“Müqəddəs Torpaqları yenidən böyük edək”, - deyə Tramp öz seçki şüarına uyğun olaraq qeyd edib. ABŞ prezidenti, şübhəsiz, anlayır ki, onun siyasi gələcəyi üçün İran-İsrail arasında genişmiqyaslı müharibə nə ilə nəticələnə bilər. Bu cür müharibə regional toqquşmaya çevrilə və ABŞ-ni də bura cəlb edə bilər.
Şübhəsizdir ki, sülh gündəliyi ilə hakimiyyətə gəlmiş Trampın siyasi rəqibləri belə bir Yaxın Şərq müharibəsini onun əleyhinə tam şəkildə istifadə edəcəklər. Amma əgər Tramp İsrail və İran arasında hər hansı razılaşma əldə etməyə qadirdirsə, o zaman bu qarşıdurmanın başlamasına niyə imkan verdi? Hərbi rəhbərliyinin əhəmiyyətli hissəsini itirdikdən və müdafiə-sənaye infrastrukturlarına zərbə aldıqdan sonra İran geri çəkiləcək? Bəs görəsən, hücumlara baxmayaraq, İranın nüvə proqramına ciddi zərbə vura bilməyən və dərin bunkerləri dağıdacaq silahlara sahib olmayan İsrail geri çəkiləcək?
Məlumatlara görə, İsrail ABŞ-dən bu cür bombalar istəyib və ya ABŞ-nin hücumlara birbaşa qoşulmasını tələb edib. Amma Tramp bundan imtina edib. Ağ Ev rəsmi açıqlama yayaraq bildirib ki, Trampın İsrailə bu cür dəstək verəcəyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
İstisna deyil ki, həm İran, həm də İsrail qarşı tərəfi tam məğlub etməyin mümkünsüz olduğunu anlayır və ya bir-birini tükəndirəcək müharibəyə girə bilərlər. Belə halda yeganə çıxış yolu daha iri oyunçuların vasitəçiliyi ilə əldə olunacaq razılaşmadır.
ABŞ prezidenti “sülh”dən Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığından sonra danışıb. O danışıqda Rusiya tərəfi, hələ İsrailin İrana zərbələrindən öncə irəli sürdüyü hansısa təklifini xatırladıb və bildirib ki, həmin təklif bütün tərəflər üçün məqbul ola bilərdi. ABŞ əvvəlcə bu təklifi rədd etsə də, görünür, Tramp indi ona qayıtmaq məcburiyyətindədir, çünki əks təqdirdə eskalasiyanın böyüməsi onun siyasi mövqeyinə ciddi zərbə vuracaq.
Putinin məqsədi bəlkə də Trampın tam süqutu deyil, lakin onun siyasi zəifləməsidir.
Trampdan öncə Putin İran və İsrailin liderləri ilə də danışıb. O, İsrailin hücumunu pisləyib, amma eyni zamanda vasitəçilik etməyə hazır olduğunu bildirib. Tramp isə Putinlə danışıqdan sonra açıqlayıb ki, hər iki tərəf İran-İsrail müharibəsinin qarşısını almağın vacibliyi ilə razıdır. Lakin Tramp eyni zamanda Putinə xatırladıb ki, Ukrayna müharibəsi də bitməlidir.
Bu açıqlama sadəcə ictimai rəy üçün deyilmiş bir söz idi, yoxsa hər hansı “razılaşma paketi”nin mümkünlüyünə eyham idi, bunu indidən dəqiq demək çətindir.
Asif Cəfərov
Ordu.az