“Haaretz” qəzetinin xəbərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri Qəzza zolağına hücumların başlamasından sonra ciddi çətinliklərlə üzləşməyə başlayıb, İran tərəfindən atılan ballistik raketlər isə bu çətinliklərin pik nöqtəyə çatmasına səbəb olub.
Bəzi raketlər İsrailin müdafiəsini dəlib keçib
Xəbərdə qeyd olunur ki, İrandan atılan raketlərin əksəriyyəti zərərsizləşdirilsə də, bir qismi İsrailin hava hücumundan müdafiə sistemlərini dəlib keçərək insan tələfatına və böyük əmlak itkisinə yol açıb.
Həmçinin bildirilir ki, ötən gecə İrandan atılan 10-12 ballistik raketə qarşı müdaxilə xərcləri 287 milyon dollara çatıb.
“Haaretz” qəzetinə danışan “Israel Aerospace Industries” (“IAI”) şirkətinin baş direktoru Boaz Levi bildirib: “Aprel ayında bizə 100 raket atdılar. Oktyabrda bu say 200-ə yüksəldi. İndi isə sürətlə onlarla raketdən ibarət dalğalar gəlir”.
“Arrow” və “THAAD” sistemləri işə salınıb
Boaz Levi əlavə edib ki, İrandan gələn ballistik raketlərin əksəriyyəti “Arrow 2” və “Arrow 3” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib. Bu iki sistemlə yanaşı, İsrail ordusunun inventarında olan ABŞ istehsalı THAAD ballistik raket əleyhinə sistem və ABŞ-nin Şərqi Aralıq dənizində yerləşən esminesində quraşdırılmış “Standart Missile-3” (SM-3) sistemləri də istifadəyə verilib.
Levy bildirib: “İsrailin “David's Sling” sistemi də mövcuddur, lakin hazırda üzləşdiyimiz bu tip hücumlarda bizi narahat edən əsas məsələ “Arrow” sistemləridir”.
Digər tərəfdən, xəbərdə qeyd edilir ki, “Arrow 3” sisteminin müdaxilə uğuru təxminən 90 faizdir, lakin THAAD sistemində bu göstərici cəmi 40 faiz civarındadır.
Ballistik raketlərin qarşılanması İsrail üçün ağır iqtisadi yük yaradır
İsraildə yayımlanan iqtisadi nəşr “Globes” yazır ki, hava hücumundan müdafiə sistemlərinin xərcləri Təl-Əviv hökuməti üçün ciddi maliyyə yükü yaradır.
Məlumata görə, “Dəmir Günbəz” sistemində bir raketin qarşılanması təxminən 30 min dollara başa gəlir. “David's Sling” sistemində bu məbləğ 700 min dollardır. “Arrow 2” və “Arrow 3” sistemlərində isə raket başına xərclər müvafiq olaraq 1,5 milyon və 2 milyon dollardır.
İsrail Hökumətinin Mətbuat Bürosu bu gün yaydığı açıqlamada bildirib ki, İran 13 iyun tarixindən bəri 400-dən çox ballistik raket və yüzlərlə Pilotsuz Uçuş Aparatı (PUA) atıb. Bunlardan təxminən 35-i İsrailin müxtəlif bölgələrinə düşüb.
İsrailin hava hücumundan müdafiə sistemi 4 təbəqəyə ayrılır
İsrailin hava müdafiə sistemi “Dəmir Qübbə” (4-70 km), “David's Sling” (40-300 km), “Arrow 2” (500 km) və “Arrow 3” (2.400 km) olmaqla dörd təbəqəyə bölünür.
İsrail ordusunun silahlanmasında əlavə olaraq ABŞ istehsalı THAAD ballistik raket əleyhinə müdafiə sistemləri də mövcuddur.
“Arrow 2” atmosfer daxilindəki raketləri zərərsizləşdirmək üçün hazırlanıb və 2000-ci ildən istifadədədir. “Arrow 3” isə atmosferdənkənar ballistik raketlər üçün nəzərdə tutulub və 2017-ci ildən istifadəyə verilib.
İsrailin İranla başlatdığı genişmiqyaslı qarşıdurma
İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri və hərbi rəhbərlik başda olmaqla genişmiqyaslı hücumlar həyata keçirib.
Hücumlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı və bir sıra yüksək rütbəli komandirlər, eləcə də 9 nüvə alimindən ibarət qrup həlak olub. Hücumlar nəticəsində ümumi mülki itki sayı isə 224 nəfər olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə verdiyi cavab zərbəsində isə 24 nəfərin öldüyü bildirilib.
Sevinc Əliyeva
Ordu.az