Türkiyə Ordusuna TRLG-230 lazerlə idarəolunan raket sistemi təhvil verilib

2025/06/1749459378.jpg
Oxunub: 460     15:55     09 İyun 2025    
Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı inventarına ROKETSAN istehsalı olan TRLG-230 Lazerlə İdarəolunan Raket sistemlərinin yeni partiyasının daxil edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, təhvil verilən raketlərin dəqiq sayına dair məlumat paylaşılmasa da, bu inkişaf Türkiyə Silahlı Qüvvələrinin yüksək dəqiqlikli və uzun mənzilli zərbə qabiliyyətini artırmaq baxımından əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.

TRLG-230 ROKETSAN tərəfindən hazırlanmış və xüsusilə “Bayraktar TB2” kimi PUA platformaları ilə koordinasiyada işləyə bilən müasir bir sursat olaraq diqqət çəkir. 2020-ci ildəki Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən fəal şəkildə istifadə olunan bu raket lazerlə işarələnmiş hədəfləri yüksək dəqiqliklə vurma qabiliyyəti ilə müharibənin gedişatını dəyişdirən sistemlərdən biri kimi yadda qalmışdı.

Texniki xüsusiyyətlər və imkanlar

ROKETSAN-a görə TRLG-230-un texniki xüsusiyyətləri aşağıdakılardır:

Mənzil: 20-70 km
Çap: 230 mm
Ağırlıq: təxminən 210-215 kq
Dairəvi Sapma Ehtimalı (CEP): ≤ 2 metr


Raketin idarəolunması üçün INS, GPS və terminal mərhələdə işə düşən lazer axtarıcı başlıq birləşdirilərək həm sabit, həm də hərəkətli hədəflərə qarşı yüksək dəqiqlik təmin edilir. Hərbi başlığı isə yüksək partlayış təsirli və polad qəlpəli şəkildə dizayn olunub.

Sistem həm ROKETSAN istehsalı olan Yaylım Atəşli Reaktiv Sistemləri (YARS), həm də digər uyğun buraxılış qurğuları ilə inteqrasiya edilərək sahədə taktiki elastiklik təqdim edir. Bu xüsusiyyətlər TRLG-230-u müasir əməliyyat doktrinasının mühüm tərkib hissəsinə çevirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TRLG-230  


Bizi "telegram"da izləyin