TRLG-230 Lazerlə İdarəolunan Raketi 60 km məsafədə hədəfi dəqiq vurur – O, Azərbaycanla Ukraynaya da ixrac edilib (FOTOLAR)

2025/06/1749457838.jpg
Oxunub: 907     10:29     11 İyun 2025    
ROKETSAN tərəfindən hazırlanan və ixracatda da uğur qazanan TRLG-230 Lazerlə İdarəolunan “Yer-Yer” Raket Sistemi 60 kilometrlik mənzildə hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına sahibdir. Lazerlə hədəf işarələmə texnologiyası sayəsində PUA-ların da daxil olduğu birgə əməliyyatlara şərait yaradır.

Ordu.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu sistem artıq Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib.

Əməliyyat necə aparılır

Ən yüksək dəqiqliklə atış PUA-ların iştirakı ilə həyata keçirilir. Əməliyyat sahəsi PUA-lar vasitəsilə müşahidə olunur, hədəflər təyin edilir və lazerlə işarələnir. TRLG-230 raketinin maksimum mənzili 60 km-dən çoxdur və lazer axtarıcı başlığı ilə çox dəqiq atışlar edə bilir.

Ümumi çəkisi 210 kiloqram olan raketin idarəolunması həm GPS, həm də GNSS dəstəkləyən ətalətli naviqasiya sistemi ilə həyata keçirilir. Döyüş başlığı kimi parçalanan və polad qəlpələrdən ibarət kombinə edilmiş quruluşdan istifadə olunur. Döyüş başlığının çəkisi 50 kiloqramdır. Başlıq tipi toqquşma və yaxınlıqda işə düşmə prinsipi ilə işləyir. Atış isə xüsusi nəqliyyat vasitəsi üzərindən reallaşdırılır.


Azərbaycan və Ukraynaya ixrac edilib

TRLG-230 2020-ci ildə Türk Silahlı Qüvvələrinin inventarına daxil edilib, sonradan isə Azərbaycana da ixrac olunub.

Son aylarda Ukrayna Ordusu tərəfindən yayımlanan görüntülərdə 49-cu Artilleriya Briqadası cəbhə xəttində yerləşdirilmiş TRLG-230 sisteminə aid fotolar yayımlayıb. Sistemin istifadə etdiyi nəqliyyat vasitələrinin BMC istehsalı olması diqqət çəkib.


İHA-230 silahı

Bu raketin fərqli bir modeli də İHA-230-dur. PUA-lardan atıla bilən bu raket gündüz və gecə əməliyyatları üçün istifadə oluna bilər. Sabit quru və dəniz hədəfləri, hava hücumundan müdafiə sistemləri, yüngül zirehli vasitələr, komanda mərkəzləri və kritik obyektlərə qarşı yüksək təsirliliyə malikdir.

Əməliyyat məsafəsi raketin atıldığı sürət və hündürlükdən asılı olaraq 150 km və daha çox ola bilər. Raketin müxtəlif hədəf növləri üçün fərqli döyüş başlığı variantları mövcuddur.


Sistem PUA-dan ayrılmamışdan əvvəl atışa hazır vəziyyətə gətirilir. Buraxıldıqdan sonra müəyyən müddət sərbəst düşərək bərk yanacaq mühərrikini avtomatik şəkildə işə salır.

İHA-230 GNSS dəstəyi ilə ətalətli yönləndirmə qabiliyyətinə malikdir və siqnal qarışdırıcı sistemlərə qarşı tədbirlərlə təchiz olunub. Sistem “at-unut” xüsusiyyəti ilə işləyir və düşmən ərazisinə daxil olmadan yüksək dəyərli hədəflərin məhv edilməsinə imkan yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRLG-230   Türkiyə  


Bizi "telegram"da izləyin