Erməni jurnalist: “Paşinyan hakimiyyəti son 7,5 il ərzində Ermənistanın dövlət borcunu iki dəfədən çox artırıb”

2026/01/1769411208.jpg
Oxunub: 324     15:08     26 Yanvar 2026    
“Talana qarşı mübarizə” şüarı ilə gəldilər, indi özləri talayırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, insanı dəli edən bir vəziyyətdir, tam anormallıqdır.

“Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasına mənsub hakimiyyəti 2025-ci ildə 2 milyard 800 milyon ABŞ dolları kredit götürüb ki, həmin vəsaitlə əvvəlki kreditlərin bir hissəsini və onların faizlərini ödəsin. Müxalif deputat olduğu dövrdə Nikol Paşinyan parlamentdə necə qışqırırdı ki, hakimiyyət kreditlər götürür və gələcək nəsilləri ağır borc yükü altına salır.

Nikol Paşinyan hakimiyyəti son 7,5 il ərzində Ermənistanın dövlət borcunu iki dəfədən çox artırıb, xaricdən yeni kreditlər götürür ki, öz sözləri ilə desək, “7 il birinci sinifdə qalmış”, səmərəsiz işləyən nazirlərə, nazir müavinlərinə, idarə rəislərinə, düymə basmaqdan başqa işi olmayan parlament deputatlarına milyonlarla dram məbləğində mükafatlar paylasın”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan bildirib ki, 2025-ci ildə Tavus vilayətinin rəisi, Nikol Paşinyanın yaxını Hayk Qalumyan və vilayət bələdiyyəsinin vəzifəli şəxsləri kreditlər altında əzilən Ermənistan dövlət büdcəsindən 65 milyon 893 min 600 dram məbləğində mükafat alıblar.

“İcmaların birləşdirilməsindən sonra vilayət bələdiyyələri artıq hökumətin funksiyalarını təkrarlayan, lazımsız strukturlara çevrilib. Onlar birbaşa kənd tibb müəssisələrini və vilayətin ümumtəhsil məktəblərini (yuxarı sinif məktəbləri və liseylər istisna olmaqla) idarə edirlər.

Vilayət bələdiyyələri bunu Səhiyyə Nazirliyi və Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi ilə birgə həyata keçirirlər. Artıq qurum statusu şübhə doğuran vilayət bələdiyyələrinin vəzifəli şəxsləri təkcə yüksək maaş almır, həm də dəbdəbəli mükafatlarla təmin olunurlar. Bu zaman isə ifrat yoxsulluq içində yaşayan insanlar zibilliklərdən qida qalıqları toplayaraq dolanmağa çalışırlar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin