ABŞ Tayvana F-16V qırıcılarının təhvilini gecikdirir

2025/06/1749458151.jpg
Oxunub: 418     16:35     09 İyun 2025    
Amerika Birləşmiş Ştatlarının Tayvan administrasiyasına təhvil verəcəyi 66 ədəd F-16V qırıcı təyyarəsinin göndərilməsində ciddi gecikmələr yaşanır. Planlaşdırılmış qrafiklə müqayisədə bu il daha az sayda təyyarənin təhvil veriləcəyi bildirilir.

Ordu.az xəbər verir ki, tayvanlı hərbi mənbələrə əsaslanan yerli xəbərlərə görə, təhvilin 2026-cı ilin sonunadək tamamlanması hələ də əsas hədəf olaraq qalır. Lakin Tayvan Hərbi Hava Qüvvələri sistem inteqrasiyası ilə bağlı problemlərin istehsal və təhvil prosesini yavaşlatdığını təsdiqləyib.

F-16V-lər F-16C/D platformasının modernləşdirilmiş versiyasıdır və inkişaf etmiş yerüstü hədəflərə zərbə imkanlarına malikdir. Lakin bu təkmilləşdirmələrin əlavə sınaq və proqram təminatı inteqrasiyası tələb etməsi istehsal prosesinə gözlənilməz texniki çətinliklər əlavə edib.

Gecikmələr səbəbilə amerikalı podratçı şirkət iki layihə rəhbərini dəyişib. Tayvan tərəfi də istehsal prosesini daha yaxından izləmək üçün əlaqələndirici zabitini yenidən təyin edib. ABŞ Hərbi Hava Qüvvələrinin isə artıq istehsalçı şirkətdən hər ay mütəmadi irəliləyiş hesabatı tələb etdiyi bildirilib.

Mart ayının sonuna qədər yalnız bir ədəd F-16V təyyarəsinin təhvil verildiyi qeyd olunur. Tayvanlı rəsmilər istehsal prosesinin əvvəlcə gözlənildiyindən yavaş irəlilədiyini etiraf etsələr də, qarşıdakı bir ildən çox müddətdə bütün sifarişin tamamlanacağına hələ də ümidlə yanaşırlar.

“Sifariş böyük rəqəmi əhatə etmir. ABŞ tərəfi istehsal sürətini artıra bilsə, hədəfə çatmaq mümkündür”, - deyə tayvanlı bir hərbçi qeyd edib. Lakin təhvil cədvəlinə əməl olunub-olunmayacağı istehsalçı şirkətin sistem inteqrasiyası problemlərini nə qədər tez həll edə bilməsindən asılı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan   F-16V  


Bizi "telegram"da izləyin