FSB-nin məlumatına əsasən, yeniyetmələr planlarını həyata keçirmək üçün “Telegram” platformasında qapalı qrup yaradıb və orada partlayıcı maddələrin, kustar üsulla hazırlanmış odlu silahların düzəldilməsi ilə bağlı materiallar və fayllar paylaşıblar. Həmin qrupda eyni zamanda terror aktlarının həyata keçirilməsi və hüquq-mühafizə orqanlarından gizlənmə yolları ilə bağlı təlimatlar yayılıb.
Həbs edilən yeniyetmələr həmin “Telegram” qrupunda terrorçuların xeyrinə təbliğat aparıblar. Onlardan birinin üzərində kustar üsulla düzəldilmiş odlu silah və partlayıcı vasitə aşkar edilib. FSB-nin yaydığı məlumata görə, üç yeniyetmə barəsində bir neçə maddə ilə cinayət işi açılıb, istintaq davam edir.
FSB-nin bu məlumatı Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın daxilində uğurla həyata keçirdiyi “Hörümçək Toru” əməliyyatından cəmi beş gün sonra yayılıb. Kiyev rəsmi şəkildə təsdiq edib ki, əməliyyat Rusiya ərazisində həyata keçirilib. Belə bir əməliyyatın uğurla reallaşdırılması Ukraynanın Rusiya daxilində “beşinci kolon”unun mövcudluğuna işarə edir.
Luqansk vilayəti beynəlxalq hüquqa görə Ukraynanın suveren ərazisidir. Lakin 2014-cü ildən etibarən onun böyük bir hissəsi Rusiya tərəfindən ələ keçirilib və separatçılar vasitəsilə idarə edilir. Yeniyetmələrin həbs olunması bir daha göstərir ki, Ukraynanın casus şəbəkəsi təkcə Rusiyanın mərkəzində deyil, hətta Donbasın işğal altındakı bölgələrində də mövcuddur. Bu fakt FSB-nin peşəkarlığına ciddi zərbə kimi qiymətləndirilə bilər.
Amma daha mühüm olan bu hadisənin siyasi təhlilidir. Rusiya prezidenti Vladimir Putin “xüsusi hərbi əməliyyat”ın əsas məqsədi kimi Donbas bölgəsində yaşayan rus və rusdilli əhalinin hüquqlarının müdafiəsini göstərmişdi. Moskvanın rəsmi təbliğatı bildirir ki, Rusiya guya Donbası, Xerson və Zaporojye bölgələrini Kiyev rejiminin “neonasist” təsirindən azad edir. Reallıqda isə tam əks mənzərə formalaşır: Donbasda hətta yeniyetmələr belə ruslara qarşı silahlı müqaviməti təbliğ edən qapalı qruplar yaradır.
FSB yəqin ki, Ukraynanın “Hörümçək Toru” əməliyyatının Rusiya cəmiyyətində yaratdığı şok effekti dağıtmaq istədi, amma nəticə “yenə də əvvəlki kimi” oldu. Luqanskda üç yeniyetmənin həbs olunması faktiki olaraq Ukraynanın diplomatik ritorikasını gücləndirmiş oldu: separatçıların nəzarət etdiyi bölgələrdə yerli əhali onları tanımır və orada heç bir legitim referendum keçirilməyib.
Asif Cəfərov
Ordu.az