İrəvanın Tehrana “risk nəzarəti” mesajı: Əslində kim kimdən nə istəyir?

2025/06/1750049696.jpg
Oxunub: 789     14:39     16 İyun 2025    
İranla Ermənistan arasında keçirilən son diplomatik təmas – xüsusilə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi arasında telefon danışığı – rəsmi İrəvanın Cənubi Qafqazda dəyişən təhlükəsizlik balansına adaptasiya etməyə çalışdığı çarəsizlik diplomatiyasının növbəti epizodudur. Sözgəlişi səsləndirilmiş “risklərin idarə olunması” və “eskalasiyanın qarşısının alınması” kimi ifadələr, əslində, Ermənistanın bu dəfə İranın gücündən öz marginal məqsədləri üçün istifadəyə çalışdığını göstərən yüngül pərdədir.

Ermənistan uzun illər boyu öz təhlükəsizlik və xarici siyasət doktrinasını regionun əsas güclərinin – Rusiya, Fransa, Qərb və İran – ziddiyyətlərindən yararlanmaq üzərində qurub. Bu modelin əsası Qarabağ münaqişəsi dövründə qoyulub, işğal altındakı əraziləri əlində saxlamaq üçün Ermənistan gah Rusiyaya, gah da İrana yaxınlıq nümayiş etdirib. İndi isə Azərbaycan qarşısında bütün “arqumentləri”ni itirmiş, regional dəhlizlərdən təcrid olunmuş və daxili sosial-siyasi gərginliklə boğuşan Ermənistan eyni taktikanı İran üzərində təkrar oynamaq istəyir.

Mirzoyanla Əraqçi arasında baş tutan danışığın “AEBA çərçivəsində müzakirələr”ə dair qeyd olunması, Ermənistanın yalnız regiondaxili deyil, həm də qlobal siyasi gündəmdə İranla həmrəy görünmək istədiyinə işarə edir. Lakin bu, gerçəkdə səmimi əməkdaşlıq deyil, vasitəçilik iddiası ilə özünü əhəmiyyətli göstərmək cəhdidir. Ermənistan üçün əsas məsələ İranın diqqətini cənubdan şimala – Zəngəzur dəhlizi və Arazboyu kommunikasiya xətlərinin təhlükəsizliyi ilə bağlı proseslərdən yayındırmaq, yaxud bu sahədə müəyyən təsir qazanmaqdır.

Ermənistan diplomatiyası İranla danışıqlar apararaq sanki Tehrana “biz sizinlə tərəfdaşıq, sərhədlərinizi qorumaq bizə də vacibdir” mesajı verməyə çalışır. Lakin burada diqqət çəkən əsas sual budur: Ermənistan bu prosesdə özü nə təklif edir? Təhlükəsizlik təminatımı? Diplomatik dəstəkmi? Yoxsa sadəcə İranın beynəlxalq arenadakı təklənməsindən və hazırkı Yaxın Şərq gərginliyindən istifadə edərək onun vasitəsilə öz “hüquqsuz ambisiyalarını” müdafiə etməkmi?

Bu suallara cavab vermək üçün Ermənistanın yaxın keçmişdəki İran siyasətinə nəzər salmaq kifayətdir. Azərbaycan torpaqları işğal altında olarkən Ermənistan İrana dəfələrlə yalançı vədlərlə çıxış edərək Zəngəzurda sabitlik yaradacağını, regionda İran üçün enerji və nəqliyyat keçidlərini təmin edəcəyini vəd etmişdi. Lakin praktikada İranın qaz ixracı, nəqliyyat xətləri və regional ticarəti Ermənistan ərazisindən keçə bilməyib, Ermənistan isə İranla Azərbaycanın əməkdaşlığını sabotaj etməyə çalışıb.

2020-ci ildən sonra isə reallıq dəyişib: Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Zəngəzur dəhlizi real geosiyasi layihəyə çevrilib, İran bu layihədən dolayı fayda əldə etmək şansına malik olub. Ermənistan isə indi bu reallığı kölgələmək üçün İranı manipulyasiya etməyə çalışır. Lakin Tehran artıq bu “diplomatik oyunları” yaxşı tanıyır.

İran üçün Ermənistanla təhlükəsizlik əməkdaşlığına getmək iki təhlükə yaradır:

1. Regional ziddiyyətlərin içərisinə çəkilmə riski – Ermənistanın İranla yaxınlaşması onu Azərbaycanla qarşı-qarşıya qoyur, halbuki İran üçün Şimal-Cənub nəqliyyat marşrutu, enerji əməkdaşlığı və təhlükəsizlik baxımından Azərbaycan daha real tərəfdaşdır.

2. Qlobal səviyyədə təzyiqlərin artması – İran AEBA, ABŞ və İsrail qarşısında artıq ciddi nüvə təzyiqi altındadır. Ermənistanla əməkdaşlıq görüntüsü bu təzyiqləri daha da dərinləşdirə və İrana qarşı Qərb konsolidasiyasına yeni bəhanə yarada bilər.

Ermənistanın İrana ehtiyac duyması onun zəifliyinin, İranın isə Ermənistana ehtiyac duymaması isə Tehran diplomatiyasının praqmatikliyinin göstəricisidir. Tehran əgər strateji baxışını qoruyub saxlayırsa, Ermənistanın “geosiyasi tələsi”nə düşməməli və onun vasitəsilə Azərbaycanla münasibətləri pozmamalıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Tehran  


Bizi "telegram"da izləyin