Bu mənzərəyə hərbi ölçü də əlavə edildikdə, ABŞ və Çinin müdafiə xərcləri, texnoloji modernləşmə addımları və regional hərbi mövcudluğu qlobal təhlükəsizlik arxitekturasının gedişinə birbaşa təsir göstərir. Nüvə potensialı, konvensional qüvvələrin proyeksiyası, kosmos, süni zəka və kiber kimi yeni nəsil texnologiya sahələrindəki rəqabət iki ölkəni qaçılmaz şəkildə sistemli rəqabətin mərkəzinə yerləşdirir. Buna görə də ABŞ-Çin münasibətləri 2025-ci ildə olduğu kimi 2026-cı ildə və sonrakı dövrdə də dünya siyasətinin əsas müəyyənedicisi olmağa davam edəcək.
Rəqabətin mahiyyəti: çoxqütblülükdən bərabər hegemonik ikiqütblülüyə
2025-ci il etibarilə ABŞ-Çin rəqabəti artıq klassik mənada çoxqütblü nizam çərçivəsində izah olunan güc bölgüsü mübahisəsindən kənara çıxıb. Beynəlxalq sistem zahirən çoxsaylı aktorları əhatə etsə də, praktikada iki əsas cazibə mərkəzi ətrafında formalaşır. Qlobal rəqabətin getdikcə ABŞ və Çin tərəfindən müəyyən edilən “bərabər hegemonik” ikiqütblülüyə doğru inkişaf etdiyini demək mümkündür. Bu struktur Soyuq müharibə dövrünün sərt bloklaşmasından fərqli olaraq, qarşıdurma, rəqabət, məhdud əməkdaşlıq və müvəqqəti uzlaşma elementlərini eyni vaxtda özündə birləşdirən daha çevik xarakter daşıyır.
İkiqütblü sistemlərin mahiyyət etibarilə tam qarşıdurmaya məhkum olmadığı, əksinə, müəyyən sahələrdə sabitlik yaratmaq potensialına malik olduğu unudulmamalıdır. 2025-ci ildə ABŞ-Çin münasibətlərində yaşanan gərginliklərin müəyyən hədləri aşmaması tərəflərin qarşılıqlı məhdudiyyətlərin və xərclərin fərqində olduqlarını göstərir. Bu da ən azı qısa müddətdə rəqabətin idarəolunan saxlanmasına yönəlmiş axtarışların tamamilə tərk edilmədiyini göstərir.
Məhdudiyyətlər və struktur sərhədlər: 2025-ci ilin real mənzərəsi
2025-ci il ərzində ABŞ ilə Çin arasındakı rəqabət texnologiya, ticarət, maliyyə, tədarük zəncirləri, müdafiə və diplomatiya kimi bir neçə sahədə paralel şəkildə davam edib. Xüsusilə yarımkeçiricilər, süni zəka, yaşıl texnologiyalar və qabaqcıl istehsal imkanları rəqabətin ən sərt yaşandığı istiqamətlər olub. ABŞ texnologiya ixracına nəzarət və investisiya məhdudiyyətləri vasitəsilə Çinin irəliləyişini yavaşlatmağa çalışarkən, Çin isə daxili istehsal potensialını artırmaq və alternativ bazarlara yönəlməklə bu təzyiqi balanslaşdırmağa cəhd edib.
Ticarət və maliyyə sahəsində tərəflər açıq iqtisadi müharibə əvəzinə seçici ayrışma strategiyasını qəbul ediblər. Tədarük zəncirlərinin yenidən qurulması, dost ölkələrdə istehsal və yaxın bölgələrdə tədarük siyasətləri bu dövrün əsas alətlərindən olub. Müdafiə və diplomatiya müstəvisində isə Tayvan, Cənubi Çin dənizi və Hind-Sakit okean regionundakı hərbi balanslar rəqabətin kəskinləşdiyi əsas mövzular kimi ön plana çıxıb.
