Danimarka 10 ildən sonra Qrenlandiyaya yenidən F-16 qırıcıları göndərib

2025/06/1750933950.jpg
Oxunub: 748     14:16     27 İyun 2025    
Donald Trampın prezidentliyə gəlməsindən sonra ABŞ-nin Qrenlandiyanı almaq istəyi ilə bölgədə hərbi təyyarə hərəkətliliyi artıb.

Ordu.az xəbər verir ki,Danimarka Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarələri Qrenlandiyaya göndərilib.

Danimarka Müdafiə Nazirliyi bildirib ki, Qrenlandiyada hərbi mövcudluq artırılır: “Hazırda Danimarkaya məxsus F-16-lar Qrenlandiyada yerləşir. Bu, Krallıq daxilində suverenliyin davamlı şəkildə qorunmasının və Silahlı Qüvvələrin Qrenlandiyadakı artan varlığının bir hissəsidir”.

F-16 pilotları Qrenlandiyaya Fransa Hərbi Hava Qüvvələrinə məxsus A330 MRTT yanacaq tanker təyyarəsinin dəstəyi və Danimarkanın “Challenger 604” təyyarəsi ilə çatdırılıb.

Uzun məsafələr və məhdud eniş imkanları səbəbindən bu iki təyyarə Qrenlandiyada döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləyir.

ABŞ niyə Qrenlandiyanı istəyir?

Donald Tramp ötən il seçkilərdən əvvəl Qrenlandiyanı ABŞ-yə qatmaq istədiyini açıqlamışdı. Eyni zamanda Kanadanı da 51-ci ştat kimi görmək niyyətində olduğunu demişdi.

Atlantik okeanında yerləşən və dünyanın ən böyük adası olan Qrenlandiya Avropa ilə Şimali Amerika arasında strateji əhəmiyyətə malikdir. Adanın 80%-i buzla örtülüdür və ümumi əhalisi 56 min nəfərdir.

Qrenlandiya XVIII əsrdən bəri Danimarkanın nəzarətindədir. 1979-cu ildə keçirilən referendumla xarici siyasət, müdafiə və təhlükəsizlik sahələri istisna olmaqla, bütün sahələrdə muxtariyyət qazanıb.

Trampın Qrenlandiyaya marağında dəqiq səbəblər bəlli olmasa da, həm Panama kanalına, həm də Qrenlandiyaya marağında “iqtisadi təhlükəsizlik” motivlərinin əsas olduğu düşünülür.

Adanın Arktik regionda yerləşməsi və Rusiya nəzarətindəki Şimal Buz Dənizi ticarət yollarına yaxınlığı bu marağı izah edir. Qrenlandiyanın zəngin yeraltı ehtiyatlara malik olması da Trampın planlarında əsas rola sahibdir. Avropa Komissiyasının 2023-cü il hesabatına görə, Avropa İttifaqının müəyyən etdiyi 34 kritik xammalın 25-i Qrenlandiyada yerləşir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin