Türkiyə YTŞ, MSK və TUSAŞ magistratura təhsilində strateji əməkdaşlığa start verir

2025/12/1767110501.jpg
Oxunub: 637     19:58     30 Dekabr 2025    
Türkiyə müdafiə sənayesi sahəsində ixtisaslı insan resurslarının artırılması məqsədilə yeni universitet-sənaye əməkdaşlıqları həyata keçirilib.

Ordu.az xəbər verir ki, Türkiyə Yüksək Təhsil Şurası (YTŞ), Müdafiə Sənayesi Komitəsi (MSK), “Türkiyə Aviasiya və Kosmos Sənayesi” (TUSAŞ) və 9 universitet arasında “magistratura təhsilinə yönəlik əməkdaşlıq protokolu” imzalanıb.

Mərasim TUSAŞ-da keçirilib. Tədbirdə çıxış edən Türkiyə MSK sədri Haluk Görgün bildirib ki, imzalanan protokol universitet-sənaye əməkdaşlığında bir paradiqma dəyişikliyini təmsil edir.

Görgün vurğulayıb ki, TUSAŞ daxilində mövcud olan texniki və peşəkar bilik ehtiyatının universitetlərin akademik səriştəsi ilə birləşdirilməsi həm müəssisədaxili təlimlərin akademik qarşılıq qazanmasını, həm də sahə təcrübəsinin təhsil proseslərinə birbaşa inteqrasiyasını təmin edir. O, sözlərini belə davam etdirib:

“Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, MSK olaraq biz universitet-sənaye əməkdaşlığını yalnız layihə əsaslı və ya dövri qarşılıqlı əlaqə sahəsi kimi deyil, uzunmüddətli səriştə ekosistemi kimi qiymətləndiririk. Bu yanaşma çərçivəsində YTŞ ilə strateji səviyyədə və intensiv əməkdaşlıq edərək, müdafiə sənayemizin ehtiyac duyduğu ixtisaslı insan resurslarını sistemli, planlı və davamlı yanaşma ilə inkişaf etdirməyi hədəfləyirik. Bu sistem sayəsində artıq akademiya və sənaye sadəcə bir-birinə yaxınlaşan deyil, birlikdə inkişaf edən və birlikdə istehsal edən iki strateji mərkəzə çevrilir”.

Görgün qeyd edib ki, Türkiyə YTŞ ilə həyata keçirilən işlər müxtəlif akademik keçmişə malik insan resurslarını müdafiə sənayesinə xas səriştələr ətrafında birləşdirən, dərinləşdirən və davamlı hala gətirən mühüm ehtiyaca cavab verir.

Görgün bildirib ki, Hacettepe Universiteti ilə əməkdaşlıq çərçivəsində fevral ayında Sistem Mühəndisliyi üzrə magistr proqramı istifadəyə verilib. Proqram çərçivəsində müdafiə sənayesinə xas real nümunələrin təhlili aparılaraq, nəzəri biliklərin praktika ilə uzlaşdırılması hədəflənir.

Görgün deyib ki, müdafiə sənayesi sahəsində sektorda ilk dəfə olaraq beynəlxalq standartlar və yanaşmalar əsasında hazırlanmış Sistem Mühəndisliyi kitabı türk dilinə uyğunlaşdırılaraq Müdafiə Sənayesi Akademiyasının nəşrləri tərəfindən çap edilib.

Yaxın dövrdə həyata keçirilməsi planlaşdırılan layihələrə də toxunan Görgün bunları bildirib:

“Gebze” Texniki Universiteti ilə layihə idarəetməsi sahəsində fokuslanmış və strateji bir işi həyata keçirməyi planlaşdırırıq. Ankara Universiteti ilə partlayıcı maddələr və enerji daşıyan materiallar sahəsində genişmiqyaslı bir iş aparırıq. Bu işin ilk mərhələsində “Pirotexnologiya və Enerjetik Materiallar” adlı seçmə dərsi başlayırıq. Dərs çərçivəsində “Maşın və Kimya Sənayesi” ilə ROKETSAN-ın töhfələri əsasında sintez, keyfiyyət və təhlükəsizlik mövzularına diqqət yetirilir. Kırıkkale Universiteti, Hitit Universiteti və Sakarya Tətbiqi Elmlər Universiteti ilə peşə kollecləri səviyyəsində əməkdaşlıqlara artıq start vermişik. Bundan əlavə, müdafiə sənayesinə xüsusi bir peşə kollec modeli üzərində işlərimizi davam etdiririk”.