Bu intensiv rəqabətə baxmayaraq, hər iki tərəf ciddi struktur məhdudiyyətlərlə üz-üzədir. ABŞ üçün daxili siyasi qütbləşmə, bəzi sahələrdə iqtisadi rəqabət qabiliyyətinin nisbətən zəifləməsi, Avropa-Atlantik ittifaqını yenidən möhkəmləndirmədə yaşanan çətinliklər və hərbi potensialın artırılmasının yüksək xərcləri əsas məhdudlaşdırıcı amillərdir. Bundan əlavə, qlobal miqyasda eyni anda bir neçə böhran zonasını idarə etmək qabiliyyəti ABŞ üçün getdikcə daha baha başa gəlir. Rusiya-Ukrayna müharibəsinin gələcəyi də bu qeyri-müəyyənliyi artıraraq tərəflərin strateji xərc hesablamalarına ciddi təsir göstərir.
Çin tərəfində isə iqtisadi artımın davamlılığı əsas zəiflik nöqtəsi kimi çıxış edir. Demoqrafik dəyişiklik, daxili tələbat problemləri və maliyyə riskləri Çinin uzunmüddətli inkişaf modelini çətinləşdirir. Hərbi potensial baxımından ABŞ-dən geri qalması Çinin qlobal güc proyeksiyasını məhdudlaşdırır. Eyni zamanda Qlobal Cənub strategiyasının əsasən iqtisadi təşviqlərə söykənməsi təhlükəsizlik yönümlü böhranlara cavab vermə imkanlarını zəiflədir. Cənubi Çin dənizi, Tayvan, Yaponiyanın sürətli silahlanması, Koreya yarımadası və Şimali Koreyanın nüvə proqramı kimi yaxın ətrafdakı böhranlar da Çinin strateji manevr sahəsini daraldır.
Üçüncü ölkələr və bufer zonalar: qlobal rəqabətin yayılması
Bərabər hegemonik rəqabət çərçivəsində Çinin Asiya-Sakit okean regionunda təsirini dərinləşdirməsi və ABŞ-nin Amerika qitəsi ilə Avropadakı siyasi-hərbi mövcudluğunu möhkəmləndirməsi bəzi bölgələri faktiki olaraq bufer zonalara çevirir. Afrikanın xüsusilə Şimali, Şərqi və Sahel zolaqlarında rəqabətin sərtləşəcəyi gözlənilir, Yaxın Şərqin isə ümumilikdə ABŞ-nin təsiri altında qalacağı ehtimal olunur. Bununla yanaşı Çin Mərkəzi Asiya və Cənubi Asiyada Qazaxıstan və Pakistan üzərindən təsir dairəsini genişləndirməyə çalışacaq. Bu prosesdə Hindistanın mövqeyi həlledici dəyişən kimi ön plana çıxır.
Avropa ölkələri, Hind-Sakit okean tərəfdaşları və orta güclər baxımından 2025-ci il artan təzyiqlərin riskdən yayınma məqsədilə balanslaşdırma strategiyaları ilə idarə olunduğu bir dövr olub. 2026-cı ilə daxil olarkən bu aktorların tərəf seçməkdənsə çevik və çoxşaxəli siyasətləri davam etdirməsi daha real görünür. Lakin rəqabət sərtləşdikcə bu ölkələrin yayınma və balans strategiyalarının imkanları daralacaq və üzərlərindəki təzyiq artacaq. İkiqütblülüyün inkişaf edən mahiyyəti bu aktorların davranışlarında qəfil dəyişikliklərə səbəb ola bilər.
Nəticə: 2026-cı ilə doğru sərtləşən və uzunmüddətli rəqabət
2026-cı ilə daxil olarkən ABŞ-Çin münasibətlərində yumşalma və davamlı sabitlik gözləntisi real görünmür, əksinə, rəqabətin daha da sərtləşərək uzunmüddətli qütbləşməyə çevrilməsi ehtimal olunur. Bunun əsas səbəbi hər iki ölkənin iqtisadi, siyasi və hərbi inkişaf hədəflərindən geri çəkilə bilməyəcəyi strateji həddə çatmasıdır. Nisbətən üstün mövqedə görünən tərəf Çin olsa da, ABŞ-nin bu vəziyyəti qəbul etmək əvəzinə yenidən möhkəmlənmə və daha hücum xarakterli strategiyalar formalaşdırması gözlənilməlidir. Buna görə də 2026-cı il rəqabətin dərinləşdiyi, bölgü mübarizəsinin daha açıq şəkildə sahəyə yansıdığı bir il olmağa namizəddir.
Asif Cəfərov
Ordu.az