“Belaya”, “Olenya” və “Ivanovo” aviasiya bazalarında gündüz vaxtı baş verən partlayışlar Rusiyanın dərinliklərində gerçəkləşdi. Lakin hücumun ən diqqətçəkən tərəfi texniki koordinasiya və əməliyyat mürəkkəbliyi səviyyəsi oldu. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Operation Spider Web” (“Hörümçək Toru Əməliyyatı”) adı ilə apardığı bu əməliyyat təxminən 18 aylıq hazırlıq prosesinin məhsulu idi. Bu planlı hücumun mərkəzində isə təxminən 20 il əvvəl yaradılmış “ArduPilot” adlı açıq mənbəli uçuş idarəetmə proqramı dayanırdı.
Yaradıcıları inanmadı
“ArduPilot”un yaradıcıları belə hücumun gerçəkləşdiyinə inanmaqda çətinlik çəkdi. Proqram təminatının qurucularından Kris Anderson hücum görüntülərinin yer aldığı bir paylaşımın altında “LinkedIn”də yazdığı şərhdə bildirdi: “Bu “ArduPilot”dur, 18 il əvvəl mənim zirzəmimdə başlamışdı. Dəlilikdir”. Digər qurucu ortaq Jason Şort isə “X” platformasında yazdı: “Bir milyon il keçsə də bu nəticəni təxmin edə bilməzdim. Mən sadəcə uçan robotlar düzəltmək istəyirdim”.
LEGO-dan müharibə texnologiyasına

“ArduPilot”un hekayəsi olduqca qeyri-adi olub. Hər şey 2007-ci ildə Kris Andersonun “DIYdrones.com” adlı veb saytını qurması və bir “Lego Mindstorms” dəsti ilə ilk pilotsuz hava aparatı avtopilot sistemini sınaqdan keçirməsi ilə başladı. Bu sınaq zamanla dünya miqyasında hobbist və peşəkar PUA istifadəçilərinin qatıldığı açıq mənbəli proqram təminatı icmasına çevrildi.
2009-cu ildə “ArduPilot”un ilk versiyası təqdim edildi. Proqram zamanla inkişaf etdi, qlobal könüllü icmanın töhfəsi ilə bugünkü elastik və güclü formasına çatdı. “ArduPilot” bu gün yalnız PYUA-ları deyil, sabit qanadlı təyyarələr, qayıqlar, sualtı qayıqlar və hətta insansız quru platformalarını da idarə edə bilən geniş miqyaslı bir sistem halına gəlib.
Layihə sülhpərvər məqsədlərlə istifadə üçün nəzərdə tutulan avtonom sistemləri təşviq etsə də, Ukraynanın bu proqram təminatını hərbi hücumda uğurla istifadəsi açıq mənbəli texnologiyanın potensial sərhədlərini də göz önünə sərdi. Maraqlı detal odur ki, “ArduPilot”un rəsmi saytının 2023-cü il üzrə analizləri həm Ukraynadan, həm də Rusiyadan yüksək ziyarət trafiki qeydə alındığını göstərir.
Açıq mənbə Rusiya ordusunu silkələdi
Ukraynanın ötən günlərdə Rusiyanın dərinliklərinə qarşı həyata keçirdiyi yüksək koordinasiyalı PUA hücumu yalnız strateji hədəfləri vurmaqla kifayətlənmədi, müasir müharibə anlayışında da yeni bir dönüş nöqtəsi yaratdı. Kiçik, kommersiya sinfinə aid PUA-ların ciddi hərbi gücə çevrilə biləcəyi bu hücumla bir daha ortaya çıxdı.
Digər tərəfdən bu, Ukraynanın ilk dəfə istehlakçı səviyyəli sistemlərlə müharibə aparması deyil. Əslində Kiyev rəhbərliyi artıq 10 ildən çoxdur ki, aşağı büdcəli PUA sistemlərini Rusiyaya qarşı uğurla tətbiq edir. Lakin bu son hücum, onlarca fərqli bölgəni əhatə edən, eyni anda hərəkət edən taktiki manevrin bir hissəsi idi və açıq mənbə kodlu bir proqramın logistik baxımdan mürəkkəb bir hücumda nə qədər effektiv ola biləcəyini ortaya qoydu.
“ArduPilot”un mövcud inkişaf etdiriciləri proqram təminatının silah sistemlərinə çevrilməsini qəsdən dəstəkləməyəcəklərini bəyan edirlər. Lakin bu sadəcə niyyət ifadəsidir. Axı “ArduPilot” kommersiya məhsulu deyil, istənilən şəxs tərəfindən yüklənə, dəyişdirilə və yenidən paylaşıla bilən açıq mənbəli bir proqram təminatıdır.
Sahədəki reallıq isə çox aydındır: bu proqram təminatı milyonlarla dollar dəyərində strateji bombardmançı təyyarələri məhv etmək üçün istifadə olunur. Və bunun xərcləri gülünc dərəcədə aşağıdır. Çünki rus hərbi bloq yazarlarının “Telegram” paylaşımlarına görə, bu PUA-lar “ArduPilot” işlədən kiçik kompüterlərə (məsələn, “Raspberry Pi” tipli cihazlara) bağlı idi və əlaqə Rusiyadakı mobil şəbəkələr vasitəsilə qurulurdu.
Bu arada, Rusiyanın hava bazalarına edilən hücumun ən təəccüblü yönlərindən biri də odur ki, hədəf alınan bombardmançı təyyarələr təxminən 30 ildir eyni şəkildə – açıq havada və sıra ilə dayanmış vəziyyətdə park olunmuşdu. Onlar hətta bir anqarda belə deyildilər. Bu fakt Ukraynanın hücumu planlamasını və icrasını asanlaşdıran ciddi bir kəşfiyyat və təhlükəsizlik boşluğunu göstərir.
Dəyanət Ağalarlı
Ordu.az