İmzalanmış protokol çərçivəsində tətbiq edilən “Müdafiə Sənayesində Biznes üzrə Tezsiz Magistr Proqramı”nın sektor üçün mühüm bir mərhələ olduğunu bildirən Görgün sözlərini belə tamamlayıb:

“Proqramımız strateji idarəetmədən beynəlxalq müdafiə siyasətlərinə, istehsal və təchizat zəncirinin planlaşdırılmasından maliyyə idarəetməsinə qədər geniş bir spektri əhatə edir. Ən önəmlisi isə akademik nəzəriyyəni sahədəki praktika ilə birləşdirən, nümunə təhlilləri ilə zənginləşdirilmiş, mentorluq və layihə əsaslı öyrənmə yanaşmasını özündə birləşdirən inteqrasiya olunmuş modeldir. Biz bu modeli Müdafiə Sənayesi Akademiyamızın sektor sertifikatları ilə dəstəkləyərək, sektorda qərarvermə proseslərinə strateji töhfə verəcək liderlər yetişdirən bir struktur kimi mövqeləndiririk”.

Universitetlərlə müdafiə sənayesi arasında bacarıq transferi

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu da TUSAŞ ailəsinin akademik fəaliyyətlərini asanlaşdıracaq addımları aidiyyəti qurum və təşkilatlarla birlikdə atdıqlarını bildirib.

Demiroğlu deyib ki, magistratura təhsili üzrə əməkdaşlıq protokolu çərçivəsində TUSAŞ mühəndisləri şirkət daxilində aldıqları təlimləri doqquz nüfuzlu universitetin magistr proqramlarında kredit əsasında yüksəldə biləcəklər. O, həmçinin şirkətin ehtiyaclarına uyğun olaraq magistr və doktorantura proqramlarının universitetlərlə birgə formalaşdırılacağını qeyd edib.

Demiroğlu qeyd edib ki, bu protokol çərçivəsində TUSAŞ mühəndislərinin bakalavr və magistratura dərslərində müəllim kimi iştirak etməsinə imkan yaradılması universitet-sənaye əməkdaşlığını gücləndirən digər mühüm addımdır. Onun sözlərinə görə, təqdim olunacaq dissertasiya mövzuları vasitəsilə sahədə mövcud problemlərin həllinə töhfə verilməsi də bu əməkdaşlığın əsas faydalarındandır.

TUSAŞ-da gəncliyin dinamizmi ilə təcrübənin uzlaşdırılmasının şirkət siyasəti olduğunu vurğulayan Demiroğlu bildirib ki, 16 min əməkdaşın hamısı institusional daxili təlimlərdən keçir.

O, həmçinin qeyd edib ki, əməkdaşların inkişafına töhfə vermək məqsədilə həyata keçirilən “lift up” proqramları çərçivəsində işçilər bitirmə layihələrini, magistr və doktorantura dissertasiyalarını şirkət daxilində yerinə yetirə bilirlər. Demiroğlu bildirib ki, təkcə 2025-ci ildə 88 fərqli universitetdən 1186 tələbə 363 mövzuda, 363 ayrı layihə üzrə işləmək imkanı əldə edib.

Çıxışlardan sonra Türkiyə YTŞ, MSK, TUSAŞ və 9 universitet arasında magistratura təhsilinə yönəlmiş əməkdaşlıq protokolu başda olmaqla bir sıra əməkdaşlıq sənədləri imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   YTŞ   MSK   TUSAŞ  


Bizi "telegram"da izləyin