Bu tarixi nailiyyət Türkiyənin “Milli Kosmos Proqramı” hədəflərinə gedən yolda strateji bir mərhələni keçdiyini və kosmosa müstəqil çıxış qabiliyyəti istiqamətində böyük bir addım atdığını təsdiqlədi.
Qlobal miqyasda bir ilk
Türkiyənin mülki kosmos proqramı üçün həlledici əhəmiyyət daşıyan hibrid raket mühərrikləri sahəsində uzun müddətdir çalışmalar aparan “DeltaV” son sınaqla qlobal miqyasda bir ilkə imza atdı. Uğurla həyata keçirilən buraxılış həm əldə edilən yüksəklik rekordu, həm də test olunan alt sistemlərin performansı ilə Türkiyəni bu texnologiyada öncül ölkələr sırasına daşıdı.
Bu sınağın əhəmiyyəti yalnız texniki uğurla məhdudlaşmır, o, eyni zamanda Türkiyənin kosmik yarışdakı iddiasını və qabiliyyətini nümayiş etdirməsi baxımından böyük strateji məna daşıyır.
Hibrid raketlərin üstünlükləri
Hibrid raketlər həm maye, həm də bərk yanacaqlı sistemlərin üstünlüklərini birləşdirərək daha təhlükəsiz, sərfəli və idarəolunan texnologiya təqdim edir. Alovlanmanın dayandırılıb yenidən başladılması kimi imkanlar xüsusilə Ay səthinə yumşaq eniş kimi mürəkkəb və həssas missiyalar üçün həyati əhəmiyyət daşıyır.
Bu baxımdan, həyata keçirilən bu sınaq Türkiyənin Ay səfəri hədəfi başda olmaqla, planetlərarası missiyalar və peyk buraxılış sistemlərinin hazırlanması vizyonunda əsas mərhələlərdən birini təşkil edir.
Rəsmi açıqlama: inam, mühəndislik və əzm
Uğuru ictimaiyyətə açıqlayan Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sınağın Türkiyə üçün daşıdığı dərin mənaya diqqət çəkib. Görgün bu nailiyyətin yalnız texniki mərhələ deyil, həm də milli vizyonun bir simvolu olduğunu vurğulayıb:
“Bir millətin iradəsi göylərə yazıla bilərmi? Bəli, yazılar. İnamla, mühəndisliklə, əzmlə… “DeltaV”nin yerli və milli hibrid raket sistemi ilə əldə etdiyi yüksəklik yalnız texniki bir nailiyyət deyil, bu torpaqlardan doğan bir vizyonun, müstəqil kosmos yürüşünə çevrilən bir inancın açıq elanıdır”.
O, bu uğurun Türkiyənin öz raket sistemlərini inkişaf etdirən lider ölkələrdən biri olduğunu göstərdiyini qeyd edərək əlavə edib:
“Bu uğurlu sınaq ölkəmizin öz raket sistemlərini inkişaf etdirən öncül ölkələrdən biri halına gəldiyini sübut edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu iradə və vizyonla “Milli Texnologiya Hərəkatı”mız qətiyyətlə irəliləyir”.
Milli Kosmos Proqramı çərçivəsində atılan nəhəng addım
Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən verilən açıqlamada sınağın çoxqatlı hədəflərə çatdığı vurğulanıb:
“DeltaV” tərəfindən hazırlanan iki mərhələli hibrid raket sistemi ilə həyata keçirilən sınaqda 200+ km yüksəkliyə çatılaraq hibrid raket mühərrikləri ilə əldə edilən yüksəklik rekordu qırıldı. Sınaq çərçivəsində bir çox çətin hədəf uğurla yerinə yetirildi. Bu uğur yalnız ölkəmiz üçün deyil, həm də hibrid raket texnologiyaları baxımından qlobal səviyyədə öncül bir inkişaf xarakteri daşıyır”.
Açıqlamada həmçinin bildirilib ki, hazırlanan bu kritik sistem “Milli Kosmos Proqramı” hədəfləri çərçivəsində gələcəkdə daha inkişaf etmiş missiyaların qapısını açır.
Müdafiə və raket texnologiyasına təsirləri
Bu mülki yönümlü uğurun arxasında Türkiyənin müdafiə sənayesi üçün də oyun dəyişdirici potensiallar yatır.
Hibrid raket texnologiyasının ikili təyinatlı mahiyyəti bu bacarığın hərbi sahəyə birbaşa əks olunacağını göstərir:
Yeni Nəsil Raket Sistemləri: 200+ km yüksəkliyə çatan bir itələmə sistemi çox daha uzaq mənzilli strateji raket sistemlərinin əsasını təşkil edə bilər. Daha önəmlisi, hibrid mühərriklərin uçuş zamanı güc tənzimləmə qabiliyyəti standart trayektoriyalardan çıxan, proqnozlaşdırılması və hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alınması çətin olan yeni nəsil raketlərin hazırlanmasına imkan verir. Bu texnologiya eyni zamanda gələcəyin hipersəs silah sistemləri üçün də kritik hesab olunur.
Strateji Avtonomluq və Kosmosa Müstəqil Çıxış: Bu sınaq Türkiyənin hərbi kəşfiyyat, müşahidə, rabitə və erkən xəbərdarlıq peyklərini öz imkanları ilə orbitə yerləşdirməsinə yol açacaq buraxılış sistemlərini hazırlamaq istiqamətində böyük bir sıçrayışdır. Kosmosa müstəqil hərbi çıxış bir ölkənin strateji suverenliyini ən yüksək səviyyəyə qaldıran və çəkindirici gücünü artıran əsas faktorlardandır.
Əməliyyat Təhlükəsizliyi və Logistik Üstünlük: Ənənəvi bərk yanacaqlı raketlərdən fərqli olaraq, hibrid raketlərin yanacaq və oksidləşdiricisi ayrı saxlanıldığı üçün istehsal, daşınma və istifadə mərhələlərində daha təhlükəsizdir. Bu isə həm qəza riskini azaldır, həm də əməliyyat çevikliyi və maliyyət üstünlüyü təmin edir.
Artan Çəkindiricilik: İnkişaf etmiş raket texnologiyasına və kosmosa çıxış qabiliyyətinə sahib olmaq özü-özlüyündə bir strateji çəkindiricilik faktorudur. Potensial düşmənlərə Türkiyənin yüksək texnologiyaya əsaslanan müdafiə və hücum bacarıqları olduğu mesajını açıq şəkildə verir.
Bu uğur yalnız bir raketin buraxılması ilə məhdudlaşmır, o, eyni zamanda materialşünaslıq, axın dinamikası, yanma kimyası, avionika və idarəetmə sistemləri kimi onlarla qabaqcıl texnologiya sahəsində qazanılan bilik və təcrübənin bariz göstəricisidir.
Bu bilik bazası və təcrübə müdafiə sənayesindəki digər layihələrə (hava hücumundan müdafiə raketləri, gəmi əleyhinə raketlər, dəqiq idarə olunan sursatlar və s.) ötürülərək ümumi texnoloji sıçrayışa səbəb olacaq.
Sevinc Əliyeva
Ordu.az