinin müavini Arman Sarkisyan, “Lampçka” ləqəbli şəxs görüşüb. O da öz növbəsində onları razı salmağa çalışıb, lakin bu cəhd də nəticəsiz qalıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Katolikos  


Bizi "telegram"da izləyin