“Yeni nəsil təyyarə Türkiyə üçün böyük qürur mənbəyidir” - Ahmet Akyol

2025/06/2025--1750229548.jpg
Oxunub: 409     10:28     18 İyun 2025    
ASELSAN baş direktoru Ahmet Akyol Türkiyənin hazırladığı beşinci nəsil döyüş təyyarəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Bu təyyarə havada sensorlar və proqram təminatı daşıyan böyük bir maşın kimidir”, - deyə Akyol qeyd edib.

O, təyyarədə istifadə edilən bütün elektron sistemlərin, sensorların və proqram təminatının ASELSAN tərəfindən hazırlandığını vurğulayıb.

Akyol inkişaf etdirilən radarın eyni vaxtda çoxlu hədəf izləmə, uzun mənzilli nişan alma və Radioelektron Mübarizə (REM) qabiliyyəti ilə oyun dəyişdirici olduğunu, radara inteqrasiya olunmuş REM sistemlərinin də müasir təhlükələrə qarşı təsirli olduğunu bildirib.

Təyyarədə, həmçinin yerli rabitə sistemləri, pilotlu-pilotsuz hava platformaları arası məlumat bağlantısı (IVDL), aşağı radara görünmə təmin edən elektro-optik sistemlər və radar söndürüldükdə işləmə qabiliyyətini təmin edən IRST sistemləri var.

Akyol bildirib ki, TULGAR pilot dəbilqəsi 360 dərəcə döyüş sahəsi məlumatlılığını təmin edir.

Təyyarənin bütün bu qabaqcıl elektron sistemlərlə yanaşı, HGK, LGK və TOLUN kimi yerli sursatlarla təchiz edildiyini bildirən Akyol ilk dəfə beynəlxalq müştəri ilə razılaşma əldə edildiyini və bu texnologiyalara qlobal etibarın olduğunu vurğulayıb.

“Bu uğur Türkiyə müdafiə sənayesinin beynəlxalq etimad qazanmasının göstəricisidir”, - deyə o bildirib.

Akyol əlavə edib ki, yeni nəsil təyyarə Türkiyə üçün böyük qürur mənbəyidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TULGAR   ASELSAN  


Bizi "telegram"da izləyin