Bununla yanaşı, Tramp İranla bağlı olduqca sərt bəyanatlar verib. O, hətta Tehranın sakinlərinə şəhəri tərk etməklə bağlı çağırış ünvanlayıb. ABŞ mediası yazmışdı ki, Tramp Kanadadan qayıtdıqdan dərhal sonra milli təhlükəsizlik müşavirəsini çağırıb. Bəs Tramp bu sərt ritorika və addımlarla İran üzərində psixoloji təzyiq formalaşdırmağa, beləliklə, Tehranı danışıqlar masasına gətirməyə çalışır?
Əgər məqsəd bu olarsa, o zaman belə çıxır ki, İsrailin hərbi əməliyyatları İranı danışıqlara məcbur etmək üçün yetərli gücə və effektivliyə malik deyil. Üstəlik, açıq şəkildə də etiraf olunur ki, Tehranın infrastrukturuna zərbələr endirilsə də, İranın nüvə obyektlərinin əsas hissəsi - xüsusilə Fordo bölgəsindəki dərin yeraltı qurğu hələ də salamatdır. Bu obyektlərə yalnız xüsusi bunker bombaları ilə zərbə endirmək mümkündür. Belə bombalar isə yalnız ABŞ-nin arsenallarında var.
Burada vacib məqam ondan ibarətdir ki, məsələ yalnız bombalarda deyil, həm də həmin bombaların tətbiq texnologiyasındadır. Görünən budur ki, bu bombaların istifadəsi də tam təminat vermir, amma onların olmaması şəraitində İranın nüvə proqramına ciddi zərbə vurmaq da qeyri-mümkündür. Belə olan halda isə İsrailin indiyə qədərki hücumları faktiki olaraq nəticəsiz qalır. Üstəlik, İsrailin bu intensivliklə zərbələri uzun müddət davam etdirməsi də real görünmür.
Əvəzində, İran da İsrail ərazisinə cavab zərbələri endirir. Tel-Əviv bu zərbələrlə bağlı məlumatlara ciddi senzura tətbiq etsə də, bu hücumların İsrailə ciddi ziyan vurmadığını iddia etmək də çətindir. Trampın sammiti yarımçıq tərk etməsi və sərt açıqlamaları da ehtimal yaradır ki, artıq ABŞ-nin birbaşa müdaxiləsinə ehtiyac var.
İran isə Vaşinqtonun birbaşa müdaxiləsi halında ABŞ hərbi bazalarına hücum edəcəyi ilə hədələyib. Tramp isə cavab verib ki, İran ABŞ bazalarına zərbə endirərsə, o zaman ABŞ ordusunun bütün zərbə gücünü üzərində hiss edəcək.
Bunlar yalnız ritorik təhdidlərdir, yoxsa tammiqyaslı müharibənin astanasında olduğumuzu göstərən əlamətlərdir? Bunu demək çətindir, çünki vəziyyət artıq rasionallıq çərçivəsindən çıxaraq daha çox macərapərəst bir istiqamət alıb. İranla müharibə ehtimalı artıq daha çox avantürizmə bənzəyir, nəinki rasionallığa.
Tramp uçuruma doğru addım atacaqmı? Hər halda, ABŞ siyasi elitasında, xüsusilə kəşfiyyat strukturlarında onu bu addımdan çəkindirmək istəyən qüvvələr mövcuddur. CNN vasitəsilə yayılan məlumatlara əsasən, ABŞ kəşfiyyat orqanlarının bir neçə anonim nümayəndəsi bildirib ki, İran nüvə bombası hazırlamaq istiqamətində ciddi fəaliyyət göstərməyib və ondan hələ üç il geri qalır. Hətta qeyd olunub ki, İsrailin hücumları əks effekt verə bilər və İranı nüvə silahı istehsalına sövq edə bilər.
Asif Cəfərov
Ordu.az